SUMQAYIT BƏLƏDİYYƏSİ "QAZ VURUB, QAZAN DOLDURUR" - Hətta Bələdiyyə mülkiyyətində olan torpaqlar da qanunsuz yollarla satılır

Baxış sayı:
530

Sumqayıt şəhər sakinləri Sədiyev Şahin Zeynal oğlu, Baxşəliyev Əkbər Əbdüləli oğlu, Gülməmmədov Sərxan Rizvan oğlu və Əhmədov Ceyhun tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçilər bilirirlər ki, Sumqayıt Şəhər Bələdiyyəsinin qanunsuz əməlləri bitmək bilmir:
"Sumqayıt Bələdiyyəsinin qanunsuz əməllərindən şəhər sakinləri boğaza yığılsa da, çıxış yolu tapa bilmir. Bir müddət əvvəl Yaşma sakinləri bu əməllərdən bezib, etiraz etmək üçün magistral yolunu da bağlamışdılar. Məsələni sakitləşdirib, bir müddət gözlədikdən sonra "Yaşıl dərə" deyilən əraziyə hücum etmişdilər. Hazırda  isə 76-cı məhəllə ərazisində qanunsuzluqlar davam etməkdədir.
Sumqayıt Şəhər Bələdiyyəsinin sədri və bəzi əməkdaşları ilə əlbir olan torpaq alveri ilə məşğul olan bir qrup şəxs çıxarış və ya sənəd ala bilməyən ərazilərə çöküb, torpaqları sahiblərinin əlindən alıb satırlar. Razılaşmayan sakinlərə isə, bu tapşırığın "yuxarıdan gəldiyini" söyləyərək, yəni Sumqayıt şəhərinin yüksək vəzifəli şəxslərinin adını çəkərək, onları qorxutmağa çalışırlar.
Öz torpaqlarını qanunsuzluğa qurban vermək istəməyən sakinlərə rast gələndə isə əraziyə özlərini qazi və veteran kimi təqdim edən bir qrup şəxsi göndərib, onları münaqişəyə çəkir, hədə-qorxu gəlirlər. Bu üsulla zərər görənlərin içində biz 5 qonşu da varıq.
Belə ki, Sumqayıt şəhər 76-cı məhəllə ərazisində mənim və 4 qonşumun sahibliyində və istifadəsində olan torpaq sahələri Sumqayıt Şəhər Bələdiyyəsinin sədri və bir neçə əməkdaşının havadarlığı ilə bu ilin yanvar ayının əvvəllərindən bir qrup şəxs tərəfindən zəbt edilib. Bizə heç bir xəbərdarlıq edilmədən, axşam saatlarında əraziyə texnika gətirilərək hasarlarımız dağılmış və bizə aid tikinti materialları məhv edilərək, yaxınlıqdakı gölə tökülmüşdür. Ərazi "sənaye, nəqliyyat və rabitə" tipli olduğundan, ora çıxarış almaq mümkün deyil və biz 2013-cü ildən bu ilin axırına qədər də torpaq vergisini ödəmişik.
Bütün aidiyyəti qurumlara müraciət etdik və bizə qarşı tərəfin əlində 3500 kv.m-ə Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş icarə müqaviləsi olduğu bildirildı. Amma nə qədər çalışsaq da, o icarə müqaviləsini bizə təqdim edən olmadı. Vəkilimiz vasitəsi ilə Sumqayıt Şəhər İnzibati Məhkəməsinə müraciət etsək də, qarşı tərəf Bələdiyyənin havadarlığı ilə, heç bir icazəsi olmadan tikinti aparmağa davam etdi və aidiyyəti qurumlar da buna göz yumur.
Biz vəkilimizlə əlavə bir müqavilə də bağladıqdan və xeyli çalışdıqdan sonra qarşı tərəfə verilən icarə müqaviləsinin bir surətini əldə edə bildik. Həmin müqaviləni araşdırdıqdan sonra məlum oldu ki, qarşı tərəfə təqdim edilən bu icarə müqaviləsi qanunsuzdur. Belə ki, icarə müqaviləsi bağlanarkən torpaq  sahələrimiz hərraca çıxarılmayıb və heç bir müsabiqə olmayıb.
Daha sonra bizə məlum oldu ki, bizim torpaq sahələrimizin yerləşdiyi ərazi heç Bələdiyyənin mülkiyyətində deyil. Bir sözlə, bir neçə qurum da bu qanunsuz müqaviləni görsə də, susaraq, bizim torpaq sahələrinin zəbt edilərək tikinti aparılmasına kömək etdilər. Bu qanunsuzluq hələ də davam etməsinə və hələ də tikinti aparılmasına baxmayaraq, hələ də bizə yardım edə bilən qurum axtarışındayıq.
Onu da bildirək ki, bir dəfə gəlib reyd keçirdilər. Şikayət olunan ərazi qalıb, kasıbın olan bir az torpaq sahəsini əllərindən alıb, hasarı dağıdıblar. Guya, yoxlanış keçirib, səhvləri tapıblar. Bu da bunların işi. Obyektlər olan ərazilərə isə heç toxunmayıblar".
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları çəkilən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.