“İnsanlara yaxşılıq etdikdə xoşbəxt oluram” – LEYLA ÇAQELİŞVİLİ

Baxış sayı:
271

“Öz insanlarımızın yanında olmaqdan, kömək etməkdən, onları sevməkdən qürur duyuram”

Müsahibimiz siyasətçi, dövlət xadimi deyil. Amma təmsil etdiyi cəmiyyətdə əksər siyasətçilərdən, dövlət xadimlərindən daha çox hörmət sahibidir. Onu tanıyan hər kəs barəsində yüksək fikrə malikdir. Şübhəsiz, məhz bu keyfiyyətləri bizi onunla söhbət etməyə, daha yaxından tanımağa və tanıtdırmağa vadar etdi.
Söhbət Leyla Çaqelişvilidən, obrazlı şəkildə ifadə etsək, “Borçalının Leylası”ndan gedir. O Leyladan ki, əmək fəaliyyətini Borçalıdakı soydaşlarımıza köməyə, yardıma həsr edib və hazırda da bu xeyirxah missiyasını davam etdirir.

- Leyla xanım, sizi oxucularımızın daha yaxından tanıması üçün ilk olaraq özünüz haqda bir qədər geniş məlumat vermənizi xahiş edərdik…
- Mən 1957-ci ilin 2 fevralında Bolnisidə anadan olmuşam. Elə burada da orta məktəbə getmişəm. Sonra Bakı şəhərində Bakı Dövlət Universitetində biologiya üzrə ali təhsil almışam. Oranı bitirdikdən sonra uzun müddət müəllimə olaraq fəaliyyət göstərmişəm. Bundan sonra Bolnisidə Tibb Texnikumunda, ardınca da buradakı notariusda tərcüməçi olaraq çalışmışam və bu günədək də çalışıram.
Gürcüstanda Tiflis Universitetinin Hüquq fakültəsi üzrə Suxumu filialında təhsil almışam. 3 oğlum, 5 nəvəm var. Həyat yoldaşım gürcü olub və uzun müddət öncə vəfat edib. Övladlarımı öz qüvvəmlə böyüdüb, boya-başa çatdırmışam. Övladlarım da ali təhsillidir. Çox xoşbəxtəm ki, Gürcüstanda yaşayıram, amma azərbaycanlıyam. Xoşbəxtəm ki, həmişə öz millətimizin yanındayam. Bununla fəxr edirəm.

“Həyat yoldaşım həmişə fəxr edirdi ki, bizim ailəmiz yarı azərbaycanlı, yarı gürcüdür”

- Qeyd etdiniz ki, gürcü millətinin nümayəndəsi ilə ailə qurmusunuz. Səhv etmirəmsə, Borçalıda gürcülərlə azərbaycanlılar arasında evliliklərin sayı o qədər də çox deyil. Mümkünsə, bu barədə danışın, necə oldu gürcü oğlanı sevdiniz və onunla ailə qurdunuz?
- Bir-birimizi sevmişdik. Çox gözəl yoldaşım var idi. Onun da hər zaman azərbaycanlılarla yaxşı əlaqəsi var idi. Mənim millətimə hörmət edirdi. Həmişə fəxr edirdi ki, bizim ailəmiz yarı azərbaycanlı, yarı gürcüdür. Nə mən tərəfdən, nə onun tərəfindən hiss etməmişik ki, biz ayrı-ayrı millətik. Biz ancaq bir-birimizi sevdiyimizə görə bunların heç birini görməmişik, fikir verməmişik. Çox gözəl ailə qurmuşduq. Övladlarım dilimizi təmiz bilirlər. Mənim həyat yoldaşım da dilimizi öyrənmişdi, azərbaycancanı çox yaxşı bilirdi. Həmişə Bakıya gedəndə Bakının əziz qonağı olub.
- Dediniz ki, övladlarınız da dilimizi çox gözəl bilirlər. Yəqin ki, bu sizin təsirinizdir, siz onları belə yetişdirmisiniz…
- Bəli, onlar bilirdilər ki, anaları azərbaycanlıdır, analarına çox hörmət edirdilər. Mənim oğullarım Faxralı kəndində çalışıblar. Biz ailədə bir neçə dildə danışırdıq. Özüm də bir neçə dil bilirəm. Rus dilini də yaxşı bilirlər. Soydaşlarımızla hər zaman ünsiyyət olduğu üçün, onlar dilimizə incəliklərinə qədər bələddirlər. Bolnisi çoxmillətli rayon olduğu üçün burada yaşayarkən bir neçə dili öyrənirsən. Buna görə, övladlarım da ana dillərini də, ata dillərini də gözəl bilirlər.  
- Bəs övladlarınız özlərini hansı millətin nümayəndəsi hesab edirlər?
- Onlar özlərini gürcü hesab edirlər, amma bilirlər ki, anaları azərbaycanlıdır, qohumları azərbaycanlıdır. Və onlar analarının azərbaycanlı olduğunu gizlətmirlər, əksinə, bununla fəxr edirlər.
- Gəlinləriniz də gürcüdür?
- Bəli, onlar mənə öz qızlarım kimidir. O qədər doğmadırlar, heç hiss etmirəm ki, onlar gəlindirlər. Münasibətimiz ana-qız münasibətidir.
- Onlar da bizim dili bilirlərmi?
-Başa düşürlər. Rusiyadan, Azərbaycandan qohumlarımız gələndə onlara çox hörmət edirlər, çox şad olurlar.

“İnsanlara kömək edəndə elə hesab edirəm ki, Allahın və millətimin qarşısında öz borcumu verirəm”

- Leyla xanım, söhbətimizə sizin şəxsi həyatınızdan danışaraq başladıq, amma müsahibəmiz daha çox işinizlə, fəaliyyətinizlə bağlıdır. Hansı ki, xüsusilə də Bolnisi rayonunda yaşayan soydaşlarımız sizin barənizdə hər zaman yüksək fikirdə olublar və bu gün də belədir. Sirr deyil ki, soydaşlarımız arasında gürcü dilini bilənlərin, xüsusilə də yazıb-oxuyanların sayı çox deyil. Məhz bu insanlar sizin dəstəyinizdən hər zaman ürəkdolusu danışırlar. İlk olaraq bir qədər işiniz haqda danışaq…
- İndiki cavanlar gürcü dilini öyrənirlər. Gürcüstanda yaşayırlar, gürcü dilini öyrənirlər. Kəndlərdən gələn yaşlı adamlar isə gürcü dilini, qanunları o qədər də başa düşmürlər. Yaşlı soydaşlarımızla müqayisədə cavanlarımız gürcü dilini öyrənirlər, yazmağı da, oxumağı da yaxşı bilirlər.
Mən tərcüməçilikdən başqa, qanunları da bildiyim üçün onlara yol göstərirəm, onları başa salıram. Mənə Azərbaycandan, Rusiyadan çox zənglər olur. Bilmirəm telefon nömrəmi necə tapırlar, yəqin bilənlərdən alırlar. Məndən soruşurlar ki, bu işi necə etmək lazımdır?.. Mən onlara məsləhət verəndə, insanlara kömək edəndə elə hesab edirəm ki, Allahın və millətimin qarşısında öz borcumu verirəm. Bununla fəxr edirəm.
- Səhv etmirəmsə, siz uzun illərdir ki, bu sahədə çalışırsınız. Maraqlıdır, sizə öz işinizi, peşənizi sevdirən nədir?
- Mən insanlara kömək etməyi çox sevirəm, bundan çox xoşbəxt oluram. Öz insanlarımızın yanında olmaqdan, kömək etməkdən, onları sevməkdən qürur duyuram. Bunu ona görə etmirəm ki, nəsə maddi istəyim var. Mən bunları ona görə edirəm ki, onlar mənim öz dogma millətimdir. Gürcüstan mənim vətənimdir, amma milliyyətim azərbaycanlıdır. Bu, mənim canım-ciyərim, öz millətimdir. Mən fəxr edirəm ki, öz millətimin yanında olmuşam. Nə qədər ki varam, olacağam da. Bu, mənim borcumdur. İndiyə qədər necə olmuşamsa, bundan sonra da elə olacağam.
- Nə vaxtsa peşənizi dəyişmək fikrinə düşmüsünüz?
- Yox, qətiyyən. Sadəcə, çox yoruluram. Ancaq işimi bitirəndən sonra bu yorğunluq canımdan tez çıxır. Ona görə ki, yaxşılıq etmək, xalqa, insanlara kömək etmək, onlara məsləhət vermək, ünsiyyət saxlamaq məni xoşbəxt edir.
Mən Bolnisi şəhərində yaşayıram, burada azərbaycanlılar o qədər də çox deyil. Mən işə ona görə sevinə-sevinə gedirəm ki, yenə öz millətimlə görüşəcəyəm, onlara yenə kömək edəcəyəm. Mən də onlardan çoxlu məsləhət alıram. Mənə nə lazımdırsa, onlar da məsləhət verirlər. Mən işə tək işləmək üçün getmirəm. Həm də ona görə gedirəm ki, öz millətimlə əlaqə saxlayacağam, görüşəcəm, qohumlarımı görəcəm. O qədər qohumlarım var idi, onları heç tanımırdım, tanış oldum.
Elə Bakının özündən də Gürcüstandan gedən azərbaycanlılar tez-tez zəng edirlər. Soruşurlar ki, bu işi necə görmək olar?.. Qanunlar tez-tez dəyişir, onlar da mənimlə əlaqə saxlayırlar. Sevinirəm ki, məndən nəsə soruşacaqlar, mənim üçün dua edəcəklər. Onların dua etməsi məni çox sevindirir. Onları sevinə-sevinə yola salmaq da məni sevindirir.
- Uzun illərdir bu sahədəsiniz, Borçalıda yaşayan soydaşlarımızın dövlət dilini mənimsəmək səviyyəsini sizdən yaxşı heç kim bilməz. Bu sahədə 10 il bundan qabaqla indiki vəziyyət arasında nə kimi fərq görürsünüz? Soydaşlarımız gürcü dilini öyrənməyə meyl edirlərmi?
- Gürcülər bizim millətə hörmət edirlər. Çünki bizim millət səmimidir, ürəyiaçıqdır, xoşməramlıdır. Hiyləgər, qəlbiqara deyillər. Üzdə bir cür, arxada başqa cür deyillər. Bir zamanlar millətlərarası xoşagəlməz hadisələr oldu. Amma indi bu kimi hallar yoxdur. İndi soydaşlarımız Bolnisinin özünə gəlirlər. Hamı ilə yaxşı münasibət qururlar. Kəndlərdə yolları düzəldirlər, işıqları, qazları var. Vaxtlı-vaxtında pensiya alırlar. Kəndlərdə kimin maddi imkanı zəifdirsə, onlara yardımar edirlər. Və bu vaxt baxmırlar ki, sən gürcüsən, azərbaycanlısan, russan, hansı millətin nümayəndəsiəsən. O dönəm keçdi. Bir zamanlar millətlər arasında fikirayrılığı var idi. Amma indi belə düşüncə var ki, milli mənsubiyyətin fərqi yoxdur, əsas yaxşı insan olsun. Kimin hansı millətdən olmasının fərqi yoxdur. Əksinə, indi təəssüf edirlər ki, əvvəllər bir sıra xoşagəlməz hadisələr baş verib. Hazırda münasibətlər fərqlidir.

"İndi azərbaycanlılara qarşı münasibət çox yaxşıdır"

- Haqlısınız, bir neçə il öncə svanlarla bağlı da xoşagəlməz hadisələr baş vermişdi, ermənilər aranı qarışdırırdı…
- İndi azərbaycanlılara qarşı münasibət çox yaxşıdır. Hələ mən eşitmişəm ki, gürcülərlə azərbaycanlılar bir-biriləri ilə kirvəlik də edirlər. Svanlar da azərbaycanlılara qarşı çox yaxşı münasibət bəsləyirlər. Bir-birinin toylarına dəvət edirlər, bir kənddə yanaşı yaşayırlar. Ermənilər də artıq aranı qarışdırmırlar. Camaat başa düşdü ki, bu yaxşı sonluq gətirmir. Əksinə, bir-birinə yaxşı münasibətdə olmaq lazımdır. Bəlkə də imkanı olmayan qonşu sənə daha yaxındır, nəinki uzaqdakı qohum. Xalq başa düşdü ki, bir-biri ilə mehriban olmaq lazımdır. Heç kim özünə qarşı ayrı-seçkilik, sıxışdırma hiss etmir. Əksinə çox gözəl yaşayırlar. Çox gözəl ölkəmiz var. Gürcüstanın təbiəti, torpağı elə gözəldir ki, burada dədə-babadan yaşayan azərbaycanlılar da buranı öz vətənləri sayırlar, onlar üçün iki vətən var - Azərbaycan və Gürcüstan. Onlarin milliyyətləri azərbaycanlıdır, amma vətənləri Gürcüstandır. Onun üçün bir-birimizlə yaxşı münasibətdə olmalıyıq, yaxşıyıq da. Hazırda heç bir ayrı-seçkilik hiss olunmur.
- Bu gün çalışdığınız sahədə insanların işinin yüngülləşdirilməsi üçün nələri təklif edərdiniz?
- Bilirsinizmi, pasportları, vəsiqələri vaxtlı-vaxtında dəyişmək lazımdır. Və ya sənəd işlərini bu vəsiqələrin, pasportların qüvvədə olduğu vaxta qədər həll etmək lazımdır. Sonra, məsələn, yaşlılar gərək bilsinlər ki, vaxtında vəsiyyətnamə vermək lazımdır. Öz övladlarına vəsiyyətnamə verən də var, hədiyyə edən də var. Bunları vaxtında etmək lazımdır. Sənəd xoşlayır ki, onu vaxtında düzəldəsiniz.
Bir şeyi də demək istəyirəm, soydaşlarımızın adlarında, soyadlarında yanlışlıqlar olur, onlara vaxtında fikir vermək lazımdır. Özləri oxuya bilmirlərsə, gürcü dilində bilən birinə göstərsinlər ki, adları, soyadları düz yazılıbmı? Hərflər düzgün yazılmadığına görə çətinlik çəkirlər. Buna görə, hər bir sənədi vaxtında düzəltmək lazımdır. Amma cavanlar bu işləri vaxtında edirlər. Köhnə sənədlərdə səhvlik var idi, camaat buna o qədər də fikir vermirdi ki, gürcülər azərbaycanlı adlarını düzmü yazır, səhvmi yazır. O zamanın səhvləri çox idi. İndi cavanlar bu məsələdə daha ayıqdırlar. Ona görə, indi vəziyyət inkişaf edir, irəliləyir.
Sadəcə, hamıdan xahiş edirəm ki, sənədlərini vaxtında düzəltsinlər. Arxayın olsunlar ki, sənədləri qaydasındadır. Mən də necə bacarıramsa yol göstərirəm, kömək edirəm. Dediyim kimi, öz camaatıma kömək edəndə özümü çox xoşbəxt hiss edirəm.
Söhbətləşdi: Asya ŞÜKÜROVA