“EATDA iki ildir 7 min manatlıq mükafatımı vermir” – Elmlər doktoru Prezidentə müraciət etdi

“Elm və Təhsil Nazirliyinin (ETN) Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) iki il ərzində 7 000 manat məbləğində nəzərdə tutulmuş mükafatımı verməkdən boyun qaçırır, göstəricilərlə saxtakarlıq edir”.
Bu iddia ilə “AzPolitika”-ya müraciət edən ETN Fizika İnstitutunun əməkdaşı, fizika elmləri doktoru Elman Şahverdiyev bildirib ki, problem 2023-cü ildən bəri həllini tapmır.
“Mayın 29-da direktor Ülkər Səttarovanın qəbulunda oldum, ancaq məni dinləmək əvəzinə polis çağırdı və uzaqlaşdırdılar. Özünü qanundan üstün tutur, imzaladığı sənədlərdən belə xəbərsizdir, kütləvi saxtakarlıq edir”, – deyə Şahverdiyev qeyd edib.
Şikayətçi vurğulayıb ki, hazırda alimlər SCOPUS bazasından geniş istifadə etsələr də, EATDA göstəriciləri şəffaf şəkildə hesablamaqdan imtina edir: “Əlimdə aylıq mükafat alanların siyahısı var. Orada bir nəfərin balı 1,61-dir, halbuki keçid balı 2-dir. Deməli, nəticələrə müdaxilə olunub”.
“Ü.Səttarova soruşur ki, siyahını necə əldə etmisən? O, elmi zülmətdə saxlayır və kimə istəsə mükafat verir. Açıq-aşkar dedi ki, ‘özünü yaxşı aparsaydın, sənə də düşünərdik, amma verməyəcəyik’” -deyə, o, bildirib.
Şahverdiyev bildirir ki, 2024-cü ildə mükafatçılar yalnız SCOPUS məlumatlarına əsasən seçilib, 2025-ci ildən etibarən isə abunə olunmayan Web of Science (WoS) bazası da əlavə edilib: “WoS kommersiya təşkilatıdır, demək olar ki, heç nə açıqlamır. Bu, direktorun göstəriciləri istədiyi kimi manipulyasiya etməsinə şərait yaradır. Düşünürəm ki, WoS-dan təcili imtina olunmalıdır”.
Şikayətçi iddia edir ki, “TOP mükafatlar” eyni 10–30 nəfərlik qrup arasında bölüşdürülür: “H-indeksləri 10-a çatmasa da, eyni şəxslər hər il bir neçə yerdən mükafat alır.Mənim ‘təmiz’ H-indeksim 14-dür – institutda ən yüksək göstəricidir. Lakin direktor məhz yüksək H-indeksli alimləri kənarda saxlayır, müsabiqə bitdikdən sonra qaydaları dəyişir”.
“Cənab Prezident, Ülkər Səttarovanın dövlət büdcəsinə vurduğu ziyanı araşdıracağınıza və mənim haqlarımı tam şəkildə bərpa edəcəyinizə ümid edirəm”, – Elman Şahverdiyev müraciətində vurğulayıb.
Şikayətçinin sözlərinə görə, elm və təhsil naziri onu qəbul etməkdən imtina edib: “Nazir daha çox təhsil sahəsinə diqqət yetirir; elm sahəsinə rəhbərliyi isə ‘çavuşun orduya komandanlığı’na bənzəyir”.