İsrail Qəzzadan çəkildi, növbəti hədəf İrandır?

Baxış sayı:
40527

Və yaxud Fransanın Odessaya qoşun yeritməkdə məqsədi nədir?

İsrail 2024-cü ilin oktyabrından bəri başlatdığı Qəzza işğalını dayandırdı. Ordunun demək olar ki, bütün bölmələri Qəzza zolağından çıxıb. Konkret olaraq Tsaxal Qəzza zolağından 98-ci diviziyanın geri çəkildiyini elan etdi və bununla da müharibə başlayandan bəri ilk dəfə, demək olar ki, bütün diviziyalar Qəzzanı tərk etdi.
Məlumata görə, artıq Qəzzada quru qoşunları qalmayıb, kütləvi hərbi əməliyyatlar və hava hücumları tamamilə dayandırılıb. Yalnız Tsaxalın sonuncu Nahal briqadası (diviziya 162) yeni Netzarim bufer zonasında - Qəzzanı iki sektora - şimal və cənuba bölən zolağın mərkəzində təhlükəsizliyi təmin etmək üçün Qəzzada qalıb. Amma bu törədilən kütləvi insan qırğınından sonra o anlama gəlmir ki, evlərindən didərgin düşən fələstinlilər geri qayıdacaq.
Bundan başqa, İsrail İranın Suriyadakı səfirliyinə zərbə endirdikdən sonra maraqlı nüans açıqlandı. İsrail İranın hücumu zamanı tarixdə ilk dəfə yeni tipli bombadan istifadə edə biləcəyini açıqladı. Tel-Əviv yaxın bir neçə gün ərzində İrana hücum edərsə, müasir nöb bombalardan istifadə edə bilər. Bu barədə “Maariv” təhlükəsizlik və müdafiə üzrə ekspertə istinadən məlumat yayıb.
“Tarixdə ilk dəfə olaraq yeni tipli bomba istifadə olunacaq. Bu elektromaqnit bombasıdır (E-bomba). Tehrana və İranın digər böyük mərkəzlərinə qarşı istifadə olunacaq. Həmçinin, İranın nüvə obyektlərinin yerləşdiyi ərazilərdə də istifadə olunacaq”, - məqalədə qeyd edilir.
Bildirilir ki, bombanın özü bütün elektron cihazları məhv edə bilən elektromaqnit impulslar yaydığı üçün insanları birbaşa öldürmür. Bu o deməkdir ki, Tehranın infrastrukturunun böyük hissəsi dərhal fəaliyyətini dayandıra bilər.
Nədənsə, İsrail İrana ağır dağıdıcı zərbələr vurmq istəmir. Sözsüz ki, əslində bunu istəməyən İsraillə yanaşı, həm də ABŞ-dır.
Bir haşiyə çıxıb, mövzunun anlaşılmasında faydalı nüanslara nəzər salaq.
Bildiyimiz kimi, Roma Papası Fransisk Rusiya ilə Ukrayna arasında sülh danışıqlarına çağırdı və birbaşa bəyan etdi ki, uduzan tərəf “ağ bayraq” asmalıdır. Yəni müharibənin bitməsi təşəbbüsünü etdi. Hamı elə zənn etdi ki, Vatikanın rəhbəri Ukraynanı təslim olmağa çağırır. Vatikanla sıx bağlı olan Fransa lideri Emmanuel Makron Ukraynanın məğlubiyyətinə və kapitulyasiyasına imkan verməyəcəyini açıq şəkildə bildirdi. Söhbət Makronun Rusiya Federasiyasının müharibədə qalib gəlməsinin qarşısını almaq bəhanəsi ilə Ukraynaya qoşun yeritməyə hazır olması barədə bəyanatından gedir. Hərçənd, ikili oynayan Fransanın Rusiya ilə piştaxtaaltı oyunlarını istisna etmək olmaz.
Beləliklə, Ukraynanın qoşun yeritməyə hazır olduğu nöqtə Odessadır. Niyə Odessa? Odessaya yerləşmək Fransaya nüvə dövləti kimi Qara dəniz sahilində öz bazasını əldə etmək şansı verər. Hələlik Qara dənizdə yalnız bir nüvə dövlətinin - Rusiyanın belə bazaları var.
Fransa Qara dəniz sahilində baza əldə edərək, özünü yeni “hərbi forpostu”-Ermənistanın yerləşdiyi Cənubi Qafqaza yaxınlaşdırır. Bu ona İran və Hindistanla “hərbi ox” yaradan Ermənistanın həndəvərinə yerləşmək və Hindistandan gələn narkotik prekursorlarının İranda narkotik mala çevrildiyi, sonra isə Ermənistandan Gürcüstan vasitəsilə Qara dənizi “üzüb”, Odessa limanına çıxan narkoticarət marşrutuna nəzarət imkanı verəcək. Eləcə də özünün silah ticarətini Ermənistana, oradan da İrandan keçərək Hindistana çatdırmaq imkanı qazanacaq.
Digər tərəfdən, məlum olduğu kimi, “Krokus Siti” terror aktından dərhal sonra ABŞ belə bir informasiya tirajladı ki, bu hadisəyə görə məsuliyyəti İŞİD-in Əfqanıstanda fəaliyyət göstərən “Vilayəti-Xorasan” təşkilatı öz üzərinə götürdü. Ümumiyyətlə, Xorasan vilayətinin tarixi coğrafi ərazisi İranın şimal-şərqini, Əfqanıstanın şimalını, Türkmənistanın cənubunu, Özbəkistan və Tacikistanın böyük hissəsini əhatə edir. İŞİD-in - “Vilayət Xorasan”ın iddia etdiyi tarixi “Böyük Xorasan”ın xəritəsinə baxmaq da çox maraqlıdır. Bu, əslində türk dövlətlərinin ərazilərindən, Çinlə Xəzər dənizi arasındakı dəhlizdən keçən Orta Dəhlizə alternativdir, sadəcə Xorasan xəritəsi cənubda yerləşən və “irandilli” ölkələrdən və bölgələrdən keçir. Belə məlum olur ki, türk Orta Dəhlizinə qarşı rəqib qismində “İrandilli” ölkələrdən keçən “fars dəhlizi” irəli sürülür və onu İran ortaya atır. İlk növbədə İran bu dəhlizdə maraqlıdır və Tehran daha sonra onu Ermənistan və Gürcüstandan keçərək Qara dənizə, İraq və Suriyadan keçərək isə Aralıq dənizinə qədər uzatmaq istəyir. Göründüyü kimi, burada Vatikanın hər iki layihəsinin - İranla Fransanın niyyətləri üst-üstə düşür.
Bu arada Suriya və İraqda “İŞİD dastanı”nı yada salsaq, paradoksal nəticəni görməliyik. İŞİD faktiki olaraq bölgədəki əraziləri İran üçün “təmizlədi”. İraq və Suriyada bir vaxtlar İŞİD-in nəzarətində olan ərazilər bu gün SEPAH-ın nəzarətindədir. Eləcə də İraqın əsas şəhərlərindən biri - Fransa və Böyük Britaniya arasında Birinci Dünya Müharibəsindən sonra “Osmanlı İmperatorluğunun mirası” olan Mosul şəhəri üstündə də mübahisə yaşanmışdı və Fransa Mosulu ingilislərə verməyə məcbur olmuşdu. Və bu gün məlum olur ki, nəinki İŞİD-lə döyüşlərdə dağıdılan Mosul “fransapərəst” İrana getməyib, hələ Aralıq dənizi ilə İran arasında dəhliz yaranıb və İran bu dəhlizi tarixi Xorasan torpaqları vasitəsilə Çinə doğru uzatmaq niyyətindədir. Yəni Orta Dəhliz Türk layihəsinin yerinə özünün Orta İran dəhlizini sırımaq niyyətindədir. 
Sual olunur ki, Əfqanıstan və Tacikistandakı Xorasan Vilayəti üçün İŞİD-in İraq və Suriyada dizayn etdiyi oxşar aqibət hazırlanır? Üstəlik, tarixi “Böyük Xorasan”ın qərbi, yaxud “Kiçik Xorasan” İranın bir hissəsidir...
Lakin İranın digər ərazilərdə, ilk növbədə farsdilli Tacikistanda “gözü var”. Ola bilsin ki, İranın maraq dairəsində olan Əfqanıstan bölgələrinə SEPAH-ı “soxuşdurmaq” üçün “Xorasan Vilayəti”ni şiələrə qarşı müharibəyə və repressiyaya təhrik etməklə fars dəhlizini açmaq planları var.
“Krokus Siti” terrorundan sonra taciklər Rusiyada gözdən düşdü və “günah keçisi” kimi meydanda “dar ağacına çəkildi”. Bunun ardınca Türkiyə də Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv etdi. Bu isə Mərkəzi Asiyada “farsdilli element” olan taciklərin İranın ağuşuna düşməsini asanlaşdıracaq. Çünki İran Tacikistana da nəzarət etmək iddiasındadır. İran və Fransa həm Ermənistana münasibətdə, həm də Yaxın və Orta Şərqdə geosiyasi tandemdədir.
Bu gün biz Fransanın Rusiyanı Ermənistandan “çıxarmasının” şahidiyik, lakin Tacikistanın növbəsi hələ çatmayıb. Sözsüz ki, Ermənistan bu gün Rusiyadan çox Fransa və İrana ümid bəslədiyi kimi, Tacikistan da yavaş-yavaş İran-Fransa “böyük ittifaq”na doğru, yəni Tehrana tərəf “yellənəcək”. Təkcə, əhalinin mühüm qisminin taciklər və iranyönlü şiə həzaraların təşkil etdiyi Şimali Əfqanıstandan keçən “dəhliz açmaq” qalır və İran öz Xorasanı ilə Çinlə həmsərhəd Tacikistan arasında İran dəhlizini açmaqla qarşımıza çıxa bilər.
Əlbəttə, bütün bu yazılanlardan sonra sual oluna bilər ki, İsrailin Qəzzadan çıxması, oranı fələstinlilərdən təmizləməsi, İrana insanları öldürməyən, dağıntı törətməyən “elektron bombaları” atması, ölkənin Suriyadakı səfirliyinə zərbə endirməsi arasında nə bağlantı var? İranın Suriyadakı səfirliyinə bomba atılması Tehrana İsrailə hücumun simvolu kimi Qəzzaya doğru hərəkət etmək bəhanəsi verər. Ələlxüsus, İsrailin “onu qıdıqlamasından heç cür vəcdə gələ bilməyən İran” yalnız söz savaşı ilə kifayətlənir. İndi isə İsrail sünni məzhəbli müsəlmanların yurdu olan Qəzzanı şiə İran üçün təmizləyib. Necə ki, İŞİD İraqla Suriyanı İran üçün sünni müsəlmanlardan təmizlədi. Bu, həm də Türkiyəni Qəzza uğrunda, islam ümmətinin lideri olmaq uğrunda mübarizədən uzaqlaşdırar və onu “offsayt” duruma salar. Beləliklə, indiki vəziyyət illərdir nə Fələstin, nə Qəzza üçün barmağını belə tərpətməyən İran üçün “sinidə hazır gətirilən nemət”dir. Bu, bir daha onu təsdiq edir ki, mövzu Türk gücü olunca, Vatikan və ABŞ əlbir ola bilirlər.
Ülviyyə ŞÜKÜROVA