MASALLI SAKİNİ 9 YAŞLI NƏVƏSİNİN OĞURLANDIĞINI DEYİR… - “Dedi ki, nənə, məni oğurlayırlar, kömək elə, qoyma aparsınlar…” / Şikayət
Masallı rayonu, İsgəndərli kəndi, Bahadur Məmmədov küçəsi, ev 92-də yaşayan Yaqubova İncibəyim Əziz qızı tərəfindən redaksiyamza şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:
“Cənab Prezident!
Mən, İncibəyim Yaqubova, yazaraq bildirirəm ki, 9 yaşlı nəvəm Rəhimova Fatimə Zabil qızı ilə tək yaşayıram. Gəlinim Rəhimova Şəms Əzizağa qızı 6 ildir övladı Fatiməni mənim üstümə ataraq bizim evi tərk edib və anası Pakizənin evinə yerləşib.
2016-cı ildə evdən gedərkən mənim ona aldığım brilliant qaşlı qızılları və digər sənədləri özü ilə aparıb. 6 il müddətində bir dəfə də övladı ilə maraqlanmayıb. Mən bir neçə dəfə körpə Fatiməni bacım vasitəsi ilə Şəmsin anasın evinə yolladığım halda, 3 yaşlı Fatiməni qapıdan qovublar. “Zabilin küçüyü bizə lazım deyil” kimi ifadələr işlədiblər. “Mən qızımı Zabildən ayırıb, başqa bir oğlana ərə verəcəm” deyir. Şəmsin bizimlə yaşaması üçün ona hər cür şərait yaratmış və dəfələrlə xəbər yollamışıq, lakin o, imtina edib.
Bir müddət keçəndən sonra Şəms pul sevdasına düşərək, aliment və ünvanlı sosial yardım almaq məqsədilə qanunazid cinayət planı quraraq, uşaq oğurluğuna əl atıb. 27.10.2023-cü il tarixində Şəms başda olmaqla qardaşı Ravil, icraçılar və bir neçə polis əməkdaşı Masallı rayonu, İsgəndərli kənd orta məktəbinin direktoruna xəbərdarlıq etmədən, məktəbə basqın edərək dərs vaxtını pozub və 3-cü sinif şagirdi - 9 yaşlı Fatimə Rəhimova Zabil qızını qaçırmağa çalışıb.
Digər məktəblilərin gözü qarşısında Fatimənin qolundan dartaraq “Fatimə, gəl gedək mənimlə qal, köpək, kaftar nənən öləndən sonra sənə kim baxacaq?“ ifadələrini deyib. Balaca Fatimə isə cavab olaraq, “Mənə sənin kimi ana lazım deyil. Məni 3 yaşımda atıb getmisən, mənə analıq etməmisən, səni istəmirəm, məni nənəm saxlayıb, onunla qalıram”, - deyib Bunların şahidi olan polis işçiləri Fatiməni sinif rəhbəri Bahar müəllimənin yanında sorğu-sual etdikdən sonra məktəbi tərk ediblər. Bundan sonra balaca Fatimənin halı pisləşib və müəllimlər ona yardım ediblər.
24.11.2023-cü il tarixində qohumlarım bizdə olarkən həyət qapımız döyüldü və bunu eşidən Fatimə mənə, “Nənə, qapını açma, Şəms məni aparmağa gəlib, qorxuram, mən onu istəmirəm”, - dedi. Şəms qışqıraraq mənə qarşı, “Köpək, qoca kaftar, Fatiməni almaq üçün sənin acığına icra işçilərinə, polislərə 1600 manat pul vermişəm” ifadələrini dedi və məni nəlayıq sözlərlə təhqir etdi. Bundan əlavə olaraq Şəms qeyri-qanuni qətnamə çıxartdırıb.
01.12.2023-cü il tarixində İcra şöbəsindən Bahar müəlliməyə bildiriblər ki, İncibəyim ilə Fatimə İcraya gəlsin. Getməmişdən əvvəl Fətimə mənə, “Nənə, biz tək getməyək, qorxuram, məni orda oğurlayarlar. Bahar müəllimənin həyat yoldaşı Hamlet müəllim də bizimlə birlikdə gəlsin”, -dedi. Hamlet müəllim ilə birgə İcra Şöbəsinə getdik. Orada işi icra edən şəxs - Şövlə məni və nəvəmi qəbul etdiyi otağa Hamlet müəllimin daxil olmasına imkan vermədi. Buna görə, o, dəhlizdə gözləməli oldu.
Xeyli sorğu-sual zamanı Şövlə və Zamin nəvəm Fatiməni diqqətdən yayındırmağa çalışsalar da, Fatimə öz fikirlərini belə bildirdi: “Mənə belə ana lazım deyil, ondan imtina edirəm. 3 yaşımda məni atıb gedib. 6 ildir nənəmin himayəsində sağlam şəraitdə təhsilimə davam edirəm. Dərs əlaçısıyam, hər ay nənəm 3 fənn üzrə hazırlıq üçün ödəniş edir. Nənəm mənə yaxşı baxır. Əslində, mən 5-ci sinifdə oxumalı idim. Lakin Şəms mənim sənədlərimi özündə saxlayıb vermədiyinə görə, məktəbə 2 il gec getməli oldum. Atam Zabil sənədlərimi hazırladıqdan sonra məni məktəbə qabul etdilər”.
Danışıqlar zamanı Şövlə ilə Zamin arasında davamlı pıçıldaşmalar olurdu. Fatimənin anası Şəms sorğu zamanı otaqdakı polislərin qarşısında ağzından çıxanı danışır və məni təhqir edirdi. Mən özümü pis hiss etdiyimə görə, 2-ci mərtəbədən birinci mərtəbədə yerləşən ayaq yoluna gedərkən dəhlizdən qışqırıq səsləri eşitdim. Geri qayıtdıqda gördüm ki, Fatimə qışqıraraq məni köməyə çağırırdı: “Nənə, məni oğurlayırlar, kömək elə, qoyma aparsınlar”. Mənim ayaq yoluna getməyimdən sui-istifadə edən icraçılar Şövlə, Zamin, digər işçilər və polislər nəvəm Fatimə Rəhimovanın Şəms tərəfindən oğurlanmasına yaxından köməklik göstəriblər. İcra şöbəsinin arxa qapısından Şəms və onun sevgilisini (qara görünüşlü kişi) - ümumilikdə 6 nəfəri, Fatimənin əlini və ayağını qatlayıb tünd boz rəngli, nömrəsi palçıqla örtülmüş “Mercedess” markalı avtomobilə soxarkən gördüm. Fatimə qaçıb məni qucaqlamağa çalışarkən 4 nəfər polis məni arxadan itələyərək ondan uzaqlaşdırdı və Fatiməni yenidən zorla maşına saldılar.
Yuxarıda adlarını qeyd etdiyim şəxslər Fatimənin oğurlanmasında iştirak ediblər. İcra şöbəsində məni və nəvəmi qışqırdaraq, köməksiz, fəryad içində həyəcan yaşatdıqlarını oaradakı - dəhlizdə, binanın ön və arxa həyət kameralarına baxmaqla görmək mükündür.
Cənab Prezident!
Sizdən artıq dərəcədə xahiş edirəm. Masallı rayon İcra şöbəsində 01.12.2023-cü il tarix, saat 10 radələrindən sonrakı bütün kamera görüntülərinin izlənməsinə və baş verən hadisələrin araşdırılmasına göstəriş verəsiniz. Məni nəvəmin taleyi maraqlandırır. Şəms Fatimənin oğurladıqdan sonra hara apardığını bilmirəm. Hadisədən sonra bizimlə əlaqə saxlamayıblar. Nəvəmin səsini eşitmək və özünü görmək istəyirəm. Ümid edirəm ki, mənim nənə fəryadımı nəzərə alacaqsınız”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayevlə əlaqə saxladıq. Polis kapitanı məsələnin araşdırılacağını bildirdi.
Jalə FAMİLQIZI