PSEVDO-YANĞIN - Eldəniz Quliyev yazır

Son zamanlar nələr gördük, nələr eşitdik!..
İtin öz yiyəsini tanımadığı ölkə də ayrı bir aləm imiş... Yəni bu gün it də, onun sahibi də mövcud vəziyyətdən məmnundurlar: it özbaşınalığından, sahibi isə öz başını saxlamaq hayında olduğundan...
Bir müddət əvvəl Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının pirotexniki avadanlıqlar anbarında partlayış, ardınca da yanğın baş verdi...
Konsprologiyanı-filanı bir yana qoyuram, üstəlik dəqiq sübutu olmayan hər hansı məsələ haqqında nə isə yanlış iddiada bulunub da, imanımı yandıra bilmərəm. Amma bu müthiş hadisə təsadüfdən daha çox qəsdən törədilmiş cinayət əməlinə oxşadı. Niyə? Çünki - "başına gələn başmaqçı olar",- dəfələrlə bu sayaq psevdo-yanğınların - kimlərinsə tamahı ucbatından yaşıllıq zonalarında "ağac soyqırımı" həyata keçirilməsinin, şəhərin gözəgəlimli yerlərində köhnə yaşayış evlərinin sakinlərin başına ucürulmasının, tarixi əhəmiyyət daşıyan binaların sökülüb, yerində əndirabadi göydələnlər tikilməsinin və sair və ilaxır bu kimi nəfsanə əməllərin canlı şahidi olmuşuq...
Bu sırada, şəhərin ən gözəl yerlərinin birində yerləşən kinostudiya da istisna deyil. "Azərbaycanfilm" çoxdan və çoxları üçün ağız sulandıran yağlı tikəyə çevrilib... Yaşıllığa bürünmüş böyük ərazisi, cazibədar arxitekturası, ətrafının gedişli-gəlişli, qələbəlik olması və s. - "yağlı məkan!", "rahat-hulqum!"
Bu ərazidə neçə-neçə restoran, kafe, bar, şadlıq sarayı, çeşidli ticarət obyektləri, saunalar, gecə klubları, massajxanalar, çayxanalar və digər-digər "xanalar" qurub-quraşdırıb işlətmək olar?! "Əsil xəzinə - qaz vur, qazan doldur!"
Reallıq budur ki, bu gün " bərkgedən" işbazların belə obyektə "göz qoyması", az qala normal sayılır. Və nə yazıq ki, çoxları bu reallığın acısını hiss etmir, ya hiss etmək istəmir.
Müəmmalı yanğın hadisəsinin təsadüf, yaxud, əksinə, qurama oyun olması isə bir çox haqlı suallar doğurur. Bu xüsusda, məşhur bir məsəl xatırlatmaq yerinə düşür: "Həyat elə bir oyundur ki, onun qaydalarını oyunun sonuna yaxın yaxşı öyrənirsən. Onda da çox gec olur".
Dövlətin yeganə kinosdudiyası olan "Azərbaycanfilm" bu gün atəş nöqtəsindədi və təəssüf ki, cavab atəşi ilə qarşı tərəfi susdurmaq iqtidarında deyil... Bu gün bunu dərk etməsək, sabah gec olacaq, çox gec!..
...Təpəgöz içtahalı oyunçuların mövcudluğu barədə zaman-zaman xəbərlər dolaşmaqdaydı və bu xəbərlər təəssüf, təlaş, hətta qorxu hiss doğururdu. Bununla yanaşı, taleyinə "KİNO" yazılmış incəsənət xadimləri ölkə başçısının, qanunvericiliyin, o cümlədən Mədəniyyət Nazirliyinin "Azərbaycanfilm"-i vandal hücumlardan qoruyacağını zənn edirdilər (və bu ümid hələ də ölməyib). Hərçənd, məlum hadisədən sonra çoxlarına məlum oldu ki, Mədəniyyət Nazirliyinin heç eyninə də deyil, belə bir sənət ocağı var, ya yox. Açığı, MN bu məsələyə münasibətdə özünü elə əvvəllər də biganə, dişsiz, daha doğrusu, "dişsiz ağızın marçıltısı" kimi aparırdı. Səlahiyyət sahibləri və səlahiyyətli qurumların əksəriyyəti (eləcə də, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Dövlət Kino Agentliyi), qorxudanmı, mənfəətpərəst maraqlardanmı, yaltaqlıqdanmı (?!) başlarını tısbağa kimi qınlarına çəkiblər. Və heç ağllarının ucundan belə keçirmrlər ki, axı, "Azərbaycanfilm" kinostudiyası ölkə tatixinin, mədəniyyətinin salnaməsi, milli-mənəvi dəyərlərin, ictimai şüur və ləyaqətin istinad sütunlarından biridir. Və O 100 ildən artıqdır ki, məbədə aparan YOLUN şərəfli yolçusu, ən əsası isə, - əsl SƏNƏT OCAĞI olub. Bu məkanda, bu OCAQDA neçə-neçə kinodramaturqlar neçə-neçə ssenarilər yazıb, neçə-neçə istedadlı bəstəkarlar, rəssamlar öz bənzərsiz, qürur duyulası sənət nümunələrini yaradıb, görkəmli, xalqın əfsanə saydığı rejissorlar neçə-neçə kino-filmlər çəkib... Bütün bunları unutmaq, bütün bunların üzərindən çalın-çarpaz xətt çəkmək, bütün bunları görməzdən gəlmək olarmı, həzarat?! Günah deyilmi?..
Təəssüflər ki, deyəsən, bu dəfə "ssenarini" yazan ssenaristlər də, "filmi" çəkən rejissorlar da tamam özgə bir "sənətin" peşəkarlarıdır - yumurtadan yun qırxmaq peşəsinin!..
Şəxsən mənə görə, bu gün bizlər "Azərbaycanfilm"-i göz-bəbəyimiz təki qorumalıyıq, buna, sadəcə, alternativ yoxdur, "Azərbaycanfilm"-in yandırılması cəhdi, eynən, Azərbaycan tarixinin çox dəyərli bir parçasının yanıb-yaxılması deməkdir!..
Hamıya aydın olsun deyə təkrar edirəm: əgər o müdhiş yanğın-partlayış hadisəsi qəsdən, yəni kimlərinsə merkantil maraqları səbəbindən baş veribsə, deməli, xalqın tanıdığı, sevdiyi, özünə kumir saydığı (və səd heyif ki, bu gün həyatda olmayan) neçə-neçə böyük sənətkarın - aktyorların, rejissorların, ssenarist, bəstəkar, rəssamların nigaran ruhları hazırda əzab-istirab içində qovrula-qovrula, qıvrıla-qıvrla qalıb...
Eldəniz QULİYEV
P.S. "Oldu... yaşadı... öldü..."- bizlər taleyin bu üçcə kəlməsini "yazana" qədər necə-neçə məşəqqətlər, əzab-əziyyətlər görür, nə qədər səhvlər edir, nə qədər pis əməllərin şahidi oluruq, Allah!