AĞSU SAKİNİ DYP ƏMƏKDAŞINDAN ŞİKAYƏTÇİDİR - “Mənə haqsız yerə cərimə yazılıb” / FOTO
Ağsu rayonu, Xatman kənd sakini Əhmədov Əfqan Calal oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, yol polisi əməkdaşları onu haqsız yerə cərimələyiblər. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“22.12.2023-cü il tarixində, saat 16:30 radələrində Ağsu rayonunun Babək küçəsi ilə Səməndər Razyev küçəsinin kəsişməsində, yol ayırıcında olan avtomobil qəzası haqqında məlumat vermək istəyirəm. Yaşayış olan küçədə sürət 20 km/saat təyin olunduğu halda, “Toyota” markalı maşın yüksək sürətlə gələrək, mənim “VAZ 21/154 Sedan” markalı maşınımı yolun 2-ci hissəsində sürətlə vurmuşdur. Hansı ki, həmin yoldan piyada da keçə, uşaqlar da qaça bilərdi və s. Məhz buna görə də sürət həddini 20 km/saat ediblər.
Qeyd edim ki, Dövlət Yol Polisi qarşı tərəfi deyil, məni günahkar gördü. 327-ci maddənin 2-ci bəndini əsas tutaraq, yəni işıqforun və nizamlayıcının əmrinə əhəmiyyət verməyərək, hərəkətin davam etdirilməsi maddəsi ilə mənə 80 manat cərimə və 3 bal da cəza verildi. Ona görə də mən Baş Prokurorluğa və yol hərəkəti üzrə ekspert Ərşad Hüseynova müraciət etdim. Onlar da məhkəməyə verməyimi məsləhət bildilər.
Əslində, hər iki tərəfə 40 manat cərimə yazılmalıdır. Lakin yol polisi təkcə məni günahkar hesab etdi. Məhkəmə də Dövlət Yol Polis İdarəsinin tərəfini saxladı.
Qeyd edim ki, yenidən Baş Prokurorluğun qaynar xəttinə müraciət etdim. Onlar da Apellyasiya Məhkəməsinə müraciət etməyimi məsləhət bildi. Apellyasiya Məhkəməsi də məni günahkar gördü”.
Aynurə MUSTAFAYEVA
Redaksiyadan: Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.