“BU, BİZƏ QARŞI HÖRMƏTSİZLİKDİR” – Xaricdə təhsil alan tələbələr TKTA-nın qərarına etiraz edir

Baxış sayı:
191

Xaricdə təhsil alan bir qrup tələbə tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Tələbələr Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) qərarına etiraz edirlər:
“Biz, xaricdə təhsil alan bir çox tələbə, qarşılaşdığımız ciddi bir problem barədə diqqətinizi çəkmək istəyirik.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin qərarına əsasən, 2025-ci il üçün xarici universitetlərdən Azərbaycana köçürülmək istəyən tələbələr 30 iyun tarixinə qədər imtahan nəticələrini təqdim etməlidirlər. Lakin bu qərar 2024-cü illə müqayisədə ciddi fərqlilik göstərir. Çünki 2024-cü il üçün sənəd qəbulu 1 avqust tarixinə qədər davam edirdi. Qəfildən qəbul tarixinin 30 gün qabağa çəkilməsi və bu dəyişikliklərin səbəbləri barədə hər hansı bir izah verilməməsi tələbələr və onların ailələri arasında narazılığa səbəb olub.
Qeyd etmək istəyirik ki, 30 iyun tarixinə qədər Təhsildə Keyfiyyət Təminatı Agentliyindən qismən tanınma şəhadətnaməsi alınmadığı təqdirdə tələbələr Azərbaycana köçürülmə sisteminə müraciət etmək hüququndan məhrum qalır. Bu isə bir çox tələbənin təhsil hüquqlarına ciddi şəkildə zərər verir.
Məsələn, hansısa tələbə İzmir şəhərində təhsil alır və onun imtahan nəticələri yalnız 10 iyul tarixində açıqlanacaq. Bu vəziyyət onun vaxtında sənəd təqdim etməsinə imkan vermir. Bununla əlaqədar TKTA- müraciət edərkən isə tələbələrə "get, universitetə bildir ki, nəticəni tez versinlər" kimi qeyri-ciddi və təhqiramiz cavablar verilir. Bu yanaşma tələbələrin və onların ailələrinin haqlı narahatlıqlarını heç bir şəkildə həll etmir və onlara qarşı hörmətsizlik nümayiş etdirir.
Üstəlik, bu qərarın tələbələrin təhsil hüquqlarına ciddi zərər verdiyini düşünürük. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bu qərarının dəyişdirilməsi və ya təqdimetmə tarixinin uzadılması tələb olunur ki, bütün tələbələr bərabər imkanlardan istifadə edə bilsinlər. Bu, təhsil sistemimizin daha ədalətli və şəffaf olmasına kömək edəcəkdir”.
Muxalifet.az    
Redaksiyadan: Mövzunu araşdıracağıq. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin mövqeyini də dərc etməyə hazırıq.