Məmməd Əmin Rəsulzadənin nadir müsahibəsi... - VİDEO

Baxış sayı:
9991

ANS şirkətlər qrupunun əməkdaşları Azərbaycan Demokratik Respublikasının (ADR) qurucusu Məmməd Emin Rəsulzadənin bu günə qədər heç kimə məlum olmayan müsahibəsinin nadir audio yazılarını aşkar çıxarıblar. ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev haqqin.az-a bildirib ki, ötən ilin sonunda şirkət ADR tarixini işıqlandırmaq məqsədi ilə maraqlı layihə üzərində işləməyə başlayıb. Onun sözlərinə görə, layihə çərçivəsində aparılan araşdırma nəticəsində 1953-cü ildə Rəsulzadənin çıxışlarının unikal audio yazıları aşkar edilib. "Amerikanın səsi" radiosunun təqdim etdiyi bu audio yazılar çox keyfiyyətsiz olsa da, şirkət əməkdaşları onu bərpa etməyi bacarıblar: “Beləliklə, biz "Amerikanın səsi"nin verdiyi M.Ə.Rəsulzadənin iki müsahibəsini bərpa etdik. Onlardan biri bilavasitə ADR-in fəaliyyətinə aiddir və digəri Stalin sonrası Sovet İttifaqını analiz edir. Biz üç aydan artıq bu video yazılarıın bərpası üçün çalışdıq", - ANS şirkətlər qrupunun rəhbəri bildirib. V.Mustafayev deyib ki, ADR-in qurucuları Azərbaycanın öz müstəqil dövlətini bərpa etməsi, üçrəngli bayrağı yüksəltməsi və dünyanın bütün qitələrində milli marşımızı səsləndirdiyinə görə fəxr edə bilər. " Məmməd Emin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarı bu gün üçün də aktualdır. Əlbəttə, həm Rəsulzadə, həm də onun silahdaşlarının uğurları müasir azərbaycanlılar üçün xüsusi qürur qaynağıdır. Biz də Şərqdə ilk demokratik respublikanın səmərəli fəaliyyətinin yeni sübutlarını aşkar etməyə səy göstərərək, ADR-in irsinin öyrənilməsini davam etdirəcəyik ", - V.Mustafayev bildirib. Muxalifet.az