Mövlan Şıxəliyev vətəndaşa borclu olduğu 127 000 dolları ödəmir

Azərbaycan vətəndaşı Əliyev Ələddin Hüseyn oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
"Cənab Prezident!
Mən, Əliyev Ələddin Hüseyn oğlu, yazaraq sizdən kömək istəyirəm.
Bildirirəm ki, 2013-cü ildə ləğv olunmuş MTN əməkdaşları tərəfindən qanunsuz həbs edilmişdim. Məndən 127 000 ABŞ dolları alaraq, həbsdən azad etdilər.
Məsələ ilə bağlı prokurorluğa şikayətimdən sonra, prokurorluq və məhkəmə məni zərərçəkən şəxs kimi tanıdı. Qərara əsasən, keçmiş MTN-nin Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış general-mayor Mövlan Şıxəlıyev tərəfindən bu pul - 127 min dollar mənə ödənilmədir.
Mən bununla əlaqədər Ədliyyə naziri Fərid Əhmədovun qəbulunda oldum. O, mənə söz verdi ki, şikayətim təmin olunacaq.
Bundan sonra dəfələrlə Rəfayıl adlı icraçı ilə görüşdüm. Onu nazirlə görüşüm barədə məlumatlandırdım. Amma Rəfayıl hərəkətləri ilə heç kimi saymadığını nümayiş etdirdi və dövlət məmuruna layiq olmayan davranış ortaya qoydu.
Mən dəfələrlə Mövlan Şıxəliyevin vəkili Ceyhun Yusifovla da görüşdüm. O da məni aldatdı. Belə ki, vəkil məndən 500 $ və 2500 AZN alaraq Mövlan Şıxəliyevdən 127 000 dolları alıb mənə verəcəyini desə də, heç bir nəticə yoxdur.
Cənab Prezident!
Hazırda maddi vəziyyətim çox ağırdır və 3 banka borcum var. Sizdən xahiş edirəm ki, Ədliyyə Nazirliyi əməkdaşlarına ciddi cəza verməklə yanaşı, mənə çatan pulun Mövlan Şıxəliyevdən alınmasına göstəriş verəsiniz".
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.