"Tehran hökumətinin çökməsinə az qalıb" - İRAN ŞAHININ OĞLU

Baxış sayı:
5050

İranın son şahı Məhəmməd Reza Pəhləvinin oğlu deyib ki, İran cəmiyyəti 1979-cu il İslam İnqilabı ərəfəsində olduğu kimi indi də “qığılcım nöqtəsinə” yaxındır və Tehran hökumətinin çökməsinə az qalır.
 
Sürgündə yaşayan vəliəhd Reza Pəhləvi “Azadlıq” radiosunun Fərda redaksiyasına müsahibəsində deyib ki, “biz həqiqətən də İran rejiminin süqutuna yaxınlaşmışıq”.
 
O əlavə edib ki, hazırda İrandakı vəziyyət 1979-cu ildəkinə bənzərdir. Həmin il İranda baş verən təlatümlü etirazlar nəticəsində şah ölkəni tərk edərək sürgünə getməyə məcbur olmuşdu.
 
Həmin üsyan İranda çoxəsrlik monarxiyaya son qoymuş və başında ayətüllah Khomeini duran İslam Respublikasının yaranması ilə nəticələnmişdi.
 
Reza Pəhləvi bu müsahibəni İran fevralın 11-də İslam Respublikasının yaradılmasının 40-cı ildönümünü qeyd etdiyi bir vaxtda verib:
 
"Gəlin unutmayaq ki, iranlıların böyük əksəriyyəti 1979-cu ilin inqilabı vaxtında heç hələ doğulmamışdı. Əgər siz onlara qulaq assanız, onların ümumi tələbi bütün siyasi bucaqlardan “bizi xilas edin” mesajının eşidilməsidir. Onlar soruşurlar: “Siz bizim üçün nə edirsiniz?”
 
Reza Pəhləvi indiyədək Qərbin İrana cəsarətsiz yanaşmasını dəfələrlə tənqid edib:
 
"Aşkardır ki, siyasət, xüsusilə də Avropanın siyasəti “gəlin iqtisadi mənfəətlər xətrinə İslam respublikasına təzyiq göstərməyək” şəklindədir. Görün bu siyasət Avropaya nə gətirib: İranda bütün regionu Suriyadan Livandakı Hizbullahadək əlaltılarının əlilə sabitsizləşdirən bir hökumət oturub. Bu gün Suriyadakı vəziyyət dini radikalizmin nəticəsidir. Bir də bütün Avropanı dolduran qaçqınlar problemi var”.
 
58 yaşlı Məhəmməd Reza Pəhləvi deyib ki, o, xarici liderlərə tez-tez ən yaxşı siyasətin “İran xalqına dəstək və güc verilməsinin” və onun firkincə “əksər iranlıları təmsil edən” dünyəvi demokratik müxalifətlə dialoq aparılmasının olduğunu xatırladır.
 
İran Hərbi Hava Qüvvələrində təyyarəçi kimi təlim görmüş Məhəmməd Reza Pəhləvi Birləşmiş Ştatlara 1978-ci ildə gəlib və o vaxtdan bəri İrandakı dini rejimin ən qatı tənqidçilərindən biri kimi çıxış edib.