Türklər Cənubi Qafqazın ən qədim sakinləridir - “Tanrı alov saçan gözlərini burada yaradıb”

Baxış sayı:
47263

Azərbaycan türkləri bu torpaqların avtoxon millətidir və bu ərazilərin yeganə sahibləridir. Dünya yaranandan və insanlıq özünü dərk edəndən bu torpaqlarda türk kimliyi var.

Bunu AMEA-nın əməkdaşı, dosent Zaur Əliyev deyib.

Onun sözlərinə görə, Böyük Qobustan zonası, Abşeron yarımadası zonası, İçərişəhər, Gəmiqaya dağı zonası, Kəlbəcər rayonunda Dəlidağın ətəkləri, Qarabağda Azıx mağarası, Qərbi-Güney Azərbaycan, Dərbənd, Borçalı, İğdırda və digər açıq səma altında olan abidələrimiz buna sübutdur:

“Buranı tədqiq edənlər türklərin qədim damğalarını görə bilərlər. Bir millətin tarixini bilmək üçün onun damğalarına baxmaq lazımdır.

Bir çox qədim dastanlar “Gilqameş”, Dədə Qorqud, “Oğuz Kağan”, “Alp Ər Tonqa”, “Şu” və digərləri məhz bu coğrafiyada yaşayan türklərin tarixini özündə əks etdirir.

Türklər Cənubi Qafqazın ən qədim sakinləridir.

Tarix, arxeologiya, antropologiya və digər elm sahələrində çalışan alimlərin araşdırmaları Azərbaycan türklərinin Cənubi Qafqazın ən qədim və köklü əhalisi olmasını tamamilə sübut etmişdir.

 Azərbaycan türklərinin yayıldığı areala indiki Azərbaycan Respublikasının ərazisi ilə yanaşı. Güney Azərbaycan İrəvan və Zəngəzur bölgələri, Borçalı, Dərbənd torpaqları da daxildir.

Azərbaycan türkləri bir xalq kimi tarixən Dərbənddən Həmədana, Xəzər dənizindən Şərqi Anadoluyadək olan böyük bir ərazidə təşəkkül taparaq formalaşmışdır.

“Türklərin ölkəsi”, “Türklərin vətəni” anlamında formulə edilən “Azərbaycan”ın Fəxrəddin, Gəncəvi, Xaqani və başqaları tərəfindən eyni anlamda ifadəsi təbii idi. Fəzlullah Rəşiddədin də bu düşüncənin davamı kimi “Oğuznamə”də “Azərbaycan” sözünü Oğuz xanla bağlamışdır.

Təkcə bir misal göstərəcəm, Oğuz boyundan Qayı boyunun damğası kimi tanıdığımız IYI damğası Erkən Tunc dövründən başlayaraq Avrasiya qitəsində qayalarda, saxsı və metal məmulatların üzərində həkk edilməkdədir. “Göy Tanrı” işarəsidir. Günümüzdə bu adət Qaşqay məzar daşları üzərində tayfa mənsubiyyətini bildirən damğa kimi yaşamını sürdürməkdədir. Bu damğa isə Qobustan başda olmaqla digər abidələrin üzərində əksinin tarixi eramızdan qat-qat əvvəlki dövrlərə gedib çıxır ki, o dövrlərdə hələ dünyanın böyük hissəsində millət anlayışı formalaşmamışdı. Hələ bu bir misaldır, yüzlərlə belə damğa göstərə bilərəm.

https://teleqraf.com/storage/2024/06/16/kay_.png

Əgər Ön Asiya, xüsusilə tarixi Azərbaycan və Anadolu ərazilərinə ilk türk köçü həqiqətən də eramızın V əsrinə təsadüf edirsə, burada 5-10 və daha-daha min il əvvəllərə aid olunan və dünyada “türk damğaları” kimi tanınan qədim işarələrin müəllifləri kimlərdir? Konkret deyək.

Məlumdur ki, ortaq türk damğaları təkcə özünün qədimliyi ilə yox, həm də spesifik qrafik təsvir üslubları və türk mifik təfəkkürü, inancları, yaşam tərzi, hərb sənəti, dövlətçilik ənənələrinə söykənən semantikası ilə başqa xalqların etnik tanınma fərqləndirmə nişanlarından kəskin şəkildə fərqlənir. Belə olan təqdirdə, hər hansı qədim xalqın və ya tayfanın etnogenezinin, məskunlaşma ərazilərinin müəyyənləşdirilməsində, dövlətçilik tarixinin öyrənilməsinə dair mübahisələrə son qoyulmasında digər etnomədəni əlamətlərlə yanaşı damğa işarələrinin də həlledici rolu var.

Digər misal da göstərim, Suraxanı rayonu Bakının özündə çoxsaylı sirləri saxlayan ərazilərindən biridir. Bura haqqında qədim Hind, Şərq mənbələri ilə yanaşı Avropa səyyahların da yazılarında məlumatlar var. Burda ən çox diqqəti cəlb edən abidə hindli atəşpərəstlər tərəfindən eramızın 2-3 əsrlərində tikildiyi ehtimal edilən Atəşgahdır. Bura barədə çox yazılıb. Diqqətdən qalan bir məsələ isə Şərq və Avropa qaynaqlarında buranın adı "Yeddi çuxurlu məbəd" kimi adlanmasıdır. Burda yaşayan türklər isə Yeddi Gözlü Pir kimi buranı adlandırıblar. Burada 7 yerdən gözə oxşayan çuxurlardan alov çıxmasına görə belə adlandırılıb. Hindilər isə buranı Şiridalavadji kimi qeyd edirlər. Maraqlı olan bilirsiz nədir? 7 göz...

https://teleqraf.com/storage/2024/06/16/page-1_slide2.jpg.jpg

Qədim türklər və şərqdən gələn atəşpərəstlər hesab ediblər ki, bura Tanrının gözü olan ərazidir və Tanrı öz alov saçan gözlərini məhz Suraxanı ərazisində yaradıb. Türk və Şərq inanclarına görə bu alovlar Tanrının səma və torpaq üzərində nəzarət edən gözlərindən çıxır.

Azərbaycanlılar arasında Y-xromosom haploqruplarından ən çox yayılmış haploqruplar J (J1, J2), G (G2) və R (R1) olur.

 Y-xromosom haploqruplarının N, T, E, H, I, L, O, Q və C olması azərbaycanlılar arasında da göstərilmişdir. R haploqrupunun Avropa yarımadaları azərbaycanlıların qədim əhali ilə bağlılığından xəbər verir.

Azərbaycanlılarda mitoxondrial haploqruplardan H və U haploqruplarına daha çox rast gəlinir. Azərbaycanlıların ana nəsillərinin əksəriyyəti (82%) Avropa haploqruplarına (H, I, J, K, T, U, V, W, X) bağlıdır.

Azərbaycan ərazisinin aborigen sakinləri olan türklərin (Azərbaycan türklərinin) adını hallandırmamaq xatirinə imperiya siyasətindən asılı olaraq, bu ölkənin sakinlərinə bir ad - “azərbaycanlı” adı verilmişdir. Azərbaycan bu ərazidə vətəndaşlıq hüququ almış hər bir xalqın vətənidir. Amma torpağın əsl sahibi türklərin olmasını bir çox qədim və müasir tədqiqatçıların əsərləri təsdiq edir. Müxtəlif tədqiqatçıların əsərlərində türklərin bu ərazidə ta qədim zamanlardan yaşaması haqqında yazılı məlumatlar vardır.

 Tarixin atası Herodot 2500 il bundan əvvəl bu ərazidə türklərin yaşamasından xəbər verir. VII əsrdə yaşamış ərəb tarixçisi Cürcuma qətiyyətlə bildirir ki, Azərbaycan lap qədim çağlardan türklərin vətəni sayılır.

Elə bu minlərlə fakt içərisində ikisi göstərir ki, Azərbaycan dünya var olandan türklərin yurdudur. Məncə Hüseyn Cavidin bu misrası bizim milli kimliyimizi tam aydın edir:

“Ay Türk adını elan üçün bir səmavi aynadır,
Türkün tarixi həm Yerdə, həm də Göylərdədir”.

Müəllif:  Əsəd Məmmədəliyev