TKTA elan etdiyi vaxtdan əvvəl SİSTEMİ BAĞLADI - Onlarla tələbə qismən tanınma müraciətindən məhrum oldu

Baxış sayı:
263

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bu il xaricdə təhsil alan tələbələrin Azərbaycana köçürülməsi üçün zəruri olan qismən tanınma sənədinə müraciət sistemini 7 iyul saat 18:00-da bağlayacağını rəsmi olaraq elan etmişdi. Lakin gözlənilmədən sistem elan edilən vaxtdan təxminən 15 dəqiqə əvvəl — saat 17:45 radələrində bağlanıb.

Muxalifet.az xəbər verir ki, bu vəziyyət yüzlərlə tələbəni çətin duruma salıb. Onlar həftələrlə sənəd toplayaraq, müraciət üçün son ana qədər hazırlaşdıqları halda, vaxtından əvvəl sistemin bağlanması səbəbilə hüquqlarından məhrum olublar.

Əlavə olaraq, keçən illə müqayisədə bu il müraciət müddəti də xeyli azaldılıb. 2023-cü ildə müraciətlər iyulun sonuna qədər açıq saxlanılmışdı, bu da tələbələrin imtahan nəticələrini əldə etdikdən sonra sənədlərini təqdim etməsinə şərait yaradırdı. Lakin bu il imtahan nəticələrinin hələ açıqlanmadığı bir vaxtda müraciət tarixinin çox məhdud olması, həm də əvvəlcədən elan edilən son tarixdən öncə bağlanması birmənalı qarşılanmayıb.

Qismən tanınma sənədi, xaricdə ali təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi üçün əsas tələblərdən biridir. TKTA-nın rəsmi saytından həyata keçirilən bu prosesin vaxtından əvvəl bağlanması, tələbələrin gələcəyini birbaşa təhdid edən bir addım kimi qiymətləndirilir.

Tələbələr bu vəziyyəti haqsızlıq və hüquq pozuntusu kimi qiymətləndirir. Onların sözlərinə görə, "TKTA bizim haqqımızı yedi. Gecə-gündüz sənəd toplayıb sistemə hazırlaşırdıq, amma dedikləri saatdan əvvəl giriş bağlandı. Bu nə cür rəsmi prosedurdur?"

TKTA qaynar xətti isə tələbələrə bununla bağlı heç bir məlumatı olmadıqlarını bildirir.

Hazırda tələbələr TKTA-dan məsələyə aydınlıq gətirilməsini və sistemin yenidən qısa müddətlik də olsa aktiv edilməsini tələb edirlər. Əks halda, bu qərar onların təhsil planlarını və həyatlarını alt-üst edə bilər.

Muxalifet.az

Redaksiyadan: Mövzunu araşdırırıq, gün ərzində TKTA-nın da mövqeyini dərc etməyə çalışacağıq.