ALLAHŞÜKÜR PAŞAZADƏNİN XANIM MÜAVİNİ HAQDA ŞOK İDDİA – Qəmər Cavadlı mərhum qardaşının ailəsindən onun müalicəsinə xərclədiyi pulu tələb edir...

Baxış sayı:
3676

“Hürriyyət”in redaksiyasına daxil olan məktubda deyilir ki,  şikayətçi Cavadlı Ülviyyə Səmədağa qızı 3 oğul övladının atası Cavadlı Lətif Aydın oğlunu bu ilin avqustunda itirib. Övladlari ilə çətin vəziyyətdə qalan Ülviyyə xanım təkbaşına, atasız qalan övladlarını necə saxlayacağı barədə, onların müqəddəratının necə olacağı haqda düşündüyü zaman qaynanası ilə baldızı ona daha bir zərbə vurub.
Belə ki, həyat yoldaşını itirəndən sonra Ülviyyə Cavadlı, övladlarının gələcəyini təmin etmək üçün çıxış yolunu yaşadıqları evi satıb, daha kiçik bir mənzilə köçməkdə  görür. Amma Lətif haqq dünyasına qovuşduqdan sonra mərhumun bacısı - Cavadlı Qəmər Aydın qızı və anası - Cavadlı Nailə Bəybala qızı Ülviyyə xanıma bildirilər ki, əgər evi satmaq fikrinə düşsə, əldə ediləcək vəsaitdən onlara da pay düşür, özü də azı 30 min ABŞ dolları məbləğində.
Bu planı quran,  81 yaşlı ahıl qayınanasını da öz məkrli  planına alət edən tərəf isə, şikayətçinin dediyinə görə,  baldızı Qəmər Cavadlır.
Qeyd edək ki,  jurnalist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru Qəmər Cavadlı uzun illərdir  Qafqaz Müsəlmanları İdarəsində (QMİ) çalışır, QMİ-nin ictimaiyyətlə əlaqələr və ailə problemləri (?!) üzrə sədr müavinidir. Maraqlısı odur ki, Qəmər xanım müsəlman dini idarələri tarixində bu statusu qazanan ilk qadındır.  Əslində,  bu xoş və qürurverici  statusdur, amma… sözügedən statusun sahibinin doğma qardaşının övladlarına qarşı sərgilədiyi münasibət heç də ürəkaçan deyil.
Yeri gəlmişkən, qeyd edək ki, mərhum qardaşının övladlarından biri ağır xəstədir və davamlı olaraq müalicə kursları keçməlidir.
Çalışdığı yerdə böyük gəliri olmayan Ülviyyə Cavadlının  belə bir vəziyyətdə böyük zəhmət bahasına qurduğu ev-eşiyini satışa çıxarmaqdan başqa nə çarəsi ola bilərdi ki? Qəmər xanımın qardaşının çarəsiz durumda olan ailəsinə qarşı qaldırdığı iddia isə  milli-mənəvi, eləcə də dini dəyərlərdən çox-çox uzaqdır.
Maraqlıdır, görəsən hörmətli Allahşükür Paşazadə ailə problemləri üzrə müavininin öz ailəsində yaratdığı və dini, mənəvi dəyərlərə sığmayan problemləri barədə məlumatlıdırmı?
Ümid edirik ki, Şeyximiz bu olaylardan  məlumatsızdır, əks təqdirdə bu problemin yaşanmasına izn verməzdi..
QMİ-nin, yəni Şeyx həzrətlərinin ictimaiyyətlə əlaqələr və ailə problemləri məsələləri üzrə sədr müavini Qəmər xanımın şəxsən özünə və ailə üzvlərinə məxsus  mülklərinin, varidatının bir hissəsinin  siyahısını diqqətinizə çatdırırıq:
1. Xırdalan şəhərində “Milyonçular məhəlləsi” adlanan ərazidə 3 mərtəbəli villa.
2. Mərdəkan qəsəbəsində 2 mərtəbəli villa.
3. Həsən Əliyev (keçmiş İnqilab) küçəsində yeni yaşayış binasında oğlu Elturan üçün alınmış mənzil.
4. Riyad “Gənclik şəhərciyi”ndə qızı Selcan Qasımovaya aid mənzil.
5. Riyad “Gənclik şəhərciyi”ndə oğlu Elturan Qasımovun adına olan  mənzil.
6. Yasamal rayonu, Mirəli Seyidov küçəsi 16-da qaynanası Cavadlı Nailənin yaşadığı 3 otaqlı mənzil. Bu mənzil də Qəmər Cavadlının qızı Selcanın adına alınıb.
7. Şamaxı şəhərinin Mədrəsə kəndində bağ evi- oğlu Elturan Qasımovun adına.
8. Türkiyənin İstanbul şəhərində 2 mənzil.  
9. Quba rayonu ərazisində hektarlarla torpaq sahəsi.
Sizcə, əlavə şərhə ehtiyac var?

Bu yerdə şikayətçi Ülviyyə Cavadlının məktubuna müraciət edirik:
“Qardaşı haqq dünyasında olan Qəmər xanım Fatimeyi-Zəhranın şəhadəti günü mənə ultimatum yollayaraq, qardaşının müalicəsinə xərclədiyi pulu geri verməyimi tələb etdi. Belə çıxır ki, doğma qardaşının müalicəsinə xərclədiyi  pulu ona halal etməyib. Halbuki, dindən uzaq insanlar belə, haqqa qovuşanlara haqqını halal etməyi özünə borc bilir.
Qardaşı can üstə olanda, dünyasını dəyişəndə  Qəmər xanım Quşadasında istirahət edirdi. Onun bütün əziyyətini mən çəkdim. Dəfn mərasimini mən təşkil etdim, üç məclicini verəndə bacısı istirahətini başa vurub təşrif buyurdu. Özü də mənə dedi ki, bu ev, yəni yaşadığımız ev, qardaşım Lətifin balalarınındır, mənim xirtdəyə qədər (əli ilə xirtdəyini göstərdi) malım-mülküm var, bu ev bizə lazım deyil. Bizə kömək et,  hüzürü yola verək, heç kimimiz yoxdur. Düz qırx gün evim gəl-getli oldu. Başsağlığına gələnlərin qulluğunda durdum. Bu da “çox sağ ol”ları.
Sonradan məlum oldu ki, anası ilə xalası Qəmər xanımın tapşırığı ilə bütün aidiyyati qurumları gəzib, evi öz adlarına keçirməyə çalışıblar. Evin sənədləri məndə olduğundan, saxta yollara əl atmağa cəhd göstəriblər, rüşvət hesabına balalarımın evini əllərindən almağa çalışıblar. Evin kupçasını düzəliş üçün təqdim ediblər. Kupçanın üzərində belə də yazılıb: “düzəlişə verilsin”. Amma yoldaşımın ölüm kağızını tapa bilmədikləri üçün, həm də sistemdə evli və üç oğul atası olduğu göründüyündən, düzəliş etdirməyi bacarmayıblar. Məcbur qalıb üç ay sonra evin kupçasını mənə verdilər və dedilər ki, bilirsən nə var, biz vərəsəyik, bu evdə bizim də payımız var.
O boyda var-dövləti olan bacı Türkiyədə istirahət edəndə böyük oğlum atasını dövlət hesabına dializə aparırdı. Xəstə oğlum bu günə qədər atasının dünyasını dəyişdiyindən xəbərsizdir. Hələ də elə bilir ki, atası Türkiyədə müalicə olunur. Deyir ki, atamın telefonu evdə qalıb. Onu kimə verim ki, təyyarə ilə aparıb atama çatdırsın? Türkiyədə təhsil alan böyük oğlum hər dəfə görüntülü zəng vuranda ondan atasını soruşur. “Atamın vəziyyəti necədir? Ona baş çəkirsən, vəziyyətini öyrənirsən? Heyif ki, atamın telefonunu sənə verməyi unutdum, indi atamla danışardım, səsini eşidərdim”,- deyir hər dəfə.
Axı bu uşaqlar onların-ana ilə qızının doğmalarıdır, dünyasını dəyişən əzizlərinin yadigarlarıdır. İnsafdandırmı, onların malına, mülkünə göz dikmək? Ev də bir ev ola. 1 mərtəbəli damdır. 81 yaşlı ana Yasamalın mərkəzində üçotaqlı mənzildə yaşayır, bacının malının, mülkünün sayı-hesabı yoxdur, bununla belə atasız uşaqların evinə göz dikiblər.
Yoldaşım “Jiquli” markalı maşınını satmışdı. Üç il əvvəl, onu insult vurandan sonra, o zaman yenicə Türkiyədəki universitetlərdən birinə  daxil olan böyük oğlum Üveysin  təhsil haqqını ödəmək üçün maşının pulunu açıqcaya qoyub bibisinə verdim. Sentyabr ayında oğlumu Türkiyəyə aparıb həmin pulla yerbəyer etdi, mart ayına qədər otel pulunu ödəyib gəldi. Qalan puldan hər ay 300 manat götürüb Üveysə yollayırdı. Mart ayında isə uşağa dedi  ki, daha mənə yazma, sənin pulun bitdi, bundan sonra sənə bir qəpik də yollayan deyiləm. Onu vətənə gətirtmək üçün burada zülm çəkdim.  260 manat maaş alıram.  Oğlum qaldığı mənzilin kirayə haqqını ödəyə bilsin, orada ac qalmasın deyə, övladlarımın boğazından kəsib o pulu yığmışam, üstünü də düzəldib mart ayından avqust ayına qədər  Türkiyəyə yollamışam.
Pandemiya dönəmində oğlumun 18 yaşı tamam olmadığı üçün ölkəni tərk etmək izni yox idi. Onu oradan gətirtmək üçün olmazın əziyyət çəkdim. Təyyarəyə bilet 700 dollar idi. Qohum-əqrəbam sağ olsun, onlar yardım etməsə, oğlumu vətənə qaytara bilməyəcəkdim.
Ötən il oğlum onlayn təhsil aldı. Bu il isə yoldaşımın yas mərasimindən yığılan puldan bibisi gətirib oğluma 185 manat bilet pulu verdi, 200 manat da masanın üzərinə qoyub uşağa dedi ki, bunu da cib xərcliyi edin, ya da istəsəniz, qazın, işığın pulunu ödəyin. Yası  bu evdə vermişik axı.
Halbuki, o, Qusadasında dincələndə mən məzuniyyət pulumu Üveysə verdim ki, taksi tutub atasını dializə aparsın. Çox vaxt da təcili yardım maşını ilə aparmalı olurdu. Çünki vəziyyəti çox ağır idi. Əksər xəstəxanalar onu dializə qəbul etmirdi. 18 yaşlı oğluma ərizə yazdırmışdılar ki, atana nəsə olsa, biz məsuliyyət daşımırıq. Nə ana, nə bacı, nə də qardaş xəstə əzizləri ilə maraqlanmırdı, ona baş çəkməyə gəlmirdi. Bircə gələn xalası oğlu idi. Onun özü həkimdi, xəstəxanada işi çox olurdu deyə,qaça-qovla gəlib gedirdi.
Xəstə olanda heç bir əzizi onunla maraqlanmırdı, indi isə əmisi can verəndə gəlib ona baş çəkməyən hansısa saytda çalışan qardaşı oğlu Aydın Cavadlı  mənə və övladlarıma qarşı edilən haqsızlıqla bağlı yazılan məqalələri saytlardan pozdurur. Ona demək istəyirəm ki, axı, söhbət doğma əminin övladlarından gedir. Sənsə onların tərəfini tutmaqdansa, onlara qarşı haqsızlıq edən bibinin tərəfini tutursan. Nəyə görə? Bibin vəzifəli, pullu olduğu üçünmü?

Mən evimi kefimdən satmıram ki. Təkbaşına üç ovlad böyüdürəm. Ata-anam yaşlı, xəstə insanlardır, qardaşlarım öz ailələrini güclə dolandırır. Oğlumun biri xaricdə təhsil alır, biri isə xəstədir. Özü də xəstəliyi təkcə fiziki deyil. 13 yaşı var, amma qavraması 4-5 yaşlı uşaqdakı kimidir. Anadan olandan müalicə olunur. Amma xüsusi irliləyiş yoxdur. Həkimlər Almaniyada müalicə etdirməyi məsləhət görür. Bunun üçün isə külli miqdarda maddi vəsait tələb olunur. Yetkinlik yaşına çatanadək müalicə olunmasa, sonra heç bir müalicənin faydası olmayacaq. 81 yaşlı nənəsinə 60 min verməkdənsə, oğlumu müalicə etdirərəm, böyük oğlumun arzusu da  gözündə qalmaz. Təhsilini başa vurub istədiyi peşənin sahibi olar. Biz görmüşük ki, ata dünyasını dəyişəndə əmi, bibi, nənə, baba onun övladlarına sahib çıxır, onları öz qanadı altına alır, bizimkilər isə əksinə bizdən pul tələb edir. Belə zülm olar?
Nə qədər pul xərcləyib axı qardaşının müalicəsinə? Belə yaxşı müalicə etdirmişdisə, niyə dünyadan köçdü?  Bir də, yad üçün etməyib ki, nə edibsə, doğma qardaşı üçün edib.  Əgər o, qardaşına haqqını halal etmirsə, mən halallıq üçün evin pulundan ona verərəm. Buna da razıyam. Təki sənədlər qaydaya salınsın, ev satılsın, təki məndən əl çəksinlər. 5min, 10 min...nə qədər versəm, gözləri doyar, görəsən? Vallah  onların yerinə mən xəcalət çəkirəm.
Ay Qəmr xanım, sən özün atasızlığın acısını çəkmisən axı. Anan səni, qardaşlarını min cür əzab-əziyyətlə böyüdüb. Bəs necə olur ki, indi doğma qardaşının yetim balalarına qarşı belə insafsız davranırsan? O qədər malın, mülkün ola-ola qardaşının balalarının daxmasına necə göz dikə bilirsən? Niyə gözün doymur? Uşaqlıq travması imkan vermir? Uşaqlıqda yaşadığın acılar, yoxsulluq səni olğunlaşdırmaq əvəzinə, azğınlaşdırıb deyəsən. Nə deyim vallah. Allah sənə hidayət versin.
İllər əvvəl, biz onda yenicə ailə qurmuşduq. Hamımız eyni həyətdə yaşayırdıq. Şirşov küçəsi 5-də (indiki Almas İldırım küçəsi) böyük mülkləri vardı.  Yoldaşımgilin ogey əmilərinin oğlu həyətdəki evlərdən birində qalırdı. Yetim oğlan idi, nə atası vardı, nə də anası.  Əsgəri xidmətdən qayıdanda gördü ki, yaşadığı daxmanı söküblər, məcbur qalıb yataqxanada yaşamalı oldu. İllər sonra evi olan bir qızla ailə həyatı qurdu. Sözügedən mülk satılanda xanımının evini bəhanə edib oğlana düşən payı vermədilər, yetimin haqqına girdilər. Demək, elə o vaxtdan acgöz xislətli imişlər. Həmin adamın xanımı yoldaşımın yas məclisində iştirak edirdi, özünü insult vurduğundan evdən çıxa bilmir.
Onu da deyim ki, üç il əvvəl yoldaşımla rəsmən ayrılmışıq. Ayrılsaq da, övladlarımıza görə mütəmadi əlaqə saxlayırdıq, münasibətlərimiz də normal idi. Həyatdı, hər kəsin başına gələ bilər. Biz ayrılanda yoldaşım mənə dedi ki, ev sənin və balalarımındır, mən öz payımı balalarıma verirəm. Ona görə də əmlakın bölünməsinə dair iddia ərizəsi verilmədi.  Mən ona, o mənə etibar edirdik, aramızda şifahi razılaşma vardı. Nə biləydim ki, amansız ölüm onu vaxtsız aparacaq, doğmaları da mənə, övladlarıma qarşı bu cür  haqsızlıq edəcək?! Əslində bu gün  qaynanamla baldızım mənimlə mal-mülk söhbəti etməklə ilk növbədə Lətifə qarşı hörmətsizlik edir, onun ruhunu incidir”.
Təbii ki, sözügedən məsələnin təkcə mənəvi deyil, hüquqi tərəfinin də araşdırılmasına  ehtiyac var. Əslində qanunvericiliyə görə, mülk birgə nikah dövründə əldə edilibsə, atanın ölümündən sonra mülkün yarısı anaya çatır və əlavə olaraq atanın payı da ana və övladları arasında bərabər bölünür. Yəni anaya 50%+ atanın payından çatan hissə verilir. Maraqlıdır, cütlük rəsmən boşandığı halda əmlak bölgüsü necə aparılmalıdır?
Sualımızı hüquqşünass Bəhruz Bayramov cavablandırır: “Əmlak bölgüsü zamanı iki azyaşlı uşağın nümayəndəsi kimi anaları çıxış edəcək. Amma nigah pozulduğuna və xanım vaxtında əmlak bölgüsü iddiası qaldırmadığına görə, ona vərəsəlik hüququ düşmür.  Əsas vərəsələr övladlardır. Məcburi pay anlayışı var. Yəni mülkün yarısı uşaqlara çatır, yerdə qalan 50 faizi isə üç oğul və mərhumun anası arasında bölünür, anaya haradasa 15 faiz  pay düşür. Amma əmlak bölgüsünü icra etmək üçün əvvəlcə miras açdırmalı və  evi öz adlarına keçirməlidirlər”.
Göründüyü kimi, qanun qaynana və dolayısı ilə baldızın tərəfindədir. Demək, ümid yalnız onların insafına qalır...

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.