Sumqayıt Bələdiyyəsinin ŞOK ƏMƏLLƏRİ

Baxış sayı:
457

Vətəndaşlara məxsus torpaq sahəsi köhnə tarixlə “Skan” MMC-yə icarəyə verilib; ikinci isə “şəhid anası”nın adından istifadə edir...
Sumqayıt şəhər sakinləri Sədiyev Şahin Zeynal oğlu, Baxşəliyev Əkbər Əbdüləli oğlu və Gülməmmədov Sərxan Rizvan oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Sumqayıt şəhər Bələdiyyəsi və Sumqayıt şəhəri, məhəllə 5, Nizami küçəsi 16-də yerləşən “Skan” MMC barəsində şikayət edən sakinlərin məktubunu olduğu kimi dərc edirik:
“2013-cü ildə Sumqayıt Bələdiyyəsi tərəfindən mən Baxşəliyev Əkbər Əbdüləli oğluna və Gülməmmədov Sərxan Rizvan oğluna sotu 1000 manata olmaqla, hər birmizə 4 sot torpaq sahəsi verilmişdir. Bələdiyyənin iştirakı ilə işıq dirəyinin yanından başlayaraq, torpaq sahəmiz ölcülərək, bizə təqdim edilmişdir. Həmin sahə 3 yerə bölünmüşdür. Bizi ikimiz və digər qonşu.
Bundan sonra sahəmiz hamar olmadığından və bir tərəfi gölə düşdüyündən, biz ora 50 yük maşını torpaq tökərək hamarlatdıq. Yer düzələndən sonra hasar cəkilməsi üçün traktor gətirdərək yer qazdırıb hasar çəkdirdik. Bu işlər üçün ümumilikdə 5 000 manat xərc çəkdik. Maddi imkanımız zəif olduğundan ev tikdirə bilmədik. Torpağa dair sənədlərlə maraqlandıqda isə, Bələdiyyə tərəfindən bizə bir müddət gözləmək məsləhət görülürdü. Bələdiyyə vergiləri ilə bağlı bizə tədiyyə bildirişlər təqdim edilirdi ki, vergiləri də vaxtında  ödəmişik.

Qeyd olunan torpaq sahəsindən təsərüffat məqsədi ilə istifadə edərək yararlanmışıq. Bu il, yanvar ayının 16-da isə bizə məlum oldu ki, Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən, bizim sahiblik və istifadəmizdə olan torpaq sahəsinə müdaxilə olunaraq hasalarlarımız sökülmüş, daşların bir hissəsi əraziyə səpələnmiş, bir hissəsi gölə tökülmüş, bir hissəsi də torpaq  altında qalmışdir. Üstəlik, sahəyə daş və torpaq tökülərək, sahələrimiz bərbad hala salınmışdır.
Araşdırma zamanı məlum oldu ki, bu qanunsuz hərəkətlər Sumqayıt Bələdiyyəsi ilə “Skan” MMC  tərəfindən törədilmişdir. Tərəfimizdən mümkün olan müqavimət göstərilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Ombudsman Apartının qaynar xətlərinə qanunsuzluq barədə məlumat verildi. Bundan əlavə, Sumqayıt İnzibati Məhkəməsinə ( ayrılmış torpaq sahəsinə müdaxilənin dayandırılması və dəymiş ziyanın ödənməsinə  dair) iddia ərizəsi ilə müraciət olundu.
Söküntü və tikinti işlərini aparan “Skan” MMC-nin nümayəndəsi tərəfindən bizə məxsus olan ərazinin Sumqayıt Bələdiyyəsi tərəfindən onlara verildiyi bildirilsə də, hər hansı bir sənəd təqdim edilməmişdir. Qeyd olunan şəxs havadarlarının məsləhəti ilə çox kobud və təhqiramiz ifadələrlə üstumüzə cumaraq, bizi davaya cəlb edib, polis vasitəsi ilə “aradan götürməyə” calışdı. Planının baş tutmadığını və bizim qanuni şəkildə mübarizə apardığımızı gördukdə isə, jantaşa keçərək, guya bizim onun təhqir etdiyimizlə bağlı polisə müraciət etdi.
12 fevral tarixində Sumqayıt şəhər 5-ci Polis bölməsinə dəvət olunduq. Bölmə rəisinin qəbulunda araşdırma aparılarkən məlum oldu ki, bizim sahiblik və istifadəmizdə olan Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən 3500 kv.m ərazi Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən tam qanunsuz olaraq, keçmiş tarixlə Quliyeva Nazilə İsa qızına icarəyə verilmişdir. Araşdırmanın nəticəsi olaraq belə qərar alındı ki, mübahisə ilə bağlı tərəfimizdən Sumqayıt İnzibati Məhkəməsinə müraciət olunduğu və münaqişənin böyüməməsi üçün hər iki tərəf işin icrasını dayandırmalıdır. Ümumi razılığa gəlinərək işin dayandıqılmasına baxmayaraq, 05 mart tarixində “Skan” MMC-nin nümyəndəsi tərəfindən əraziyə tikinti materialları tökülərək, hasarlama işlərinə başlanıldı. Biz əraziyə gəldikdə əvvəlkindən daha pis formada, aqressiv hücumlara məruz qaldıq. Belə ki, xüsusi qaydada öyrədilərək oraya göndərilmiş, şəxsi kefiyyətləri müsbət olmayan və özlərini “qazi” və “veteran” kimi təqdim edən bir neçə şəxs bizi hədələyərək, təhqir etməklə ərazidən kanarlaşdırdılar.
Yenidən Sumqayıt Şəhər 5-ci Polis bölməsinə müraciət etdikdə, bizə bildirdilər ki, “araşdırmaya dair materiallar Sumqayıt Şəhər Polis İdarəsinə göndərilib və bu səbəbdən də biz işəmüdaxil edə bilmərik”. Qarşı tərəf də bundan istifadə edərək, yenidən tikinti işinin davam etdirməyə başladı.

Yenidən Daxili İşlər Nazirliyinin qaynar xəttinə müraciət edərək  işin dayandırılmasını xahiş etsək də, buna nail ola bilmədik. Sonra vəkilimiz vasitəsi ilə Sumqayıt Şəhər Polis İdarəsinə yaxınlaşdıq. Araşdırma materialları ilə tanış olduqda bizə məlum oldu ki, bizim sahiblik və istifadəmizdə olan Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən 3500 kv.m ərazi Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən Quliyeva Nazilə İsa qızına 29.10.2024-cü il tarixli müraciət əsasında icarəyə verilmişdir. Qeyd etdiyimiz kimi, həmin icarə müqaviləsi tam qanunsuz və sənədlərin saxtalaşdırılması ilə verilmişdir. Belə ki, icarə müqaviləsinin təyinatı, müddəti və torpağın koordinatları göstərilmədən verilmişdir. Bununla yanaşı, qeyd olunan icarə müqaviləsi Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilməmişdir.
Bununla da aydın oldu ki, bir qrup şəxs “vətənə xidmət” adından istifadə edərək, İcra Hakimiyyətinə və Bələdiyyəyə təzyiq etməklə, bizim sahiblik və istifadəmizdə olan torpaq sahəsini əlimizdən almağa çalışır. Bu işdə onların səlahiyyət sahib olan havadarlarının olması şübhəsizdir. Belə ki, bütün dövlət orqalarına müraciətlərimizin olmasına baxmayaraq, işin dayandırılması mükün olmamışdır.
Bizdə olan məlumata görə, Quliyeva Nazilə İsa qızı özünü “şəhid anası” kimi təqdim etməklə Sumqayıt Bələdiyyəsinin və “Skan” MMC-nin vasitəsi ilə Yaşma və “Yaşıl dairə” deyilən ərazidə vətəndaşlara məxsus torpaq sahələrini zəbt etmişlər. Bununla da qanuni əsaslarla bizim sahiblik və istifadəmizdə olan 3 500 kv.m ərazinin Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən Quliyeva Nazilə İsa qızına icarəyə verilməsinə dair qərar tam qanunsuz  olduğundan, ləğv edilməli və ərazi “qazi” və “veteran” kimi özünü təqdim edən şəxslərdən təmizlənməklə, bizim istifadəmizə verilməsi təmin edilməlidir”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.