“Dərələyəz” qəzetinin 14 illik yubileyi qeyd olundu - FOTOLAR

Baxış sayı:
380

Beynəlxalq Diaspora Mərkəzinin, Dərələyəz İcmasının və “Dərələyəz” qəzetinin birgə təşkilatçılığı ilə “Dərələyəz” qəzetinin nəşr fəaliyyətinin 14 illiyi münasibətilə tədbir təşkil olundu.

Muxalifet.az xəbər verir ki, tdbiri giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev öncə qonaqları salamladı və bu günə qədər torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını təklif etdi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

İsmayıl Ağayev çıxışında tədbirin əhəmiyyətindən, “Dərələyəz” qəzetinin bu günə qədərki fəaliyyətindən danışdı. O, xüsusilə Dərələyəz mahalının ağsaqqalı, tanınmış filologiya elmləri doktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor Həsən Mirzəni ehtiramla yad etdi.

İsmayıl Ağayev qeyd etdi ki, mərhum Həsən Mirzə sağlığında qəzetin mütəmadi fəaliyyət göstərməsində mühüm rol oynamışdı. Onun vəfatından sonra da qəzet öz fəaliyyətini dayandırmadan, baş redaktor Raqub Kamal və qəzetin əməkdaşlarının səyi nəticəsində uğurla davam etdirilmişdir.

Daha sonra “Dərələyəz” qəzetinin baş redaktoru Raqub Kamal çıxış edərək göstərilən diqqət və qayğıya görə Beynəlxalq Diaspora Mərkəzinin və Dərələyəz İcmasının rəhbərliyinə təşəkkürünü bildirdi. O, tədbir iştirakçılarına qəzetin 14 illik fəaliyyəti haqqında geniş məlumat verdi və kollektivi ilə birlikdə növbəti – 15 illik yubileyə hazırlaşdıqlarını qeyd etdi. Raqub müəllim bildirdi ki, “Dərələyəz” qəzeti uzun illərdir Qərbi Azərbaycana Qayıdış ideyasına sadiq qalaraq, ana Vətənə dönüş arzusunu, həmçinin Dərələyəz mahalının tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətləri və ictimai yaddaşını yaşatmaq istiqamətində mühüm fəaliyyət göstərir.

Dərələyəz mahalının Keşkənd rayonu üzrə İcma sədr müavini, iş adamı Məhəmməd Rəsuloğlu tədbirdə çıxış edərək “Dərələyəz” qəzetinin milli dəyərlərin qorunmasındakı rolunu yüksək qiymətləndirdi. O, həmçinin Qərbi Azərbaycana Qayıdış ideyasının reallaşmasında bu cür media orqanlarının vacibliyini vurğuladı.

Sonra söz “Şərur-Dərələyəz qəzasının kameral təsviri” kitabının müəllifi, tədqiqatçı alim Nazir Əhmədliyə verildi. Əhmədli çıxışında qeyd etdi ki, “Dərələyəz” qəzetinin fəaliyyəti regionun tarixi yaddaşının yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. O, qəzetin Qərbi Azərbaycanın maddi-mədəni irsinin təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirdi.

Ardınca BDM-in Mədəniyyət Departamentinin rəhbəri, Keşkənd-Amağu icmasının sədri Elmira Hüseynova çıxış etdi. O, “Dərələyəz” qəzetinin milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində apardığı maarifləndirici işlərin vacibliyini vurğuladı. Elmira Hüseynova həmçinin bu kimi tədbirlərin ictimai şüurun formalaşmasında xüsusi rola malik olduğunu bildirdi.

Tədbirin sonunda iştirakçılara, o cümlədən Raqub Kamala Ulu Öndərin şəkli əks olunan xüsusi suvenirlər Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev və Qərbi Azərbaycan Paşalı rayon icmasının Terp icmasının sədri Ceyhunə Şirəliyeva tərəfindən təqdim olundu.

Daha sonra Elmira Hüseynovanın “Dərələyəz” qəzetinin 14 illik yubileyi münasibətilə hazırladığı tort kəsildi.

Digər çıxışlarla tədbir davam etdirildi. Tədbirin sonunda xatirə şəkli çəkildi.

Muxalifet.az