Gözünüzün içinə qədər yalan danışırsınız, Obradoviç!

Baxış sayı:
14032

U-21 millimizin baş məşqçisi Milan Obradoviç Fransa – Azərbaycan (5:0) oyunu haqqında deyib: “Əlbəttə, Fransa yığması qələbəyə layiq idi, buna şübhə ola bilməz. Amma biz də ən azı bir qol vurmağa layiq idik. Alınmadı. Futbolçulara da bildirdim ki, daha yaxşı oynaya bilərdik. Təbii ki, Fransa səviyyəsində oynaya bilmərik. Onlar hər şeydə bizdən çox irəlidədilər. Amma hətta belə rəqiblərlə görüşlərdə belə oynaya, öz səviyyəmizi göstərə, futbol sərgiləyə bilərik. Artıq bu oyun geridə qaldı”. 

Cənab Obradoviç, Fransa yığmasının gücünə belə bələdiydinizsə, rəhbərlik etdiyiniz yığmanı meydana buraxmazdınız, alardınız 3:0-lıq məğlubiyyəti, oturardınız isti kürsünüzdə. Hansı milli hansı səviyyədədə olduğu hər kəsə  məlumdur. Amma və lakin. 5:0-lıq məğlubiyyət də daha suyunu çıxartmaqdır. Bundan sonra utanmaz-utanmaz “biz də 1 qol vurmaq istəyirdik” deməyiniz isə çulunuzu sudan quru çıxartmaq savaşınızdan başqa bir şey deyil. 

Düz gözünüzün içinə qədər yalan danışırsınız, Obradoviç! İstəsəydiniz, sizə verilən vəzifənin heç olmazsa, digər bir yönünü sınayardınız. Nədir o? Psixoloji hazırlıq. Bağışlayın, cənab serbiyalı. Siz deyəsən, bunların heç birinin öhdəsindən gələ bilmirsiniz. Və  daha artığı, siz gələcəyimiz olan milliyə nəticə vermək gücündə də deyilsiniz. 21 yaşda məğlubiyət alan futbolçu əsas milliyə gətiriləndə olacaqları da öncədən görürürk və ya hiss edirik artıq.

Daha bir nüansı da qeyd etməyi özümə vəzifə borcu bilirəm. 21 yaşlılar Rəşad Sadıqovun zamanında Bosniya və Hersoqovinaya 0:2 hesabla məğlub olanda hesab üzərində böyük hərflərlə Rəşad Sadıqovun adını qeyd edən AFFA nədənsə Fransaya 5:0-lıq məğlubiyyətin üzərində serbiyalının adını qeyd etməyib. İnsanlar da baş məşqçinin adını axtarırlar ki, görək, bu kimdir. Bu yollarla sevimli baş məşqçiniz hədəfdən də, tənqiddən də yayınmır, AFFA. 

Hələ tam əksi, bütün azarkeşlərdə bir növ qıcıq yaranır. Belə görürəm, özgə verdiyi zəhər də olsa, daha dadlıdır, nəinki özümüzünkü. Uzun zamandır deməyə darıxdığım cümləm var: Azərbaycan futboluna xoş gəlmisiniz. Buyurub, keçin, yeyin-için, məhv edilmişi daha da da bərbad hala salın və gedin!
 

Naibə Məmmədova

Yenisabah.az