ALİMLƏRDƏN ŞOK İXTİRA: Səhra şəraitində havadan su almağa imkan verən qurğu hazırlandı

Baxış sayı:
3724

Haqqında söhbət gedən tapıntı təmiz içməli su qıtlığı yaşayan 2,1 milyard insanın həyatını ciddi şəkildə dəyişə bilər. Kaliforniyanın Berkli Universitetindən olan bir qrup alim səhra şəraitində havadan içməli suyun alınması üzrə eksperimental tədqiqatı uğurla başa çatdırıblar.
Belə ki, şəffaf plastik qutuya yerləşdirilmiş metalloorqanik tərkibli, məsaməli materialdan düzəldilən qurğu gecə atmosferdəki su buxarlarını özünə hopdurur, gündüz isə günəş istiliyinin təsirindən qurğunun süngərəbənzər qatında toplanmış su yenidən buxara çevrilməklə, kondesasiya olunaraq təkrar maye halındakı suya çevrilir və xüsusi rezervuara yığılır.
Alimlər ABŞ-ın Arizona ştatında qurğunun eksperimental modelini sınaqdan keçirərək 7 unsiya su əldə edə biliblər. Bu həcm kimi az görünsə də, tədqiqatı aparanlar eyni prinsiplə işləyə bilən böyük qurğuların hazırlanmasında heç bir problem olmadığını qeyd edirlər.
Qurğunun əsas üstünlüklərindən biri də heç bir enerji və əlavə xərc tələb etməməsidir. Qurğunun əsas hissəsi olan metalloorqanik material əlvan metaldan və karbonun üzvi birləşmələrindən hazırlanır. Bu, materiala yüksək su molekulları hopdurmaq qabiliyyəti verməklə, havadakı su kondensatını effektiv toplamağa imkan verir. 
Qurğunun hazırda bir çatışmayan cəhəti var ki, bu da hazırkı modeldə bahalı sirkoniumdan istifadə edilməsidir. Amma mütəxəssislər bunu ucuz aliminiumla əvəz etməyin yolları üzərində işləyirlər.  
Onu da qeyd edək ki, hesablamalara görə ilin istənilən fəslində atmosferdə təqribən 13 sekstrillyard su ehtiyyatı dolaşır. Bu suyun insan ehtiyaclarına yönəldilməsi bəşəriyyətin hazırkı və gələcəkdəki bir çox probleminin köklü şəkildə həll edilməsi deməkdir.
 
Fotoda: Atmosferdən içməli su almağa imkan verən eksperimental qurğu
 
 Hazırladı: H.Rüstəm