“ƏHMƏDZADƏ KLANI” ZƏRƏRSİZLƏŞDİRİLİR? - Musa Şəkiliyevdən sonra Mübariz Əhmədzadənin də həbs olunacağı iddia edilir

Baxış sayı:
205

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyevin saxlanılması, ardınca da Səbail Rayon Məhkəməsinin Musa Şəkiliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçməsi belə qənaət yaradır ki, “Əhmədzadə klanı”nın zərərsizləşdirilməsinə başlanılıb.
Məlumat üçün bildirək ki, Musa Şəkiliyev qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur. DTX-nın apardığı istintaq çərçivəsində onun vəzifədə olduğu dövrdə yol verdiyi qanun pozuntuları araşdırılır.
Musa Şəkiliyevin 12 aprel 2010-cu ildən 20 iyun 2025-ci ilə qədər, yəni 15 il 2 ay 8 gün rəhbərlik etdiyini nəzərə alanda, DTX-nın apardığı istintaqın çox ciddi məsələlərin üzərinə işıq salacağı gözlənilir. Üstəlik, Musa Şəkiliyevdən öncə, 27 dekabr 2007-ci ildən 1 sentyabr 2009-cu ilədək Qax Rayon İcra Hakimiyyətinə onun xalası oğlu Mübariz Əhmədzadənin rəhbərlik etdiyini də əlavə edəndə, istintaqın əlləri hazırda  Zaqatala Rayonu İcra Hakimiyyətinin başçısı olan M.Əhmədzadəyə qədər uzana bilər.
Hətta Zaqatala rayonundakı mənbələrdə əldə etdiyimiz məlumata görə, Mübariz Əhmədzadə xalası oğlu Musa Şəkiliyevin həbsindən sonra təxminən iki gün həbs olunacağını gözləyib. Lakin hansısa səbəbdən hələlik həbs edilməyib. Bununla belə, məlumatlı mənbə Mübariz Əhmədzadənin və ya onun oğlu Çoşqun Əhmədzadənin də həbs olunacağını iddia edir.
Xatırladaq ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadənin kiçik qardaşı olan Mübariz Əhmədzadə 27 dekabr 2007-ci ildən 1 sentyabr 2009-cu ilədək Qax Rayon İcra Hakimiyyətinə, ondan sonra isə Zaqatala Rayonu İcra Hakimiyyətinə rəhbərlik edir.
Əhməd Əhmədzadə 1993–2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004–2006-cı illərdə Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006–2021-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olub.
Mübariz Əhmədzadənin oğlu Coşqun Əhmədzadə Avtonəqliyyat Gömrük İdarəsində rəis müavini, Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini və Sumqayıt Gömrük İdarəsinin rəisi olub. Çoşqun Əhmədzadə həm də Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevə yaxın kadr hesab olunur. Gömrük orqanlarında belə yüksək vəzifələr tutması da bununla izah olunur. İddiaya görə, Çoşqun Əhmədzadənin yüksək vəzifələrə təyin olunması Səfər Mehdiyevin Zaqatala rayonunun icra başçısı Mübarzi Əhmədzadə ilə yaxın münasibətləri əsas rol oynayıb. Mənbə deyir ki, Səfər Mehdiyevin Zaqatala rayon icra başçısı ilə birgə biznesləri də olub.
Bu iddianın nə qədər həqiqəti əks etdirdiyini söyləmək çox çətindir. Ancaq “Əhmədzadə klanı”nın çox böyük sərvət sahibi olması yenilik deyil. Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadənin Böyük Britaniya, Avropa, Türkiyə və Rusiya ilə yanaşı, Azərbaycanda da böyük biznesləri var. Mübariz Əhmədzadənin özünün və oğlu Çoşqun Əhmədzadənin də böyük biznesi var. O cümlədən, DTX-nin həbs etdiyi Musa Şəkiliyevin də Avropa, Rusiya və Azərbaycanda ailə üzvləri tərəfindən idarə olunan biznesinin olduğu haqda çoxsaylı məlumatlar.
Bütün bu məlumatları araşdırmağa çalışacağşıq. Hələlik isə qeyd edək ki, “Əhmədzadə kalnı”nın sərvətinin həcminin bir neçə milyard manat olduğu haqqında iddia çox da əsassız görünmür.
Musa Şəkiliyevin həbsindən sonra hər kəsi “Əhmədzadə klanı”nın zərərsizləşdirilməsinin səbəbləri düşündürür. Bununla bağlı redaksiyamıza daxil olan bəzi məlumatları, eyni zamanda, “Əhmədzadə klanı”nın digər üzvlərinin gələcək taleyi ilə bağlı səslənən iddaları araşdırmağa çalışacağıq.
Arzuman LOĞMANOĞLU