UKRAYNANI BERLİN KİMİ BÖLÜŞDÜRMƏK?... – Moskvada saatlar çəkən Putin-Uiktof danışıqlarının nəticələri

Dünən axşam Sankt-Peterburqda Boris Yeltsin adına Prezident Kitabxanasında Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş keçirilib.
Qərb mediası bildirir ki, görüş dörd saat yarım davam edib.
Protokol çəkilişindən sonra Putin və Uitkoff qapalı formatda danışıqlara başlayıb. Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə Ukraynanın müzakirə mövzusu olacağını bildirib. Peskovun sözlərinə görə, görüşdən sonra Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı mümkündür. Liderlərin telefon əlaqəsinin olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.
Ağ Evin sözçüsü Carolayn Leavitt brifinqdə deyib ki, Uitkoffun Rusiyaya səfəri sülhə doğru daha bir addımdır. Bu, Trampın ABŞ Prezidenti kimi fəaliyyətə başlamasından sonra Putin və Uitkoff arasında üçüncü görüşdür.
Uitkoff Putinlə görüşdən əvvəl Rusiya Prezidentinin xarici ölkələrlə əməkdaşlıq üzrə nümayəndəsi Kirill Dmitriyevlə danışıqlar aparıb. Bu, Rusiya və ABŞ Prezidentlərinin nümayəndələri arasında son bir neçə gündə ikinci görüş idi. İlk danışıqlar ötən həftə Vaşinqtonda baş tutmuşdu.
“Reuters” mənbələrinin bildirdiyinə görə, Dmitriyevlə ilk görüşdən sonra Uitkoff Trampa sülhə nail olmağın ən qısa yolunun Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrinə nəzarəti Rusiyaya təhvil verməyi nəzərdə tutan strategiyanı dəstəkləmək olduğunu deyib. Agentliyin iki mənbəsi Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun Uitkoffun mövqeyini dəstəkləməməsinə aydınlıq gətirib. Məlumata görə, Kelloq Trampa deyib ki, “Ukrayna bu ərazilərlə bağlı bəzi şərtləri müzakirə etməyə hazır olsa da, bu bölgələrə tam nəzarəti birtərəfli qaydada Rusiyaya verməyə heç vaxt razı olmayacaq”.
Kelloq, İkinci Dünya müharibəsindən sonra Berlinlə olduğu kimi, Ukraynanın faktiki olaraq təsir zonalarına bölünə biləcəyi atəşkəs planı təklif edib.
Onun fikrinə görə:
- Rusiya Ukraynanın şərqinə nəzarət edir və Britaniya və Fransa qüvvələri qərbdə "zəmanət missiyası"nın bir hissəsi kimi peyda ola bilər;
- ABŞ quru qoşunlarını göndərməyəcək, lakin koordinasiyada iştirak edə bilər;
- Ukrayna və Rusiya Federasiyası orduları arasında eni 18 mil olan bufer zonasının yaradılması təklif edilir;
- Atəşkəs bağlandıqdan sonra Ukraynada yeni seçkilər keçirilə bilər.
Kelloq Avropaya xəbərdarlıq edir ki, əgər müstəqil hərəkət etməyə hazır deyilsə, ABŞ-nin hərbi dəstəyinə bel bağlamasın. Agentliyin qeyd etdiyi kimi, Tramp administrasiyasının rəsmiləri sülh sazişinin necə əldə ediləcəyi ilə bağlı getdikcə daha çox fikir ayrılığına düşürlər.
Rasim Əliyev