Məktəb direktorları və müəllimlərə danışmaq qadağası qoyulub?

Baxış sayı:
1453

Orta məktəb direktorları, müəllimlər mediaya danışmağa sanki qorxurlar. Bəzi iddialara görə, yuxarı qurumlardan direktor və müəllimlərə danışmaq qadağası qoyulub.

Mövzu ilə bağlı elm və təhsil eksperti Elçin Muradla maraqlı fikirlər bildirib:

Ekspert bildirib ki, məktəblərdəki problemli məsələlər gündəmə gətirilməlidir:

“Bəzən direktorlar müəllimlərə danışmağa qadağa qoyurlar, amma özləri də bundan qaçırlar. Bu məktəbdə baş verən problemlərin gündəmə gəlməməsi və direktorların vəzifələrinin təhlükə altına girməməsi ilə bağlıdır. Elm və Təhsil Nazirliyi hansısa qadağa qoya bilməz. Qadağa qoyulsa belə, buna səbəb bəzi məsələlərin gündəmə gəlməsinin istənilmədiyi üçün ola bilər.
Amma problemli məsələlər müəyyən qədər gündəmdə olmalıdır. Bunlar məktəblərdə nizam-intizam, tədrisin vəziyyəti, dərs yükünün necə bölüşdürüldüynə aid məslələrdir. Qeyd etdiyim məsələlər gündəmə gətirilməli, danışılmalı və problemlər varsa, həll edilməlidir”.

E.Murad bildirib ki, bu gün orta məktəblərdə eyni problemləri görürük:

“Müəllimlər və direktorlar problemləri dilə gətirməkdən çəkinir. Buraya orta məktəblərdə şagirdlərin idarəçiliyini, yerli-yersiz səbəbdən pul yığılmasını, tədris sisteminin aşağı olmasını, bəzi müəllimlərin dərs yükünün həddindən çox olmasını aid etmək olar. Düşünün ki, dərs yükü çoxdur, amma dərsi tədris etmək üçün vaxt kifayət eləmir. Bir dərs 45 dəqiqə çəkir, bu vaxt ərzində müəllim jurnal yazmalı, şagirddən dərs soruşmalı və yeni dərsi izah etməlidir. Bakıətrafı məktəblərə baxanda görürük ki, normalda sinifdə 20 şagird olmalıdır, amma 30-35 nəfər əyləşib. Hər şagirdə 1 dəqiqə ayıranda, geriyə 10-15 dəqiqə qalır. Bu vaxt ərzində müəllim jurnal yazmalı və yeni dərsi izah etməlidir. Bu da qeyri-mümkündür. Bunlar üzərində dayanılası ciddi məsələlərdir”.