“Azərbaycanda xoşbəxt insanların sayı getdikcə azalır”

Baxış sayı:
241

Pərvanə Baxşəliyeva: “İnsanların bədbəxtləşməsinin içində birinci yerdə sosial şəbəklərdə gedən təbliğat yatır”
Son 5 ildə Azərbaycanda psixoloji problemi olan insanların sayı sürətlə artmaqdadır. Statikstikaya görə, bu say 2020-ci ildə 12334 nəfər,  2021-ci ildə 14409 nəfər, 2022-ci ildə 18651 nəfər, 2023-cü ildə 22273 nəfər, 2024-cü ildə isə 24228 nəfər olub. Əlbəttə, narkotik istifadələrinin sayı 350 000 nəfər, cinayət törətmiş şəxslərin sayı 22 485 nəfər (2024), məhkumların sayı 15 885 nəfər olan ölkə üçün psixoloji problemli insanların sayının 24 228 nəfər olması heç də kiçik rəqəm deyil. Bəlkə də narkotikə, oyun asılılığına, alkoqolizmə, cinayətə gedən yol elə psixoloji problemlərdən başlayır. Bu barədə psixoloq Pərvanə Baxşəliyevanın fikirlərini öyrəndik.
- Pərvanə xanım, statistikaya görə, ölkəmizdə psixoloji problemli insanların sayı ilbəil artır. Sizcə, bu, nədən qaynaqlanır, bu faktın altında hansı səbəblər yatır? 
- Bizim bir yaradılışımız, doğuluş halımız var. Əminliklə sizə deyə bilərəm ki, insanlar öz təbiətlərindən uzaqlaşdığı üçün o problemlər yaşanmağa başlayır. Təbiətimizdən uzaqlaşmaq nədir? İnsan kimi bizi formalaşdıran xüsusiyyətlər var. Yəni dəyərlərimiz, inandığımız şeylər, inanclarımız, bizi formalaşdıran nələrsə var. Bugünki insanlar ancaq qaçaqaçdadırlar, nəyisə əldə etməyə çalışırlar, amma böyük əksəriyyəti bədbəxtdir. Xoşbəxt insanların sayı getdikcə azalır. Baxırsan ki, insanın maddi olaraq hər şeyi - karyerası, pulu, maşını var, yetərincə səyahətlər edir, amma bu adamın nəyisə çatmır, xoşbəxt deyil.
İstər qadın, istər kişi olsun, fərq etmir, bunu seans otağında da illərdir görürəm. Həmişə deyirəm ki, pul insanı xoşbəxt etmir, pul sadəcə insanın ehtiyaclarını ödəmək üçündür, əsla xoşbəxtlik vermir. Bunu əminliklə deyə bilərəm. Və insan bu gün xoşbəxtliyi pulda, pulla alacağı şeylərdə axtardığı üçün həm öz yaradılışından, həm də mənəviyyatının, ruhunun ehtiyac duyduğu qidalardan da uzaqlaşdığı üçün, bax bu qədər yolunu azıb. Pis mənada yox, amma o mənada ki, insan təbiətindən çox uzaqlaşıb. Nəticədə bu gün bahalı, lüks evlərdə yaşayan, vəzifə masası arxasında işləyən, amma yetərincə psixoloji problemi olan insanlara yetərincə rast gəlirik. Depressiyası olsun, panik atakı olsun, tükənmişlik sindromu olsun, OKP-si olsun – nə qədər desəniz psixoloji problemlərdən əziyyət çəkən yetərincə insan var. Mən o insanlara izah etməyə çalışıram ki, insanı insan edən onun ruhudur, mənəviyyatıdır. Biz onu qoymuşuq kənara, onunla məşğul deyilik. O da qida istəyir. Bu gün biz ancaq bədənimizi doyuzdurmaq üçün çalışırıq. Ona görə də bu hallar yaşanır.
- Belə anlaşılır ki, mənəviyyatımızla bağlantını itirdiyimiz, yaxud ona barmaqarası baxdığımz üçün toplum olaraq ictimai depressiyaya qapılmışıq...
- Bəli, təəssüflər olsun ki, elədir. Yetinməzlik, doyumsuzluq... Əlində hər şey var, amma yetinmir, doymur. Çünki nələrsə çatmır və o çatmayan şeyin nə olduğunu dərk etmir. Elə bilir ki, o yenə maddiyyatdır, o maddiyyatın alacağı şeylərin ardınca düşür, bu problemlər daha da dərinləşir. İnsanı insan kimi saxlayan onun ruhudur, mənəviyyatıdır. Fiziki tərəfi deyil, çünki fiziki tərəfimizi də qidalandıran ruhumuzdur. Psixosomatika deyilən bir şey var, bütün xəstəliklərin kökündə bizim ruhi xəstəliklərimiz yatır. Ruhumuza nə qədər yaxşı baxsaq, bədənimiz də o qədər sağlam olacaq.  
- Bəs, sizcə, çıxış yolu nədir? İlk olaraq fərdlərdən başlayaraq nə etməliyik ki, sonra bu cəmiyyətə sirayət etsin, yansısın?
-Mən bu gün fərdi şəkildə o insanlarla işləyirəm və hər birinə izah etməyə çalışıram ki, məsumluq dönəminə qayıt, əvvəlinə - özünü çox xoşbəxt hiss etdiyin vaxlarına dön. Səni nələr xoşbəxt edirdi? İnsanlar deyir ki, ailəm, onlarla birlikdə zaman keçirmək. Mən həmişə onları yönləndirirəm, deyirəm, sən həmişə indiki kimi olmamısan, bədbəxt olmamısan, sənin də xoşbəxt olduğun vaxtlar olub. Ancaq son illər o qədər qaçaqaç içində olmusan ki, bəzi şeyləri unutmusan. Mən insanlara ilk öncə xoşbəxt olduğu anları, onu nələrin xoşbəxt etdiyini xatırladıram. Və baxırsan ki, o xoşbəxtliyin içində həqiqətən maddiyyat yox idi, mənəvi şeylər var idi.
Digər tərəfdən, insanların bədbəxtləşməsinin içində birinci yerdə sosial şəbəklərdə gedən təbliğat yatır. Sosial şəbəkələrdə müxtəlif influenserlər, profillər olsun, hansı ki, o profillərin çoxunun saxta olduğunu sizə əminliklə deyə bilərəm. Onlar süni intellekt vasitəsilə bu toplumun beynini yeməkdən ötrü yaradılır. Guya onlar düzənli bir həyatı olan, hər səhər idman edən, guya sağlam qidalanan xoşbəxt ailələr, xoşbəxt insanlardır. Sosial şəbəkələrdə hər gün bunları görən insanlar onlar kimi olmağa can atır. Və təəssüf ki, bu da mümkün olmadığı üçün insan özünü daha yetərsiz, uğursuz, əskik görməyə başlayır. Düşünür ki, həm bu gözəl şeylərə layiq deyil, həm də bacarıqsızdır. Amma fərqində deyil ki, sən insansan, sənin öz yolun olmalıdır, o yolda sənin öz bacarıqlarınla göstərdiyin səylər, çalışmalar olmalıdır. O yol heç kəsin yolunun təkrarı olmamalıdır.   
- Dediklərinizdən belə anlaşılır ki, sosial şəbəkələrdə kimlərsə bunu təlqin edir, bu yaşam tərzini aşılayır. Bunu kim edir? Bu tendensiyanı kimlər yaradır?
-Baxın, cəmiyyəti idarə etmək istəyirsənsə, o cəmiyyətin sağlam olmaması gərəkdir. Çünki sağlam şüur, sağlam düşüncə və sağlam cəmiyyəti idarə edə bilməzsən. Bir cəmiyyəti idarə etmək üçün onu öncə idarə olunacaq vəziyyətə gətirmək lazımdır.
-Yəni cəmiyyətin mənən xəstə olması lazımdır?
- Bəli, çünki mənəvi cəhətdən xəstə və xəstə şüurlu cəmiyyəti idarə etmək çox rahatdır. Sən sağlam insanı idarə edə bilməzsən, çünki sağlam insanın özünün oturuşmuş düşüncələri, əmin olduğu şeylər var və sən ona söz keçirə bilməzsən. Sağlam insan özünün əmin olduğu şeyləri edəcək. Amma xəstə şüurlu cəmiyyəti idarə etmək çox rahatdır. Və cəmiyyətin fərdlərini də mənən xəstə hala salmaq üçün sosial şəbəkələr birinci yerdə gəlir. Əvvəl bu “missiya”nı yerinə yetirən televiziyalar var idi. Bu gün artıq televiziyaya o qədər də baxan yoxdur. Televiziya da artıq sosial şəbəkələrə daşınıb.
-Demək, sosial şəbəkələrdən dəyərsizliklər bizə aşılanır, biz bu bunu mənimsəyirik, dəyərizliyə doğru gedirik...
-Dəyərlərimiz məhv oldu, təəssüflər olsun ki, sosial şəbəkələr bütün dəyərlərimizi məhv etdi – insani dəyərləri, ailə dəyərlərini, hamısını. Bu deyilənlərlə yanaşı, belə bir şey sezirəm. Sanki insana o qədər hədəflər qoyurlar ki, insan o hədəflərə çata bilməsə, bədbəxt olmağa məhkumdur. Bu sanki “koç”lar tərəfindən, yaxud kimlərsə tərəfindən aşılanır. Ki, insan bu, bu...hədəflərə çatmalıdır. O hədəflərə çatanda xoşbəxt olacaq və s. İnsanın nə qədər ömrü var ki, həyatını o hədəflərin hamısına çatmağa həsr eləsin?! Bəlkə insana heç o hədəflər lazım deyil...
“Koç”luqdur, hansısa aparılan təlimlərdir, ümumiyyətlə son 30 ildə həyatımıza daxil olan sahələr ki, var - sosioloqlardır, “koç”lardır, kosmetologiyadır –onlar həyatımıza daxil olandan sonrakı gedən prosesləri müşahidə edin. Hər biri kapitalizmin bizə əlimizdən alıb, pulla satdığı xidmətlərdir. “Koç”luq da bunun kimi bir şeydir. Öncə sosial şəbəkələrdə sənin özgüvənini, özünə inamını sındırır, “sən heç nəsən, dəyərsizsən” deyir, eləcə də “sən gözəl deyilsən”, “gözəl olmaq belə bir şeydir”, “xoşbəxt olmaq istəyirsənsə, gözəl olmalısan” deyir...
-Yəni hansısa standartları bizə sırıyır...
-Bəli, bəli. Hansısa kosmetoloji prosesdurları mütləq etdirməlisən, uğurlu bir insan olmaq üçün sənin mütləq fərdi bir “koç”un olmalıdır... Nə baş verdi? Kapitalizm bunları səndən aldı və başladı sənə pulla geri satmağa. Ağıllı insanlar bu tələyə düşmədi. Amma bu çox az bir kütlədir. Baxsaq ki, hər kəs ağıllı deyil, o tələyə çox asanlıqla düşən təbəqə var. Və onlar artıq o cərəyanın köləsidir. O insanlar üzərindən yetərincə pul qazanılır – həm sağlamlıqlarını, həm maddiyyatlarını itirirlər. Bunu o insanlara dəfələrlə desən də onlar bunun fərqində deyillər, bunu görmürlər, normal sayırlar. Çünki toplumun böyük bir hissəsi bu axının içindədir, ona görə bunu normal sayırlar. “Koç”luq da belə xidmətlərdən biridir. Məgər, 30 il əvvəl uğursuz insanlar az idi?
- Xeyr, onlar bunu özlərinə dərd etmirdilər. Amma indi insanlara elə standartlar sırıyıblar ki, belə olmasan sən fərsiz, uğursuz insansan, əskik insansan, ya da yarıminsansan.
- Bəli, kapitalizm insanları elə bir hala salıb ki, insan öz hədlərini aşmaq istəyir. Çünki kapitalizmin səndən istədiyi budur. Amma bu mümkün deyil, çünki sən insansan, robot deyilsən. Yəni mənəviyyatdan, hisslərdən, duyğulardan, ətdən, ruhdan – hər şeydən ibarət bir varlıqsan, çatışmamazlıqlarınla birlikdə.
-Yəni kapitaizm bizə təlqin edir ki, bunarı etsən ideal, mükəmməl insan olacaqsan, halbuki ideal insan yoxdur...
-Bəli. Birincisi, ideal insan yoxdur, insan öz qüsurlarıya insandır, tamdır. Qüsursuz insan yoxdur.
-Və xoşbəxt insan olmaq üçün ideal insan olmaq lazım deyil. Hər bir insan özü olmalıdır. Kiməsə oxşamalı deyil.
-Doğrudur. Dediyim kimi, indi xoşbəxtlik sandartları, gözəllik standartları dəyişdirilib. Sonda bu, mənfi nəticələrə gətirib çıxarır. Ona görə, mən əsasən “koç”larla işləyən insanlara, hətta mənim özümlə işləyən insanlara deyirəm ki, sən özün də mənsiz bu problemin öhdəsindən gələ bilərsən. Onarı özümdən asılı vəziyyətə salmıram. Mən onlara özlərinin də problemlərn öhdəsindən mənsiz gəlməyi öyrədirəm ki, əslində, sənin psixoloqa ehtiyacın yoxdur. Sən özün də bunu bacara bilərsən, sadəcə görmək lazımdır.
Stopnarkotik.az