Muxalif partiya hakimiyyəti siyasi məhbusları azad etməyə çağırdı

Baxış sayı:
217

Partiya gənclərə qarşı zorakılıq göstərən polis əməkdaşları barəsində ölçü görülməsi ilə bağlı Daxili İşlər nazirinə də müraciət edib
 
Dünən ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələrə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə İranla İsrail arasında davam edən və hər iki ölkədə ağır itkilərlə müşayət olunan müharibənin region və dünya üçün doğurduğu təhlükədən narahat olduğunu bildirib.
Partiya yetkililəri Ukrayna ilə Rusiya arasında müharibənin acı nəticələrinin bitmədiyi, böyük həcmdə insan itkisinə, dağıntılara yol açdığı, Qəzzada humanitar fəlakətin yaşandığı, günahsız insan qanının axıdıldığı bir vaxtda Orta Şərqi hərbi təlatümə bürüyən İran-İsrail müharibəsinin təkcə iştirakçı dövlətlər üçün deyil, bütün bəşəriyyət üçün ağrılı bir prosesin başlanğıcı kimi dəyərləndirib.
İdarə Heyəti İsrail tərəfindən başladılan bu qanlı müharibənin dayandırılması, yaranmış hərbi qarşıdurmanın danışıqlarla, diplomatik yolla həll edilməsi, üçüncü dövlətlərin müdaxiləsinin qarşısının alınması, beynəlxalq səviyyədə əldə edilən nüvə razılaşmalarına əməl edilməsi üçün dünya dövlətlərinin səylərinin birləşdirlməsinin vacibliyini diqqətə çatdırıb və eyni zamanda hakimiyyəti  güneyli soydaşlarımızın yerləşdiyi ərazilərə hava hücumlarını  durdurmaq üşün İsrail yetkililərinə çağırışlar etməyə çağırıb.
İdarə Heyəti Ermənistan baş naziri N.Paşinyanın Ankara səfəri ətrafında da müzakirələr aparıb və bu səfərin Azərbaycanla Ermənistan arasında münasibətlərin yoluna qoyulmasında, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunmasında, Azərbaycanın sülh sazişi ilə bağlı irəli sürdüyü haqlı tələblərin gerçəkləşməsi və Ermənistanın bu şərtlər daxilində sülh sazişinə qoşulması ilə yeni bir eranın başlanmasına stümul olacağına inamını ifadə edib.
İdarə Heyəti ABŞ rəsmisinin Belarusa səfərindən sonra Lukaşenka hakimiyyətinə real müxalif olan həlledici füqurların həbsdən azadlığa buraxılmasını təqdir edib və Azərbaycan hakimiyyətini də bu yöndə ədalətli mövqe sərgiləməyə, Bakı Ağır Cinayətlər Məhkəməsində barələrində hökm çıxarılan “AbzasMedia” əməkdaşlarının və digər siyasi motivlərlə həbsdə olan şəxslərin azadlığa buraxılması üçün anoloji addımlar atmağa çağırıb.
İdarə Heyəti sosial mediada bir qrup azyaşlı gəncin gənclik ehtirasından və şıltaqlığından doğan səs-küylü hərəkətinə görə polis zorakılığına, təhqir və təzyiqlərə məruz qalması ilə bağlı yayılan məlumatlardan narahat olduğunu bildirib və DİN rəhbəri V.Eyvazovu yeniyetmə uşaqların anlaqsız hərəkətindən sui-istifadə edib onlara qarşı zorakılıq göstərən polis əməkdaşları barəsində ölçü görməyə çağırıb.
İdarə Heyəti son vaxtlar Rusiyanın Altay vilayətində və türklər yaşayan digər əyalətlərdə qubernatorlar tərəfindən onların mülki hüquqlarının kobud şəkildə pozulması faktlarının çoxalması, erməni kökənli vətəndaşların pozucu hərəkətlərinə göz yumulması hallarının ardıcıl xarakter almasından ciddi narahat olduğunu bildirib və hakimiyyət yetkililərini, həmçinin Türk Dövlətlər Təşkilatına daxil olan qardaş ölkə rəsmilərini baş verən etnik ayrı-seçkilik məsələsinə biganə qalmamağa çağırıb.
 
Muxalifet.az