Hərbi hissədəki yeyinti faktlarını açıqladı, “dəlixana”ya göndərmək istədilər

Baxış sayı:
815

Əhməd Talıbov: “Hərbi qulluqçuları və mülki işçiləri üzümə durdurmağa məcbur etməklə, məni ləkələyərək işdən azad etdilər”
 
“Məhkəmə əvvəlki işimə bərpa edilməsi haqda qərar versə də, qarşı tərəf əməl etmir”

 
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, H/şəhərcik-3, ev 14, mənzil 2-də yaşayan Talıbov Əhməd Mahmud oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. İşdən qanunsuz olaraq çıxarıldığının bildirən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Məşhur “Tərtər terroru” zamanı Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən minlərlə hərbçi və mülki şəxslərə qarşı törədilmiş müxtəlif amansız işgəncələr tətbiq edilməklə insanların faciəli şəkildə öldürülməsi, günahsız şəxslərin heç bir əsas olmadan təqsirləndilərək məhkəmələrdə onlar haqqında qanunsuz hökmlər çıxarılması və bunula yanaşı, bir sıra əsl təqsirkar şəxslərin cinayətlərinin gizlədilməsi faktı hər kəsə məlumdur. Görünür, bu, artıq vərdiş halını aldığından Hərbi Prokurorluq eyni qaydada fəaliyyət göstərməyi israrla davam etdirir.
Bildirirəm ki, mən, 03 dekabr 1990-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında sürücü vəzifəsində işə qəbul olunmuşam, dəfələrlə ən qızğın döyüş əməliyyatları gedən qaynar nöqtələrə ezam olunmuşam və hər zaman aldığım tapşırıqları yüksək səviyyədə yerinə yetirmişəm.
İşçisi olduğun MN-nin MƏA-da cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməllərin aşkar şəkildə törədilməsi barədə rəsmi dövlət orqanlarına məlumat verdiyimə görə, rəhbərlik tərəfindən şəxsiyyətim alçaldılaraq dözülməz təzyiqlərlə məruz qaldım və bunun nəticəsində çəkdiyim iztarablara dözə bilməməyim səbəbindən, 06.02.2020-ci il tarixdə iş yerində olarkən intihar etmək üçün damarlarımı kəsdim.
MƏA-nın rəisi Kərimov Camal tərəfindən hadisə yerinə çağrılan MN-nin Maddi-Texniki Təminat Baş İdarəsinin təhqiqatçısı Həsənov Saday Səbuhi oğlu MƏA-nın rəisi və oranın hüquq məsləhətçisi Pənahov Azər Həsən oğlu ilə birləşərək, məni “ruhi xəstə” kimi Maştağa Ruhi Əsəb Dispanserinə (Dlixanaya) yerləşdirmək üçün çox çalışdılar, lakin bu cəhdləri baş tutmadı. Bundan sonra onlar taktikalarını dəyişərək, hərbi qulluqçuları və mülki işçiləri üzümə durdurmağa məcbur etməklə, mənim haqqımda bilərəkdən saxta və uydurma sənədlər hazırlayaraq, MƏA rəisinin 18.06.2020-ci il tarixli 135 saylı əmri ilə məni ləkələyərək işdən azad etdilər.
Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2814/2021 saylı iş üzrə 12.04.2021-ci il tarixli qətnaməsi ilə Müdafiə Nazirliyi Mərkəzi Ərzaq Anbarı rəisinin 18.06.2020-ci il tarixli 135 saylı əmrinin ləğv edilməsi, Talıbov Əhməd Mahmud oğlunun öz əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Lakin qarşı tərəf “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 70.2-ci maddəsinin tələbini pozaraq, məni öz əvvəlki işimə bərpa etməmişdir.
Qeyd edirəm ki, işdən azad edilən günə qədər yük götürmə qabiliyyəti 26 ton olan MAZ 544005 markalı P 340 QQ nömrə nişanlı avtomobili idarə etmişəm. Minsk avtomobil zavodunun istehsalı olan MAZ markalı avtomobillərin texniki götəricilərinin əks olunduğu kitabda həmin avtomobilin tam yüklə 100 km məsafəyə 60 km/saat sürətlə cəmi 28 litr yanacaq sərf etdiyi göstərilmişdir.
MƏA-nın Daşıma bölməsinin balansında olan yük maşınları “Maz”, “Kamaz” və “Qazel” markalı avtomobillərdən ibarətdir. Həmin avtomobillər üçün yanacaq sərfiyyatı norması istehsalçı zavod tərəfindən artıq müəyyən edildiyi halda, onlar MƏA-na daxil olan kimi onların sərfiyyat norması yenidən təyin olunur və bunun sayəsində tonlarla artıq yanacaq silinərək dövlətə külli miqdarda zərər vurulur.
Mənim idarə etdiyim avtomobillə Bakı şəhərindən 370 km məsafədə yerləşən MƏA-nın Gəncə bölməsinə 20-25 ton yüklə gedib-qayıtmaq üçün hər dəfə 200 litrdən artıq yanacaq sərf etmədiyinin şahidi olmuşam. Buna baxmayaraq, həmin avtomobilə hər reys üçün təxminən 300 litr artıq dizel yanacağı silinirdi. 
DTX-ya ünvanladığım müraciət Azərbaycan Respublikasınin Hərbi Prokurorluğuna göndərilmiş və araşdırma nəticəsində müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarının Daşıma Bölməsinə məxsus avtomobillərin yanacaq sərfiyyatı zavod tərəfindən müəyyən edilmiş norma üzrə deyil, guya Azərbaycan Respublikası Müdafiə nazirinin 05 may 2014-cü il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Silahlı Qüvvələrində hərbi texnikaların, silahların, avadanlıqların, texniki vasitələrin istismarı, təmiri və konservasiyası üçün yanacağın, yağların, sürtgülərin, xüsusi mayelərin sərfiyyatı Normaları”nda dəyişikliklər edilməsi haqqında 28.07.2017-ci il tarixli qərarına əsasən silinir. Həmin qərarda MAZ 544005 markalı avtomobilin 100 km məsafə üçün istehsalçı zavodun müəyyən etdiyi norma 21 litr artırılaraq 49 litr göstərilmişdir. Halbuki avtomobil istehsalı ilə heç bir əlaqəsi olmadığına görə, Müdafiə Nazirliyinin avtomobil zavodunun müəyyən etdiyi normanı artırmaq səlahiyyəti yoxdur və bu, sadəcə olaraq, bir korrupsiya məmbəyidir.
Bununla əlaqədar “Google”-də axtarış verərərək müəyyən etmişəm ki, Azərbaycan Respublikası Müdafiə nazirinin Azərbaycan Silihlı Qüvvələrində hərbi texnikaların, silahların, avadanlıqların, texniki vasitələrin istismarı, təmiri və konservasiyası üçün yanacağın, yağların, sürtgülərin, xüsusi mayelərin sərfiyyatı normalarında dəyişikliklər edilməsi haqqında 28.07.2017-ci il tarixli qərarı ümumiyyətlə mövcud deyildir.
Nəzərə alsaq ki, hər bir avtomobilin illik yürüş norması 25000 kilometrdir, il ərzində dövlət büdcəsinə külli miqdarda maddi zərər vurulduğu göz qabağındadır.
Bütün bunlara baxnayaraq, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru Novruzzadə Elnur Elman oğlu 07 may 2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 212.3-cü maddəsinə əsasən, Hərbi Prokurorluğun 07.05.2024-cü il tarixli qərarından məhkəmə nəzarəti qaydasında Bakı Hərbi Məhkəməsinə şikayət vermişəm. Bakı Hərbi Məhkəməsinin 6-1(093)-13/2024 saylı 29.07.2024-cü il tarixli qəraraı ilə Talıbov Əhməd Mahmud oğlunun verdiyi şikayət icraata götürülmədən geri qaytarılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Talıbov Əhməd Mahmud oğlu yalnız bu qərar onun hüquq və azadlıqlarını pozduğu, onun hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət hüququnu məhdudlaşdırdığı təqdirdə həmin qərardan şikayət verə bilərdi. Lakin məhkəmə onu nəzərə almamışdır ki, Azərbaycan dövlətinin mənafeyinə vurulan zərər hər bir vətəndaşımızın mənafeyinə vurulan zərər deməkdir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyində mütəşəkkil şəkildə dövlətə qarşı uzun illər ərzində, hazırda da hər gün təkrar törədilən ağır cinayət əməlləri barədə dəfələrlə elektron qaydada və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati bənasında yerləşən 205 nömrəli otaqda məni qəbul edərkən adının Anar olduğunu bildirən əməkdaşa biləvasitə, yəni əlbə-əl ərizə təqdim etməklə rəsmi qaydada məlumat vermişəm.
Dövlət Təhlükəsizliyi Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər əsasında ölkəmizin milli təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən xüsusi xidmət orqanıdır. Bu fəalliyyət çərçivəsində DTX xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması istiqamətində əks-kəşfiyyat, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirir. Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər, terrorçuluq, kibercinayətlət, habelə dövlətin ictimai və iqtisadi sahədə milli təhlükəsizlik maraqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuran cinayətlərin vəzifəli şəxs tərəfindən törədildiyi aşkar olunduqda, həmin cinayətlərə dair işlər üzrə ibtidai istintaqı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti aparır.
Lakin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə etdiyim müraciətlər araşdırılmadan, birbaşa Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Halbuki, belə məlumatların araşdırılması Ali Məhkəmənin səlahiyyətləri dairəsinə aid deyildir. Azərbaycan Respublikasının Ali Məhkəməsi, Konstitusiyanın 131-ci maddəsinin I hissəsinə əsasən, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir; məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.
Azərbaycan Respublikasının Ali Məhkəməsindən mənə göndərilən 08 oktyabr 2024-cü il tarixli 1-8/2-T-4941/5-23-12155/2024 №-li və 25 oktyabr 2024-cü il tarixli 1-8/2-T-4941/10-23-13231/2024 №-li eyni məzmunlu cavab məktublarında, əvvəlcədən mənə məlum olan məlumatlar təqdim etdiyim ərizələrdən köçürülərək göstərilmişdir: “Bildiririk ki, Bakı Hərbi Məhkəməsinin 2024-cü il 29 iyul tarixli 6-1(093)-13/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsi tərəfindən 27C-24 saylı toplanmış araşdırma materialları əsasında qəbul etdiyi 2024-cü il 7 may tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından tərəfinizdən verilmiş şikayət icraata götürülməmiş və geri qaytarılmışdır”.
 
(Ardı var)
 
Hazırladı: Jalə FAMİLQIZI
 
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.