Elektronika şirkətləri müştərilərini necə aldadır... – DİQQƏTLİ OLUN

İllərdir elektronika mağazalarının vətəndaşlara qarşı etdiyi fırıldaqlar adi hal alıb. Son dövrlər isə şikayətlər durmadan artır. Alınan məhsulun xarab çıxmasından tutmuş, işlənmiş məhsulun “yeni” adı ilə satılması, kredit fırıldaqları “Kontakt Home”, “Baku Electronics”, “İrşad Electronics”, “Soliton”, “World Telecom”, “Myshops” və s. bütün şirkətlərdə adi hala çevrilib. Bütün bunların səbəbi var...
Azərbaycanda elektronika mağazalar şəbəkələrinin üzərinə, bütün dünyada olduğu kimi, rəsmi zəmanət öhdəliyi qoyulmur. Bildiyiniz kimi, istər məişət əşyası, istər də mobil telefon, planşet, kompyüter aldıqda markasından asılı olaraq məhsula minimum 1 il, bəzi markalara 2 il, 3 il, 5 il zəmanət verilir. Çox müştərinin məlumatı yoxdur, lakin zəmanət 3 cür olur:
- Rəsmi zəmanət (istehsalçı tərəfindən verilən rəsmi zəmanət);
- Mağaza zəmanəti (məhsulu satan elektronika şirkəti tərəfindən verilən zəmanət);
- Servis zəmanəti( mobil telefon, kompyüter, məişət əşyasının təmiri ilə məşğul olan servis şirkətinin verdiyi zəmanət).
Məhsul alarkən yalnız rəsmi zəmanətli məhsul alın. Rəsmi zəmanət o deməkdir ki, istehsalçı özü öz satdığı məhsula rəsmi zəmanət verir. Məsələn, tutaq ki, siz “LG” brendinə məxsus paltaryuyan alırsız. Rəsmi zəmanət o deməkdir ki, “LG” şirkəti sizə satdığı məhsula görə özü zəmanət verir. Belə olan halda təbii ki, məhsulda texniki problem çıxma ehtimalı çox azdır. Texniki problem çıxsa belə, brend müştəri məmnuniyyəti üçün məhsulu yenisi ilə əvəz edir.
Bizdə elektronika şirkəti 60-dan çox brendin məhsulunu satırsa, onun 10-15-nə rəsmi distribütoru olan brendlərə rəsmi zəmanət verir, qalan brendlərə isə adi mağaza və servis zəmanəti verir ki, əslində, bütün problemlərin kökündə məhz bu məqam dayanır. Halbuki bütün dünyada hökümət elektronika mağazaları şəbəkələrinin üzərinə rəsmi zəmanət tələbi qoyur. Yəni elektronika mağazaları şəbəkələri məhsulu yalnız rəsmi zəmanətlə sata bilər.
İstehlakçı Hüquqlarının yüksək səviyyədə qorunduğu ölkələrdə məhsulda aylar, hətta 1 ildən 5 ilə qədər bəzi brendlərdə 10 ilə, 15 ilə, 20 ilə qədər müddət ərzində, mühərrik başda olmaqla hər hansısa bir texniki problem olarsa, yəni məhsul xarab olarsa dərhal yenisi ilə əvəz olunur. Aldığınız paltaryuyan, soyuducu, qabyuyan və s. məişət əşyasının üzərinə baxsanız, görərsiniz ki, mühərrikə, brenddən asılı olaraq, 10 il, 15 il, 20 il zəmanət verildiyi yazılır. Bizdə isə məhsul alınan günün sabahı məhsulda problem çıxarsa, nəinki məhsulu qaytarmaq və yenisi ilə əvəz etmək, ümumiyyətlə elektronika şirkəti şikayətlə maraqlanmır. Yalnız müştəri şikayət etdikdən sonra ən "yaxşı" halda servisdə məhsulu təmir edirlər.
Bir çox brendin ölkədə rəsmi satışı və servisi olmadığı halda illərdir həmin brendlərin məhsulları elektronika şirkətləri tərəfindən satılır. Yəni məhsulun hardan gətirildiyi məlum deyil.
Bu sahədə əvvəllər işlədiyim üçün deyə bilərəm ki, müştəridən qayıdan məhsul, vitrində mağazada xarab olub servisə göndərilib təmir olunmuş məhsul, qüsuru olan məhsul müştəriyə yeni adı ilə satılır. Üstəlik, bu cür məhsulların satılması üçün elektronika şirkətlərinin baş ofisi, satış müdiri mağaza müdirlərinə, satış məsləhətçilərinə təzyiq göstərirlər ki, bu cür məhsulları satıb aradan çıxartsınlar.
Ona görə, heç vaxt vitrində olan məhsulu almayın. İri məişət texnikası alırsınızsa, mütləq məhsulun anbardan göndərilməsini tələb edin. Diqqətli olun, vitrin məhsulu da qutuya qoyulub, anbardan gəlmiş məhsul kimi göndərilə bilər.
Xırda məişət texnikası və mobil telefon alırsınızsa, mütləq bağlı qutu alın, yəni gözünüzün qabağında açılsın, üstəlik alan zaman məhsulun işləməsini yoxlayın. Mobil telefonlarda xüsusilə ehtiyyatlı olun, müştəridən qayıdan telefon format olunub qutuya elə şəkildə qoyulur ki, guya yenidir, müştəri heç nədən şübhələnmir. Belə məhsulda problemi görüb geri qaytarmaq və ya yenisi ilə əvəz etmək istəsəniz, telefonu servisə göndərib üzərinə cızıq atıb telefonu guya bir günün içində cızmısız deyib nə yenisi ilə əvəzləyib, nə də geri qaytarmayacaqlar. Bir də məhsulu yenisi ilə əvəzləyib və ya geri qaytarmamaq üçün servis guya “telefon əldən düşüb”, “xaricdən zərbə alıb” “rəy”i verəcək.
Elektronika şirkətlərinin Bürünc zəmanət, Gümüş zəmanət, Qızıl Zəmanət kimi absurd oyunları da var. Bunlar müştəridən əlavə pul qazanmaqdan başqa bir şey deyil. Yəni Qızıl Zəmanətli məhsulu da onsuz da yenisi ilə əvəz edib, nə də geri qaytarmayacaqlar. Bunu sadəcə əlavə pul qazanmaq üçün elektronika şirkətləri özləri fikirləşib. Bir də, bildiyiniz kimi, satış məsləhətçiləri bonus sistemi ilə çalışırlar, yəni hansı brend öz məhsulunu satmaq üçün satış məsləhətçisinə daha çox bonus verirsə, satış məsləhətçiləri o brendin məhsulunu satırlar. Ona görə də məhsul alarkən heç vaxt satış məsləhətçilərindən məsləhət almayın.
Təəssüf ki, nəinki elektronika sahəsində, ümumiyyətlə bizdə istehlakçılar çox məlumatsızdırlar və boykot mədəniyyəti yoxdur. Yəni aldığınız məhsul haqqında araşdırma aparın, hansı elektronika şirkətindən ən çox şikayət gəlirsə, o şirkətdən heç nə almayın. Halbuki, həm şikayət edib, həm də o şirkətdən məhsul alırsınız.
Bir də elektronika mağazalar şəbəkəsinin özünün Çində yığdırdığı, üzərinə müxtəlif adlar qoyduğu məhsullardan uzaq durun. Məsələn, “Kontakt Home”-un “Hoffman”, “Soliton” şirkətinin “Riffe”l adı altında satdığı məhsullar var ki, belə bir brendlər dünyada mövcud deyil, bunlar elektronika şirkətlərinin şəxsi markalarıdır. Bütün elektronika şirkətlərində bu cür məhsullar var. Bizdə bu sahədə o dərəcədə boşluqdur ki, təəssüf ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Palatası belə elektronika şirkətləri ilə bacara bilmir. Qurum “İrşad Electronics”-lə bu gün də məhkəmə çəkişməsindədir.
Ümid edirəm ki, bizdə də, bütün dünyada olduğu kimi, elektronika şirkətlərinin üzərinə rəsmi zəmanət tələbi qoyular.
İlkin MƏMMƏDKƏRİMOV