Paşinyanın deputatı mandatdan imtina etdi – Jurnalisti təhqir etmişdi...

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Vilen Qabrielyan deputat mandatından imtina edib.
Erməni mediası xəbər verir ki, Qabrielyan ötən bazar günü Gümrüdə özü ilə bağlı insidenti “Ermənistan parlamentinin deputatına yaraşmayan davranış” hesab edib.
"Milli Assambleyanın üzvü öz missiyası zamanı nalayiq davranış nümayiş etdirməməyə borcludur. Buna görə hamınızdan açıq şəkildə üzr istəyirəm və deputat mandatımdan imtina etdiyimi rəsmən bəyan edirəm. Müəyyən edilmiş qaydada bu gün parlament əməkdaşlarına ərizə təqdim edəcəyəm", - Qabrielyan “Facebook”-da yazıb.
Martın 30-da “Euromedia” agentliyinin jurnalisti Koryun Simonyan Gümrü ətrafında gəzən Qabrielyana sual vermək üçün yaxınlaşıb. Jurnalist deputatın sərxoş olub-olmadığını anlamağa çalışıb. Deputat isə sərxoş vəziyyətdə onu təhqir edərək videonu dərc etməməyi tələb edib. Amma video yayılıb və bundan sonra jurnalistlər deputatdan üzr istəməsini və mandatdan imtina etməsini tələb ediblər.
Qabrielyan bu gün həmçinin elan edib ki, o, “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyəti üzvlüyünə keçiriləcək seçkilərdə namizəd kimi iştirak edir.
“Mənə aydındır ki, partiyamızın bərpaya və transformasiyaya ciddi ehtiyacı var”, - deyə Vilen Qabrielyan yazıb. Ancaq hansı bərpadan bəhs etdiyini açıqlamayıb.