DÜNYA YENİ BÖYÜK MÜNAQİŞƏYƏ SÜRÜKLƏNİR - Rusiyanın gələcək müqəddəratını ABŞ və Çin həll edəcək

Baxış sayı:
595

Dünyada cərəyan edən siyasi proseslərin ümumi istiqaməti bütün mövcud münaqişələrin daha da kəskinləşəcəyindən və aktiv fazaya keçəcəyindən xəbər verir. Bir neçə il əvvəl qlobal səhnədə gedən geostrateji mübarizələrin səbəbləri və mümkün perspektivləri haqqında əsasən siyasi icmalçılar danışırdılarsa, bu gün artıq bu mövzular beynəlxalq səviyyəli yüksək rütbəli rəsmilərin müzakirə obyektinə çevrilib.

NATO-nun yeni baş katibi Mark Rütte belə bir fikir irəli sürüb ki, Çin Tayvana hücum etməmişdən əvvəl Rusiyanı NATO ərazisinə müdaxilə etməyə təhrik edəcək. Maraqlıdır ki, bir qədər əvvəl Çin Xarici İşlər naziri Van İ da ölkəsinin Rusiyanın məğlub olmasını istəmədiyini bəyan edib. Onun sözlərinə görə, əgər Ukraynadakı müharibə dayandırılarsa, ABŞ bütün potensial imkanlarını Çinə qarşı yönəldəcək.

Hər iki rəsminin bu cür açıq bəyanatlarla çıxış etməsi təsadüfi deyil. Yəqin ki, ortada ciddi geosiyasi niyyət var və bu niyyətin gerçəkləşmə ehtimalı da kifayət qədər yüksəkdir. Görünür, dünya məqsədli şəkildə yeni böyük münaqişəyə doğru sürüklənir və nə Rütten, nə də Van İ bu fikirləri təsadüfən səsləndiriblər. Aydın görünür ki, Qərb Ukraynada gedən müharibənin dayandırılmasında maraqlı deyil.

Qərb ölkələrinin Ukraynaya göstərdiyi "dozalanmış" yardımlar və müxtəlif bəhanələrlə Rusiyaya qarşı ölümcül zərbə vura biləcək sanksiyaların tətbiq olunmaması göstərir ki, onlar hələlik Rusiyanı tam məğlub etmək istəmirlər. Mark Rüttenin açıqlamalarından belə nəticə çıxır ki, ABŞ az qala bütün resurslarını Ukraynanın ehtiyaclarına yönəltsə də, əslində Ukraynaya lazım olan səviyyədə yardım edilmir. Sadəcə, reallaşdırılmayan gurultulu vədlər səsləndirilir.

Hazırkı dövrədək Qərb ölkələri Ukraynaya 370 milyard dollar dəyərində hərbi və humanitar yardım göstərib. Bu məbləğ ilk baxışda böyük təsir bağışlasa da, nəzərə almaq lazımdır ki, artıq müharibənin dördüncü ili gedir və bu yardım Rusiya təcavüzü qarşısında kifayət qədər cüzi görünür. Bu illər ərzində nə qədər tələb edilsə də, Rusiyanın dondurulmuş 300 milyard dollardan artıq aktivi Ukraynanın ehtiyaclarına yönəldilməyib. Yalnız həmin aktivlərdən gələn faiz vəsaitlərinin kiçik hissəsi Ukraynaya verilib.

ABŞ vaxtilə Əfqanıstanda 20 il ərzində 800 milyard dollar xərcləyib, lakin sonda oranı tələsik tərk etdi. İndi həmin pulların aqibətini unudan Vaşinqton, Ukraynaya göstərdiyi yardımın hesabını aparır. Halbuki ekspertlərin hesablamalarına görə, əgər Rusiya qalib gələrsə, NATO ölkələri sonradan öz hərbi xərclərini 5 trilyon dollara qədər artırmaq məcburiyyətində qalacaqlar.

Hazırda Ukraynaya yardımla bağlı köhnə “vədlər karuseli” yenidən fırladılır. Tramp Zelenski ilə telefon danışığından sonra Ukraynanın hava məkanını möhkəmləndirməklə bağlı yardım göstərəcəyini bildirib. Dünən isə Ağ Ev Ukraynaya yardımın davam edəcəyini bəyan edib. 

Artıq şikayət etməyin mənasız olduğunu anlayan və mövcud vəziyyətlə barışmağa məcbur olan Zelenski özünün "X" sosial şəbəkəsində yazıb: “Mən ABŞ prezidenti ilə mövcud vəziyyəti müzakirə etdim. Hərbi əməkdaşlığımızdakı imkanlara diqqət çəkdik və Ukraynanın hava məkanının qorunmasını gücləndirmək barədə razılığa gəldik. Ukrayna Amerika ilə birgə layihələrə hazırdır”.

Bəzi analitiklərin fikrincə, Tramp bilərəkdən Putinə mülayim münasibət göstərir və hətta buna görə Ukraynaya silah yardımını da dayandırmaq istədiyini bildirib. Digər fikrə görə isə Tramp qlobal sülhün bərqərar olunması imici qazanmaq istəyir və bu məqsədlə Putini müharibəni dayandırmağa razı salmağa çalışır. Axı Tramp İsrail–İran münaqişəsini "dayandırdığını" düşünür. İddialı və şöhrətpərəst Tramp Nobel Sülh Mükafatına namizəd olmaq istədiyini də goizlətmir. Artıq dostu Netanyahu bu təkliflə çıxış edib. Elə onun Putinə tez-tez zəng etməsini və xahiş dolu danışıqlar aparmasını da bununla izah etmək olar.

Yeri gəlmişkən, Trampın Putinlə İran məsələsini müzakirə etdiyi də bildirilir. Hətta iddia olunur ki, Putin Trampa belə bir təklif verib: “Mən İranın arxasından çəkilirəm, sən də əvəzində Ukraynanı müdafiə etməkdən əl çək”. 

Görəsən, Tramp bilmir ki, Rusiya İrana yardım göstərəcək qədər gücə malik deyil? Rusiyanın İrana nüvə silahı verməsi də mümkün deyil, çünki bu, ilk növbədə onun özü üçün təhlükə yaradar. Geosiyasi maraqlar dəyişkəndir – bu günkü müttəfiq sabah rəqibə çevrilə bilər.

Kremlin İrana verə biləcəyi silah siyahısına nəzər salsaq, “S-400” zenit-raket kompleksinin xüsusi əhəmiyyət daşıdığını görə bilərik. Ancaq bu sistemin də real faydası yoxdur. Birincisi, Rusiyanın özünün Hava Hücumundan Müdafiə sistemlərinə ciddi ehtiyacı var. İkincisi, “S-400” sistemləri “F-35” qırıcıları qarşısında təsirsiz qalacaq. Hətta “F-35” qırıcıları bu sistemlərin yerini aşkarlayıb, onları məhv edə bilir.

Bəs Rusiya İrana hərbi təyyarəmi verəcək? Hazırda Rusiyanın ən qabaqcıl qırıcısı “Su-35” sayılır. Əgər bu təyyarə kifayət qədər güclüdürsə, niyə Ukrayna səmalarında özünü göstərə bilmir? Rusiyanın heç bir təyyarəsi “F-35”lə rəqabət apara bilməz. “Su-35”in texniki imkanları ilə bağlı tənqidlər artır. Misir bu təyyarəni almaqdan imtina etməyə hazırlaşır. Misir hərbçilərinin fikrincə, “Su-35”in radar sistemləri və radio-elektron mübarizə vasitələri müasir tələblərə cavab vermir. Təyyarədə quraşdırılan “İrbis” adlı aktiv fazalı radar sistemi isə Qərb analoqlarından çox geri qalır. Məsələ təkcə elektronika ilə bitmir. Təyyarənin mühərrikindən çıxan yüksək istilik izi düşmən radarları tərəfindən asanlıqla aşkarlana bilir.

Bəli, Rusiya elə bir güc deyil ki, onun qarşısında nəhəng Qərb bu qədər aciz qalsın. Trampın Rusiyaya göstərdiyi xoş münasibət hətta mühafizəkar dairələri də narazı salır. Respublikaçıların və Trampın mövqeyini dəstəkləyən “The New York Post” qəzetində dərc edilən “Vladın cavabı sülhdən yanadır, cənab prezident: Biz Ukraynanı yenidən silahlandırmalıyıq” başlıqlı məqalədə Ağ Ev administrasiyasına kəskin suallar ünvanlanıb.

Məqalədə deyilir:“Cənab Prezident, biz bilirik ki, Ukraynada sülhə əngəl törədən Rusiyanın təcavüzüdür... Bəs niyə, cənab Prezident, administrasiyanız Ukraynanı cəzalandırır? Ukraynanın taleyi Amerika haqqında dünyaya bir mesajdır. Rusiya iqtisadi cəhətdən zəif bir ölkədir. Rusiya ölməkdə olan bir terror dövlətidir. Putin imperiyasını qorumaq üçün öz xalqının qanını tökməyə hazırdır. Əgər onun uğur qazanmasına imkan versək, Avropanı təhlükəyə atmış olarıq. O zaman Çin bizim müttəfiqliyimizin sabit olmadığını görəcək. Ukraynanın süqutu əhəmiyyətsiz bir hadisə olmayacaq. Bu, dünyada sabitliyi poza, Amerikanı zəiflədə və sizin prezidentliyinizə mənfi təsir göstərə bilər”.

Birmənalı şəkildə qəbul edilməlidir ki, dünya miqyasında Rusiya nə iqtisadi, nə də hərbi baxımdan güclü dövlətdir. Bunu yaxşı anlayan ABŞ, geostrateji maraqları naminə Rusiyadan istifadə edir və onu süni şəkildə “qorxulu” göstərməyə çalışır. SSRİ dağıldıqdan sonra Rusiyanın qlobal səhnədən tamamilə silinməsinə ABŞ imkan vermədi. Bugünkü geosiyasi və iqtisadi proseslərin inkişaf istiqamətləri göstərir ki, Rusiyanın gələcək taleyini ABŞ və Çin müəyyənləşdirəcək. Necə? Bu artıq beynəlxalq razılaşmaların və proseslərin axarından asılı olacaq.

V. Nəsibov