Səttarxanın M.Ə.Rəsulzadəyə verdiyi müsahibə

Baxış sayı:
10964

...Səttarxan Təbriz hərəkatı ruslar tərəfindən məğlubiyyətə uğradıldıqdan sonra (1909) üz tutduğu Tehranda sığınacaq tapdığı Osmanlı-Türkiyə konsulluğunda ondan bir jurnalist kimi müsahibə alan milli ideoloqumuz M.Ə.Rəsulzadəyə də etiraf etmişdir. Rəsulzadənin onun haqqında fikri:
Sərdar (Səttarxan) qayətdə sadə və safdil bir adam olub, öz qüvvəyi-bazusinə kəmali-əmniyyətlə inanan bir adam olduğu hər bir hərəkət və kövtari ilə aşkar ediyor. Nə üçün konsulxanada bəstə girdiklərini xəbər aldıqda böyük bir ürək ağrısı və ciddi bir tövr ilə söylədi”.
Səttarxan:
“Mən Vətənimin istiqlalı yolunda bir il tamam çalışdım. Ölüm içində dirildim. İndi əziz Vətəndə bir işıq ucu göründüyü zaman, o doğma anam başqa bir fəlakətə uğrayır. Asayiş hazırlamaq və rahətlik bərdavam etmək üzrə gəlmiş olan ruslar, hala bir hərəkəti-istilacuyanəyə başlamışlar ki, artıq Vətənimizin İstiqlalından qəti-ümid edir. Elan olunan əfvi-ümumiyyə inana bilmiyoruz. Zira xaricilər hər kəsi istərlərsə, tutarlar hər nə istərlərsə edərlər.
Məmləkətin hakimləri isə vəzifə almaq istiyorlar.
İştə böylə bir halda biz nə edə bilərik. Artıq canbazlıq meydanına atılıb, müqatilə başlamaq işə keçməz. Çünki burası Vətəni daha tez əldən verməyə səbəb ola bilər. Odur ki, biz də burada mütəhssin olub, sülhə protestimizi bütün dövlətlərə bildirib, xaricilərin tezliklə vilayətimizdən çıxmalarını istəyirik. Mən artıq istərdim ki, bizim millət Osmanlı ilə yaxınlaşsın. İndi bu haldan bir dərəcə mütəşəkkirəm ki, bizi birləşdiriyor (Türkiyə konsulluğuna sığınmasını nəzərdə tutur) Təmin almaq və bəstə girmək üçün doğrusu burasını müvafiq gördük”.
Rəsulzadə:
“ Zira, İslam məmləkəti və ümdəsi məşrutəli bir məmləkətin nümayəndəsidir. Sərdar qayətdə qanı isti bir adam, hərəkəti xeyli cəlddir, danışığı çox ciddidir. Məşrutəpərəstliyi din dərəcəsində qəvidir. Bu adam məşrutə tərəfdarı olmaqla fanatizm ediyor. Bütün hərəkətini, vücudunu, zori-bazusunu millətə sərf etmiş olan bu adam özünü təkrarən bəyan etdiklərinə görə Nəcəf üləması hökmi-müqəddəslərinə tabe olub, onlar nə əmr edirsə, hər an təxir etməsizin icrayə hazırdır.
Səttarxan:
“Rus və ingilis konsulları yanıma gəldiklərində: məşrutə sənin əlindədir – dedilər. Mən isə cavab verdim ki, siz böyük bir səhv edirsiniz, mən məşrutənin iti işli bir pasibaniyəm. Sahibləri isə Nəcəf üləmayi-əlamdır. Onlar nə əmr edirlərsə, mən o saatdaca icraya hazıram”.
Nəticə:
Deməli, Azərbaycan Türk məşrutəçiləri başda Səttarxan olmaqla, bir tərəfdən siyasi-ideoloji məsələlərdə Nəcəf üləmalarının fikirləriylə hərəkət edib, digər tərəfdən Osmanlı Türklərylə yaxınlaşmağı məqbul görüblər. Şübhəsiz, Nəcəf üləmalarıyla Osmanlını idarə edən “Gənc Türklər” isə heç bir zaman Türksoylu Qacarlar dövlətinin devrilməsindən yana ola bilməzdilər. Belə olduğu təqdirdə deyə bilərik ki, Təbrizin Türk yeniləşmə hərəkatçılarının əsas məqsədi Qacarları hakimiyyətdən devirmək olmamışdır. Sadəcə, Azərbaycan Türk məşrutəçilərinin daim dəstəkləməyə hazır olduqları Qacarların hakimiyyətindən tək istəkləri Osmanlı kimi Konstitusiyalı, Parlamentli ölkə olmaq idi.
Təbrizdəki məşrutə hərəkatının başçıları hesab edirdilər ki, Qacarlar yeniləşmə sürəcindən, məşrutə hərəkatından kənarda qalacağı təqdirdə süquta uğrayacaqlar. Məhz bunun gerçəkləşməməsi üçün də Azərbaycan mərkəzli Türk məşrutə tərəfdarları Qacarlar dövlətinin Konstitusiyalı, Parlamentli ölkə kimi idarə olunması yolunda mücadilə vermişlər. Bu anlamda Türk məşrutəçilərinin başladıqları hərəkat Qacarlara qarşı üsyan deyil, tam əksinə Qacarlar dövlətinin Konstitusiyalı, Parlamentli ölkə olmasını qorumaq idi. Deməli, Türk məşrutəçilərinin savaşı da Qacarlarla deyil, Məhəmməd Əli Şah Qacarı əlində oyuncağa çevirən xarici qüvvələrlə yerli farsdilli irticaçılar arasında olmuşdur.
 
Müəllif:Faiq Ələkbərli