“DEDİ Kİ, SƏN KOL DİBİNDƏ YATMISAN...” – Qarabağ döyüşçüsü yol polisi tərəfindən təhqir olunduğunu iddia edir / FOTOLAR
Naxçıvan MR, Şərur rayonunda anadan olan, hazırda Bakıda yaşayan 01.01.2001-ci il təvəllüdlü Abbasov Nihad Vidadi oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, martın 6-da, saat 08:30-da idarə etdiyi “Ravon R3” markalı maşınla “Hyunday Santa fe” markalı maşını vurub. Qəzadan sonra qarşı tərəf yol polisinə və sığorta şirkətinə məlumat verib. İstər sığorta şirkəti, istər də yol polisi əməkdaşları hadisə yerində şəkillər çəkdikdən sonra, zərəçəkən şəxslə birlikdə DYP-nin Binəqədi rayon şöbəsinə gediblər:
“Biz hər ikimiz 10-cu otağa daxil olduq. Orada adını və soyadını bilmədiyimiz mülki geyimli şəxsə hadisə haqda məlumat verdik. O, günahın məndə olduğunu dedi və mən razılaşdım. Bundan sonra vurduğum maşının sahibi otaqdan çıxdı. Bu zaman həmin şəxs mənə dedi ki, günah səndədir, sadəcə, biz sənə ağır cərimə yazmaq istəmirik, amma sən bizə 100 manat verməlisən. Dedim ki, mən sizə pul verməli deyiləm, imkanım da yoxdur. O, israr etdikdə, İkinci Qarabağ savaşının iştirakçısı olduğumu dedim və güzəşt etməsini xahiş etdim. Dedi ki, yalan danışırsan, sənin pulun var. Bu zaman pul qabını açıb göstərdim ki, içi boşdur, sadəcə pensiya kartım var. Əlavə etdim ki, pensiya və valideynlərimin köməyi ilə dolanıram. Bundan sonra dedi ki, sənin veteranlığın da, o sənədlərin hamısı da saxtadır. Cavab verdim ki, heç bir sənədim saxta deyil, 2 medalım da var. Üstəlik, atam da veterandır, babam şəhiddir. Dedi ki, gətir sənədlərini göstər, sənə inanaq. Əks halda sən kimsən ki, biz sənə hörmət edək?!
Medallarım, sənədlərim və hərbi formam maşında idi. Gətirib göstərdim ki, bax, bunlar mənim medallarım, bunlar da sənədlər, filan yerlərdə döyüşmüşəm və s. Bütün bunlardan da əlavə, mən sizə rüşvət verə bilmərəm, cəriməm nədir, yazın, çıxım gedim. Bilirdim ki, cəriməm 40 manatdır, 10 gün müddətinə ödəsəm 36 manat edir. Yenə də dedi ki, sən bizə 100 manat verməlisən. Əlavə etdi ki, sənədlərin qalacaq, get pul gətir, çünki sənə inanmırıq, bu sənədlər saxtadır. Ona sənədlərimin saxta olmadığı haqda təkrar etiraz etdikdə, məni təhqir etdi. Dedi ki, sən kolun dibində yatmısan, sən kimsən ki, biz sənə hörmət edək?! Daha sonra medalları, pensiya kartımı, pul qabımı və digər sənədləri də özündə saxladı, “çıx çölə, mən heç kimi tanımıram”, - deyə məni otaqdan qovdu.
Bundan sonra məsələ ilə bağlı rəisə müraciət etmək qərarına gəldim. Qapını döyüb, içəri girdim. O da məni təhqir edərək otağından qovdu.
Nəhayət, baş verənlərlə əlaqədar 102, 902, 161 xidmətlərinə məlumat verdim. Üstəlik, Prezident Administrasiyasına da getdim, baş verənlər haqda danışdım. Lakin heç bir xeyri olmadı”.
Şikayətçi iddia edir ki, bir neçə gün sonra DYP-nin Binəqədi şöbəsinin rəisi və medallarını götürən şəxs zəng vuraraq, onlardan şikayət etdiyi üçün onu təhqir ediblər. Daha sonra başqa-başqa telefon nömrələrindən zənglər gəlib və onlar da onunla hədə-qorxu ilə danışıblar.
Qeyd edək ki, Nihad Abbasovun redaksiyamıza təqdim etdiyi telefon nömrələrindən biri ilə əlaqə saxlaya bildik. Bu zaman bəlli oldu ki, həmin şəxs baş inspektor, polis mayoru Azər Xanməmmədovdur. Əməkdaşımıza açıqlama verən A.Xanməmmədov N.Abbasovun heç bir əməkdaş tərəfindən təhqir olunmadığını, bunu sübut edən video-görüntülərin olduğunu vurğuladı: “Abbasov Nihad Vidadi oğlu Binəqədi ərazisində yol nəqliyyat hadisəsi törədib. Belə ki, o, idarə etdiyi nəqliyyat vasitəsilə qaydaları kobud şəkildə pozaraq qəza törədib və digər sürücülərə zərər vurub. Araşdırma tələb olunan vaxt o, Qarabağ veteranı olduğunu bildirib. Daha sonra ona protokol tərtib olunamasın deyə sənədləri ataraq, çıxıb gedib. Hazırda sənədlər idarədədir. Dəfələrlə özü və əmisi ilə əlaqə saxlanılsa da, sənədlərin arxasınca gələn olmayıb. Özünə də deyilib ki, qanun nədirsə, ona da riayət olunacaq. Vətəndaş isə səbəbsiz yerə şikayətlər edir.
Onu da qeyd edim ki, burda təhqir və təhdid ediləcək bir məsələ yoxdur. Biz öz işimizi qanun çərçivəsində görmüşük. Vətəndaşı yığıb sənədlərini götürməsini istəyən hər bir əməkdaşımıza ancaq bu kəlmələri deyir: “Mən Qarabağ müharibəsi iştirakçısıyam, mənə güzəşt olunmalıdır, sənədlərimi özünüz gətirib verin”. Biz tərəfdən də bildirilir ki, çox gözəl, biz də sizə hörmətlə yanaşırıq. Amma vətəndaş Nihad Abbasov onu da bilməlidir ki, qanun hər kəs üçündür.
Şəxsən mənim özüm ona zəng vuraraq sadəcə bildirmişəm ki, sizin Daxili İşlər Nazirliyinə müraciətiniz daxil olub, xahiş edirik, gəlib sənədlərinizi götürəsiniz. Vətəndaş yenə yuxarıda dediyim sözləri təkrar etmişdir. Vətəndaş bütün bu dediklərimi hüquqi şəxsə, icraçı köməkçilərə qarşı edib. Hətta orda kameralar da var. Vətəndaş istədiyi vaxt özü də gələ, yaxud da yaxın qohumunu sənədlərin arxasınca göndərə bilər.
Onu da qeyd edim ki, vətəndaşın ortalığa tökdüyü sənədləri ondan istəyən olmayıb. Biz sürücülük vəsiqəsi ilə protokol tərtib edirik. Şəxsin özünə mənim özüm və digər əməkdaşlar tərəfindən dəfələrlə zəng vurulub ki, gəlib sənədlərini götürsün, lakin cavab yoxdur”.
Hazırladı: Jalə FAMİLQIZI