Gecə

(Fantastik hekayə)
Biz iki qardaş idik. Mən böyük, o, kiçik idi. Uşaq və gənclik illərimizdə təbii ki, bir-birimizə paxıllıq edirdik.
Böyük bir hökmdarın iki övladı idik. Hər ikimiz qeyri-adi dərəcədə zəkalıydıq, amma o, ağılda, mən isə hiyləgərlikdə. Bütün paxıllar kimi, zahirən dost və mehriban idik.
Heç gözümüzü yumub-açmamış, ömrümüz başa çatdı.
Bunu görüb, şərtləşdiyimiz kimi, ruhlarımız artıq yaşamaq üçün yararsız olan Yer kürəsini tərk edib, qalaktikamızı dolanıb, axırda Orion adlı gözəl və gənc bir planet tapdıq. Onun Günəşi də gənc idi. Cəmi üç milyard il yaşı vardı.
Və ikinci qəribə cəhət o idi ki, okeanlarında və materiklərində hələ böyük canlı varlıqlar əmələ gəlməmişdi və bəlkə, heç gəlməyəcəkdi də. Amma meşələr, ağaclar, otlar, güllər, bostan və tərəvəz məhsulları ilə zəngin idi. Hə, bir də həşəratlarla, xüsusən, növ-növ bal arıları ilə.
Bizə də elə bu lazım idi.
Mən, böyük qardaş idim.
Oriona çatanda, ayağımız torpağa dəyəndə ruhlarımız dönüb təzədən insana çevrildi. Ac və yorğun olduğumuzu hiss etdik.
Bir az bal yeyib, saf bulaq suyu içdik, sonra yıxılıb doyunca yatdıq.
Aydındır ki, canımızı hardasa gizlətməliydik. Mən tez oyanıb, xeyli fikirləşdikdən sonra canımı ağacların içində gizlətdim. Sonra yenə yatdım. Məndən sonra qardaşım oyanır. O da canını hərdasa gizlətməli idi. Yəqin ki, o, mənim yatdığımı görüb, bu işi görmüşdü.
Bir dəfə ildırım bir ağacı vurub yandıranda ürəyim bərk sancdı və mən ağrıdan qışqırdım. O, gülüb dedi:
- Aha, deməli, canını ağaclarda gizlətmisən. Onları yandırsam, neyləyəcəksən?
Mən qorxub titrədim. Sonra dedim:
- Qardaşım, bunu etmə. Mən sənə tabe. Nə desən, əmrini yerinə yetirrəm.
- Yaxşı, - dedi, - onda sən mənə qulluq etməlisən. Mənim canım haradadır, heç cür heç vaxt bilməyəcəksən.
Beləliklə, o gündən o, ağa, mən də qul oldum. Hər gün müxtəlif şey-şüy yığıb gətirir, oturub birlikdə yeyirdik. Dadlı bostan məhsulları, meyvələr, tərəvəzlər ətrafda dolub-daşırdı və bu iş mənim üçün o qədər də çətin olmurdu.
Ancaq hirsimdən, paxıllığımdan partlayırdım. O, yanımda olmayanda mən Orionda nə var, axtarırdım, daşları, suları, çayları, göyü, yeri… Amma heç yerdə onun canından əsər-əlamət tapa bilmirdim. Harada, necə gizlətmişdi, məlum olmadı.
Biz burada milyonlarla il yaşayırdıq. Deməli, mən də bu qədər müddət ona qulluq etməliydim. O isə, otlara dirsəklənib hey fikirləşir, öz-özünə, ya da mənimlə, ya da ətrafda nə varsa, danışır, ən çox isə yatırdı.
Orionda sutka on səkkiz saat idi. Beş saat gecə, beş saat gündüz. Yayda gündüzlər, qışda gecələr uzun olurdu.
Kiçik qardaş canını qaranlığın içinə səpib gizlətmişdi və böyük qardaş da bunu heç cür bilə bilməzdi. Çünki Günəş çıxır, qaranlıq o tərəfə köçür, Günəş batanda bu tərəfə gəlirdi. Onun canı gecə ilə birlikdə gəzirdi və onu da heç cür ələ keçirmək, görmək mümkün olmurdu. Görmək, ona görə ki, planetimizin gecəsi çox zülmət olurdu, ələ keçmək də ki, qaranlığı kim tuta bilər? Böyük qardaş bunu bilsəydi də, bütün bu səbəblərə görə heç nə edə bilməzdi. Çünki qaranlıq və gecə nədir, hələ heç kim bilmir. İşığın yoxluğumu? Axı o, var ikən, necə yoxdur? Onu axı, görmək olar. Hiss etmək olur, amma ələ gəlmir. Bir zaman kainatda atomların, protonların məhvindən sonra da həmin zülmət gecə yaşayacaq və mövcud olacaqdı. Yağış yumaz, külək dağıtmaz, amma işıq əridən qaranlıq, dünyada yeganə daim var olacaq qaranlıq.
Əlisa Nicat