Azərbaycanda dünyanın ikinci ən böyük səddi – VƏ YAXUD ƏSRARƏNGİZ ÇIRAQQALANIN BƏRBAD VƏZİYYƏTİ

Turizmin inkişaf etdirildiyini iddia edənlər, görəsən, bu ərazilərin bərpası və təmiri üçün ayrılan vəsaiti nəyə xərcləyiblər?

Yazın gəlişiylə alpinistlərin, ekstrim idman həvəskarlarının, dağçılıqla məşğul olanların əlçatmaz, quşqonmaz dağlara üz tutması adi haldır. Belə adi hallardan birində səfərimiz Şabran rayonu ərazisində yerləşən, bir vaxtlar düşməndən qorunmaq üçün qülləsində çıraq yandırılan, hazırda isə çıraqsız qalan Çıraqqalaya üz tutduq. 
Adətən, yaz-yay aylarında bir günlük səfərə çıxan insanlar meşələrin avtomobilin hərəkətini məhdudlaşdırdığı yerədək gedir, daha sonra manqallar qurulur, kabablar çəkilir, yeyen yeyir, içən içir, axşam isə yenidən üzü şəhərə qayıdırlar. Əslində, Çıraqqala həvəsinə gələnlərin macərası bununla bitir. Uzaqda dağ başında sal qaya üzərində dayanan Çıraqqala isə qəmgin, məyus, hüzünlü görkəmiylə sınıq-salxaq, uçuq-sökük görkəmindən utanır, sanki... 
Səfərimiz zamanı niyyətim bu haqda yazmaq olmasa da, tarixi abidəmizin hazırkı ürəkdağlayan durumu bunları qələmə almağa məcbur etdi məni...

Tarixi

Şabran rayon mərkəzindən təqribən 20-25 kilometrliyində, Bakı şəhərindən 150 km aralı Şabranın Çaraq kəndini ərazisində yerləşən Çaraqqaya adlanan sıldırım qayanın zirvəsində 1232 metr hündürlükdə qərar tutub. Belə hesab edilir ki, Çıraqqala əsasən istehkam qarovulxana məqsədi ilə Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilib. Gilgilçay səddinin baş qarovulxanası olub. Buradan geniş bir ərazini nəzarət altında saxlamaq və düşmənin gəlişini görüb tonqallar vasitəsilə ətrafa xəbər vermək mümkündür. Sonralar elə bu məqsədlə həmin qaya başında möhtəşəm qala tikilmiş və onun indi salamat qalan ən uca bürcündə tonqal qalanarmış. Bura həm də qala rolunu oynayırmış və təqribən Xəzər dənizindən Baba dağın ətəklərinədək uzanan səddin üç böyük qalasından biri imiş. İki qala və səddin böyük bir hissəsi tarixin zərbələrinə davam gətirməyərək uçub dağılmış, "Çıraqqala" isə öz əzəməti, vüqarı ilə hələ də insanları heyran etməkdədir.

Çaraq yoxsa çıraq?

Çıraqqalanın adının yaranmasının da bir neçə izah vardır. Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində bu qalanın adını "Çıraqqala" kimi göstərmiş və o, bu adla da tanınmağa başlamışdır. Lakin yerli əhali həmişə və bu gün də belə qalanı "Çaraqqala" adlandırır və orada orta əsrlərdən qala şəhər olmasını göstərirlər. Qalanın bir neçə kilometrliyindəki kəndin Çaraq olması, qalanın yerləşdiyi dağ zirvəsinin adının da Çaraq qaya olması deyilənləri bir daha təsdiqləyir. Qalanın sadəcə düşmənin gəlişini xəbər vermək üçün tikildiyi də inandırıcı deyildir. Belə ki, qalanın ərazisinin böyüklüyü və ərazinin 4 tərəfdən keçilməz olan təbii sıldırımlı qaya üzərində yerləşməsi, möhtəşəm qala divarları ilə əhatələnməsi və eləcədə 17 bürcünün olması buranın qala şəhər oldugunu göstərir. Eyni zamanda məlumdur ki, bu qalanın Sasanilər tərəfindən təyin edilmş ilk hakiminin də adı Çora və ya Çara olmuşdur. Onda bu qala şəhərcik ətraf əhali tərəfindən Çara yaşayan qala adlanması daha inandırıcıdır. Dilimizin xüsusiyyətlərinə əsasən Çara qala dönüb Çaraqqala olmuşdur. Lakin bu günə qədər tarixçi alimlər arasında yekdil rəy yoxdur və buna görədə A.A.Bakıxanovun yazdığı rəvayətə və bu günki deyimə uyğun olaraq qalanı "Çıraqqala" kimi göstərilir.
"Çıraqqala"nın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır. Bu sədd faktiki olaraq şimaldan cənuba keçilməsi mümkün olan bütün yolları bağlayır. Səddin üzərində hər 32,5 metrdən bir bürc və ya qüllə ucaldılıb. Səddə ən böyük bürcün hündürlüyü 14,7, eni isə 7,2 metrdir. Divarlar və bürclər əsasən bişmış və çiy kərpicdən hörülüb. Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formasındadır. İndi həmin bürclərin ancaq üçü salamat qalıb. 1952-ci ilə dək bürclərin bir hissəsi, Narınqala və baş bürc salamat olub. Qalaaltı deyilən yerdə naftusiya suyunun kəşfi və burada sanotoriyanın tikilməsi, qalanın isə mühafizə olunmaması onun sürətlə dağılmasına təkan olub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 23 iyun 2003-cü il tarixli 1262 nömrəli Sərəncamı ilə "Çıraqqala" tarixi kompleksi tarixi qoruq elan edilmiş və onun qorunması və bərpası üçün əlaqədar təşkilatlara mühüm tapşırıqlar verilmişdir. Lakin bu günədək də qalanın bərpası istiqamətində heç bir iş görülməmişdir.

Əsrarəngiz qalanın bərbad yolu

Dəniz səviyyəsindən 1232 metr hündürlükdə yerləşən Çıraqqala Tarix-Memarlıq Qoruğuna çatmaq üçün ən yüngül çantayla meşənin içiylə 4 km yolu üzüyuxarı addımlayırıq. Neçə yüz ildir zamanın tufanlarına, dövrün qasırğalarına mətanətlə sinə gərərək ulularımızın şanlı tarixini yaşadan Çıraqqala kol-kosla örtülmüş vəhşi təbiətin keşikçisiydi. Çıraqqalaya gedən yol “Siyəzənneft”in ərazisindən keçir. Yolboyu “Siyəzənneft”in buruqları boz dağlarda ağaclara bənzəyir. Tozlu-torpaqlı, dərəli-təpəli yol adrenalin hissi yaradır. Yol üstündə “Qalaaltı” sanatoriyası və müxtəlif özəl istirahət mərkəzləri yerləşir. Asfalt yol bu mərkəzlərin qarşısında bitir. Mədəniyyət və inkişaf yoldan başlasa da, bu fikrin addım-adım üzüyuxarı milləndiyimiz əraziyyə qətiyyən aidiyyatı yoxdur. Turizmin inkişaf etdirildiyini iddia edənlər, görəsən, bu ərazilərin bərpası və təmiri üçün ayrılan vəsaiti nəyə xərcləyiblər? Heç bir xarici turist yalnız alpinist üsuluyla, təhlükəsizlik təmin olunmadan qayalara dırmaşaraq tarixi abidəni görməyə həvəslənməz. 
Çıraqqala Tarix-Memarlıq Qoruğunun həndəvərinədək maşınla hərəkət etmək mümkündür. Qalan yolu isə meşənin içərisindən piyada qalxmalı olursan. Həmin yolun başlanğıcında lövhədə bu sözlər qeyd edilib: “Çıraqqala Tarix-Memarlıq Qoruğu. Ümumi uzunluğu 120 km olan Gilgilçay müdafiə səddinin 34-cü kilometri. Gilgilçay müdafiə səddinin 200 metr eninə mühafizə zolağıdır. Qorunur”. Ərazidə istirahət məqsədilə qurulmuş çadırların ətrafındakı məişət tullantıları diqqəti çəkir. İstirahət məkanlarında çalışanların sözlərinə görə, buraya istirahətə gələnlər onların etirazına məhəl qoymur, ərazini zibilləyirlər. Amma elə istirahət mərkəzinin arxasında buraya məxsus üfunət iyi verən zibil toplusu təbiətin gözəlliyinə xələl gətirir. Burada çalışanlar deyir ki, qoruğun sərhədləri hələ dəqiq müəyyənləşmədiyi üçün bu cür halların qarşısını tam almaq mümkün olmur.

Dünyada ikinci böyük sədd

Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır. Uzunluğu 120 km olan səddin divarlarının qalınlığı bəzi yerlərdə 8 metrə çatır. Babadağına qədər sədd divarlarının hündürlüyü 5-7, bəzi halda 7-11 metr, eni isə 30-35 metrə qədərdir. Faktiki olaraq bu sədd şimaldan cənuba keçilməsi mümkün olan bütün keçidləri bağlayırdı. Gilgilçay səddi dörd hissədən ibarət olub. Hər 30-35 metr məsafədə bürc və ya qüllə ucaldılıb. Bürc və divarlar əsasən yonulmamış daşlardan tikilib. Bir vaxtlar Bakı-Rostov şəhərlərarası şosse yolunun genişləndirilməsi ilə bağlı bu nadir abidələrin bir qismi dağıdılıb.

Bürcləri dağılan qala

Nəhayət piyada 4 saat qol qət edib Çıraqqalaya dırmaşırıq. Buradan baxanda tək Şabran deyil, dənizədək uzanan ərazilər ayaqlarımız altında qalır. Uzaqdan “Taxtakörpü” su anbarının geniş məzərəsi açılır. Su anbarı 2013-cü ilin sentyabrında istismara verilib. İnsanların nə vaxtsa vətəni qoruduğu qalanın görkəmi ürək dağlayır. Nə işiqlandırılması var, nə də bərpası. Qala qəzalı vəziyyətdədir. Belə getsə, tezliklə qalanın sağ qalan yeganə divarları da sıradan çıxacaq. Qala qapısından biraz aralı, ortalıqda tağbənd örtməli ovdan - su anbarı yerləşir. Gözə dəyən saxsı borulardan görünür ki, su bu ovdana yaxınlıqdakı dağlardakı çeşmələrdən çəkilib. Hündürlüyü 120 metr olan sıldırım qayanın üzərində ucalan baş qüllə uzaqdan daha əzəmətli və möhtəşəm görünür. Bu qüllə müşahidə, işarə məqsədilə tikilib. Burada dayanan keşikçilər Dərbənddən Beşbarmaq səddinəcən dəniz sahili boyu, təxminən 100 km-ə qədər bir ərazini nəzarətdə saxlaya biliblər.

Çıraqqalanın baş bürcü 

Bir tərəfdən girdə, o biri tərəfdən düzbucaq şəklində hörülmüş silindrik gövdə başdan-başa üfüqi zolaqlarla bölünüb. Növbə ilə daş və kərpic hörgülü zolaqlar onun monumentallığını daha da artırır. Belə bir fənd eyni zamanda konstruktiv möhkəmlik üçün məqsədəuyğundur. Elə ona görə də sal qaya üstündə yalnız öz ağırlığı hesabına dayanan baş bürcün möhkəm quruluşu üçün qurşaqvari zolaqlardan istifadə edilib. Qurşaqların materialı daş-kərpic olmaqla növbə ilə təkrarlanıb. Siluet və textonika effektinə görə baş bürcün həm forma kamilliyinə, həm də miqyas ölçülərinin tənasübünə söz ola bilməz. Çıraqqala tipli qalalara Azərbaycanın başqa bölgələrində, lakin Çıraqqala möhtəşəmliyi ilə o qalalardan fərqlənir.

Nəzərdə tutulanlan elə nəzərdə tutularaq qalıb

2003-cü ildə “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında” prezident sərəncamı verilib. Sərəncama əsasən, Çıraqqala tarixi abidə kompleksi tarix-memarlıq qoruğu elan edilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarix-memarlıq qoruğunun bərpası ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulsa da, hələ də nəzərdə tutulanlan elə nəzərdə tutularaq qalıb.

Çıraqqalanın turizm potensialı

Şabran rayonu Azərbaycanın turizm üçün əlverişli bölgələrindəndir. Həm yay, həm də qış istirahəti üçün coğrafi imkanlar var. Relyefi müxtəlif olan rayon şərqdə Xəzər sahilləri ilə qovuşur, düzənliklər tədricən təpəliklər, daha sonra meşələr, sonra dağlarla əvəzlənir. Buranın sıx meşəsi, sıldırım qayalar arasından axan çayı və müalicəvi əhəmiyyətə malik olan kükürdlü su bulaqları var. O cümlədən Çıraqqala da təkcə tarixi abidə kimi deyil, həm də qoynunda səfa qaynağı olan bulaqları ilə turistlər üçün cəlbedici məkan ola bilər. Əsası V əsrdə qoyulmuş qədim Şabran şəhəri zəngin tarixi-arxeoloji abidələri ilə tu

Məşhur “Qalaaltı” suyu urək bulandırır

Çıraqqaladan bir az aşağıda isə Çarax (Çaraq) kəndi ərazisində “Qalaaltı” müalicə mərkəzi yerləşir. Məşhur “Qalaaltı” suyu mədə-bağırsaq, öd yolu, qara ciyər, böyrək xəstəliklərinə dərmandır deyirlər. Sakinlər bildirdilər ki, sözügedən müalicəvi suyu ancaq həkimin məsləhəti ilə qəbul etmək olur. Çox qəbul edildiyi halda böyrəkdəki daşlar birdən-birə parçalana və fəsadlar törədə bilir. Suyun özünəməxsus qoxusu var. “Qalaaltı” suyundan yumurtaqarışıq neft iyi gəlir.
“Qaaltıda” su təkcə krantlardan yox, həm də su boruları qoşulan rezin şlanklardan da gəlir. Su boruları pas ataraq deşik-deşik olub. Axan suyun qarşısını almaq üçün borular sintetik kisələrlə sarınıb. Amma bu da suyun qarşısını ala bilmir.
Ətrafda antisanitariya yaranıb. 
Qoruqlarda soyqırım
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan meşə massivlərində taxta sexləri açılıb. Hektarlarla meşə sahələrinin məmurlar tərəfindən qırılması və zəbt olunmasıyla bağlı yerli əhali maraqlı əhvalatlar danışır. Qoruq əraziləri ayrı-ayrı şəxslərə icarəyə verilib. Həmin ərazilərdə taxta sexləri açılıb. Meşələrdəki ağaclardan tikinti materialları, taxta-şalban hazırlanıb satılır. Sakinlərin sözlərinə görə, ağac materialları üçün yararlı olan iri gövdəli ağaclar kəsilir, sexlərdəcə yonulub, tikinti üçün lazımı formalarda kəsilir və yük maşınlarına yüklənərək şəhərə aparılır və baha qiymətə satılır. 

Nəhayət...

4 saatlıq yolla geriyə sayım başlayır. Bələdçimiz səfər iştirakçılarını məlumatlandırır: “Meşəyə zibil atmaq olmaz, yemək qırıntılarını arxanızaca toplayın. Burada yalnız yanınızda götürdüyünüz qidaları yeyə bilərsiniz. Tonqal qalamaq, papiros kötuyunu meşəyə atmaq olmaz!” 
Vəssalam...

Gülnaz Qənbərli, Hurriyyet.org
Bakı-Şabran-Çıraqqala