“Zəfər parkı”nda müqaviləsiz işlədildi, xəsarət aldı, təzminat ödənilmədi - ŞİKAYƏT
Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsi 25 ünvanında yaşayan Həsənov Əfsan Əli oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Xətaidəki “Zəfər parkı”nda işləyən zaman ciddi xəsarət alsa da, ona təzminat ödənilmir:
“Mən, Həsənov Əfsan Əli oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Hazırda yuxarıda qeyd etdiyim ünvanda kirayədə yaşayıram. Oktyabrın 22-də “Ağ şəhər”də yerləşən “Zəfər parkı”nın tikintisini aparan şirkətlərdən birinə (adını dəqiq bilmir, çox güman ki, tikintini aparan “PMD Projects” şirkətindən söhbət gedir - müəl.) işə qəbul olmuşam. Oktyabr ayında qolumun üstünə dəmir düşüb, qolum sınıb. Şirkətdən mənə bildirdilər ki, heç yerə getmə, şikayət etmə, təzminatın ödəniləcək. 3 aylıq pul ödəyəcəklərini bildirmişdilər. Lakin hələ də ödəmirlər. Mən müqavilə ilə işlədiyimi düşünürdüm, sən demə aldadılmışam.
Məsələ ilə əlaqədar polisə müraciət etdim. Müstəntiq təyin olundu. 2 aydır gözləyirəm, lakin bir xəbər yoxdur. Aqil adlı müstəntiq mən zəng vurub bildirdi ki, gəl, sənin ödənişini etdirəcəm.
Getdim, otağında mübahisəmiz düşdü, məni təhqir etdi. Belə ki, cibindən 100 manat pul çıxarıb, təhqiramiz şəkildə mənə uzatdı. Mən istəmədiyimi bildirəndə isə, hirslənərək məni təqhir etdi. Halbuki, müdirim Samir əvvəlcədən mənə demişdi ki, müstəntiqlə danışın, razılaşmışam.
Qolum qırılıb, başqa heç yerdədə işləyə bilmirəm. Səlahiyyətli qurumlardan xahiş edirəm ki, məni aldadıb müqaviləsiz işlədən, “Zəfər parkı”nda yerləşən şirkət haqqında tədbir görülsün.
Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdıq. Lakin dəfələrlə mətbuat xidmətinə əlimizdə olan şikayətləri yönləndirsək də, cavab ala bilmirik.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.