Bədavi legioner limitinin ləğvi ilə bağlı nə dedi?

Baxış sayı:
976

"Qarabağ"ın futbolçusu Bədavi Hüseynov Misli Premyer Liqasının 23-cü turunda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra "CBC Sport"a müsahibə verib. 

O, əvvəlcə matçla bağlı fikirlərni bölüşüb: 

"Bəzən qırmızı vərəqə planları pozur. Amma stadionda əla ab-hava var idi. Azarkeşlər bizi motivasiya edirdilər, heç kim təslim olmaq istəmirdi. Xoşbəxtlikdən heç bir insident yaşanmadı. Baxmayaraq ki, matçda gərginlik hiss olunurdu. Penalti olmasa idi, yəqin ki, matç heç-heçə bitəcəkdi. Yaxşı ki, qol vura bildik. Medinanın provokasiyalara meyilli olması insanlara maraqlı gəlir. Amma biz belə şeyləri xoşlamırıq". 

Millimizin müdafiəçisi gələcək planlarından danışıb: "Karyeramı "Qarabağ"da bitirmək istəyirəm. Özümü başqa komandada təsəvvür etmirəm. Çünki bura mənim evimdir. Hər il daha çox oynamaq istəyirəm. Futbolu bitirmək fikrim yoxdur. Karyeram sürətlə keçib gedir, amma bütün gücümü "Qarabağ"a vermək niyyətindəyəm. 

B. Hüseynov növbəti mövsümdən legioner limitinin ləğv olunması qərarından da söz açıb: "Limit məsələsi maraqlı mövzudur və geniş müzakirə tələb edir. Aydındır ki, bu qərar bəzi oyunçuların şanslarını məhdudlaşdıracaq. Hər kəs bunun fərqindədir, amma bu qərara anlayışla yanaşmaq və daha çox çalışmaq lazımdır. Məncə, bu addım yerli futbolçuların keyfiyyətini artırmaq məqsədi daşıyır. Bu, uzun müzakirə mövzusudur. Başqa bir gün daha ətraflı müzakirə etmək olar".