Yazıçı Ramiz Mehdiyevin villasından danışdı: “Bizdə Məşədi İbad arxetipi var...”

Baxış sayı:
22937

Yazıçı Şərif Ağayar AMEA prezidenti Ramiz Mehdiyevin Badamdardakı 400 kvadratmetlik mənzilinin fotolarına münasibət bildirərək sosial şəbəkədə yazıb ki, o elə yerdə bir dəqiqə də rahat yaşaya bilməz. “Necə yaşayırlır o cür yerlərdə? Komfort yoxdur axı o parıltıda, o zər-zibayla bəzənmiş otaqlarda. Bəlkə, yaşamaq üçün deyil o evlər? Eləcə yerində durmaq üçündür” – deyə bildirib.

Yazıçı “Yeni Sabah”a açıqlamasında bu haqda danışıb: 

- Yazmısınız ki, Ramiz Mehdiyevin fotoları yayılan evində yaşaya bilməzsiniz. Nə üçün?

- Bu, ola bilsin şəxsi münasibətdən irəli gəlir. Lakin mən oxuduğum ciddi kitablarda da dəbdəbə xüsusilə vəsf olunmayıb. Nizami kimi klassiklərin yaradıcılığında bu ehtişam var-dövlət nümayişindən daha çox insan bacarığının nümunəsi kimi göstərilir. Yəni ehtişamlı evlərin, qalaların sahibindən çox, onu yaradan memarlar, ustalar yüksək qiymətləndirilir. 

Mən konkret kimsə haqqında danışmıram, ümumi deyirəm ki, dəbdəbə, ehtişam, bahalı geyim və aksesuarlar çox zaman daxili kasadlığın kompensasiyası kimi ortaya çıxır. Bu heç. Bu, kitabların mənə öyrətdiyidir. 

Öz həyatımda isə həmişə balaca, mütəvaze evləri sevmişəm. Kənddə bizim evimiz böyük idi. Pilləkənləri qalxıb-enmək, böyük otaqlarda yaşamaq bezdirirdi məni. Çəpərlərin əhatəsində iri ağacların altına sığınmış yosma evlərə həmişə həsrətlə baxmışam. Onda atam imkanlı olduğu üçün o balaca evlərə həsrətlə baxırdım, indi isə imkansızlıqdan həsrətlə baxıram (gülüş). 

Əmin olun, nə zamansa lap çox imkanım olsa belə mütləq iri ağacların altında tikilmiş balaca, birmərtəbəli və ya kürsülü evdə yaşayacam. Dəbdəbəli restoranları da sevmirəm. Kasıbyana, lakin səliqəli kafelərdə daha rahat oluram. Ətrafdakı adamların sadəliyi də mənə xüsusi zövq verir. 

Bir müddət bürokratik sistemdə işləmişəm, ən yüksək vəzifəli insanlarla, ən varlı adamlarla eyni məclislərdə olmuşam. Sıxılmışam həmişə. Mümkün qədər tez çıxmağa çalışmışam. Bu, ən yaxşısıdır və mütləq belə olmalıdır demirəm, sadəcə öz xasiyyətimdən danışıram. 

- Azərbaycanda məmurların kifayət qədər pulları olsa da, zövq məsələsində kasaddırlar. Bunun səbəbini nədə görürsünüz?

 

- Azərbaycanda məmur maaşı ilə varlanmaq mümkün deyil. Məmur ola-ola milyonlar qazanmaq üçün mütləq başqa işlərlə məşğul olmalısan. Bu “başqa” sözünün altında çox şey var. Son hadisələr, DTX-nın ictimailəşdirilən məlum əməliyyatları göstərdi ki, bəhs etdiyimiz istiqamətdə vəziyyət çox faciəvidir. Hətta pandemiya dönəmində yoxsul ailələrin 190 manatına göz dikən səlahiyyət sahibləri də varmış. Mən bu vəziyyəti ifadə eləmək üçün söz tapa bilmirəm. Sadəcə, şok! Hər şeyin bir həddi var. 

Həyatdır, adam rüşvət də alar, qanunsuzluq da edər, lap belə bütün bunları edə-edə qanunun nəzərindən yayına da bilər. Lakin inanın, ən ağır cinayətin də içində yazılmamış bir qayda var. Son illər ölkəmizdə şahidi olduğumuz bir çox hadisələri dünyanın heç bir məntiqi ilə izah eləmək olmur. Və belə bir şəraitdə qazanılan pullar heç vaxt zövqlü bir şeyə sərf oluna bilməz. 

Atalar misalı da var: hayla gələn, huyla gedər. Oğurluqla, rüşvətlə qazanılan pullarla ən yaxşı halda restoran, şadlıq evi açacaqlar, ya da hansısa kurort şəhərində yan-yana beş-altı villa alacaqlar... Çirkli pul nə sahibinə əsaslı fayda verər, nə ətrafa. O, sadəcə sahibini də, ətrafı da öz parıltısı ilə aldada bilər. 

Haqqında bəhs etdiyiniz villa da fotolarda parıldayır. Elə bil, kral sarayıdır. Bu yerdə dahi Nizaminin parıltıya aldanıb dirilik suyundan içə bilməyən məşhur qəhrəmanı yada düşür. Neftin parıltısı bizi demokratiya və Qarabağ kimi ən vacib məsələlərdən ala qoydu. Var-dövlət yaxşı şeydir, lakin o dürüst yolla qazanılmalıdır ki, dürüst işlərə də xərclənsin. Eyni zamanda, zövqlü bir şeyin meydana gəlməyinə səbəb olsun. 

Üstəlik, bizdə Məşədi İbad arxetipi var. Pulu öz zəhmətiylə qazanır, lakin dünyagörüşü və savadı olmadığı üçün onu yalnız cavan qız almaq üçün sərmayə kimi görür. Təsəvvür edirsiniz Məşədi İbad yoxsul bir uşağın oxumağına kömək eləsin? Əsla! Milli burjuaziya nədir? Həm pullu, həm intellektual kəsim. Ən vacibi millətin öz içindən doğduğu insanlar. 

Heç bir inkişaf eləmiş ölkədə başqa dilin daşıyıcısı olan burjuaziya yoxdur. Bu mənada, nə rusdillilər, nə ingilisdillilər bizim həqiqi elitamız ola bilmirlər. Elitanı xalq öz içindən doğmalıdır. Südün qaymağı misalı. Demək, xalqın xalq olması üçün halal yolla varlanan intellektual kəsimi – milli burjuaziyası formalaşmalıdır. 

İndi ölkədə kadr islahatı gedir. Xüsusi həssaslıqla yanaşdığım bir məsələ var: Azərbaycanı yaxşı tanıyan, onun dilini, insanlarını sevən adamlar gəlsin vəzifələrə... Bir rusdilli bu xalqı heç vaxt tanıya bilməz. İnsansa fitrətən tanımadığı bir şeyi heç vaxt sevmir. Pis halda zəhləsi gedir, yaxşı halda ona laqeyd qalır.