"AZƏRİŞIQ" GÖYÇAYLI SAHİBKARA ZÜLM EDİR - "Ziya Quliyev dedi ki, get kimə şikayət edirsən, et, mən heç kimdən qorxmuram" / FOTO

Baxış sayı:
9259

Göyçay şəhər sakini Kərimova Tamilla Ramiz qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, 1958-ci il təvəllüdlü Kərimova Tamilla Ramiz qızı, uzun illərdir ki, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğulam. Göyçay şəhərindəki avtovağzalın yaxınlığında aptek işlədirəm. Obyektin bütün lazımi sənədləri var. Elektrik enerjisinin sərfiyyatı köhnətipli elektrik sayğacı ilə hesablandığı müddətcə hər şey qaydasında idi. Lakin "Azərişıq" ASC-nin əməkdaşı indiksion sayğacı söküb apararaq, əvəzinə smart tipli sayğac gətirdilər. Həmin smart tipli sayğac isə 5 kvt gücündədir. Bu da dərmanların və tibbi ləvazimatların keyfiyyətli və etibarlı saxlanılması üçün zəruri olan elektrik avadanlıqlarının istifadəsində çətinlik yaradır.

Məsələ ilə bağlı Göyçay Elektrik Şəbəkəsinin rəisi Ziya Quliyevin qəbuluna getdim. Mənə bəhanə etdilər ki, "Ziya müəllim hazırda idarədə deyil". Halbuki o, içəridə idi və avtomobilini də həyətdə saxlamışdı. Çarəsiz qalıb poçt vasitəsilə burdan-bura məni qəbul etməsi üçün ona rəsmi müraciət etdim. Nəhayət, Ziya Quliyevin qəbuluna düşməyi bacardım. Ancaq o, mənə köməklik göstərmədi.

Yuxarı instansiyalara müraciət edəcəyimi bildirdikdə, taxtında əyləşmiş "şah" kimi, özündən razı şəkildə "Get kimə şikayət edirsən, et, mən heç kimdən qorxmuram", - dedi. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, mənimlə kobud danışmağa başladı. Hansı ki, dövlət məmuru vətəndaşlara xidmət etmək üçün vəzifəyə təyin olunur.

Beləliklə, 09 fevral 2024-cü il tarixdə Energetika naziri Pərviz Şahbazovun Ağdaş rayonunda keçirdiyi vətəndaş qəbulunda iştirak etdim. Ona öz narazılığımı bildirdim. Nazir Pərviz Şahbazov tezliklə problemin həll ediləcəyini dedi. Ancaq hələ də maraqlanan yoxdur.

"Azərişıq" ASC aptekdə quraşdırılan elektrik avadanlıqlarını nəzərə alıb, ən azı 10 kvt və ya ondan daha böyük gücdə olan sayğac quraşdırmalıdır. Bir sözlə, "Azərişıq" ASC və xüsusən də Göyçay Elektrik Şəbəkəsinin rəisi Ziya Quliyev sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına qarşı sayğısızlıq göstərir.

Mən mətbuat vasitəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən və aidiyyəti qurumlardan çox xahiş edirəm, yuxarıda qeyd etdiyim əsaslı şikayət obyektiv araşdırılaraq mənə köməklik göstərilsin, Ziya Quliyevin özbaşınalıqları haqqında isə ciddi tədbirlər görülsün”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adı şəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.