Ali Məhkəmə hakiminin 9 milyardı müsadirə edildi – 44 torpaq sahəsi, 51 bina, otellər şəbəkəsi...

Moskvanın Ostankino Rayon Məhkəməsi Rusiya Ali Məhkəməsinin keçmiş hakimi və Rusiya Hakimlər Şurasının sabiq rəhbəri Viktor Momotovun əmlakını müsadirə edib.
“Kommersant” nəşrinin məlumatına görə, sabiq yüksək vəzifəli ədliyyə əməkdaşı korrupsiya əməllərində şübhəli bilinir. Məhkəmə qərarına əsasən, Momotovdan ümumi dəyəri 9 milyard rubl olan 95 ədəd daşınmaz əmlak – 44 torpaq sahəsi və 51 bina, o cümlədən “Marton” otellər şəbəkəsi müsadirə olunub.
Rəsmi sənədlərdə həmin otellərin biznesmen Andrey Marçenkoya məxsus olduğu göstərilsə də, Rusiya Baş Prokurorluğu iddia edir ki, əslində bu biznesin faktiki benefisiarı Viktor Momotov olub.
Məhkəmə prosesində prokurorlar bildiriblər ki, Momotovun “Pokrovskiye” adlı mütəşəkkil cinayətkar qruplaşma ilə əlaqələri ola bilər. Sabiq hakim bu ittihamları rədd edib.
Xatırladaq ki, Baş Prokurorluğun iddiaları ictimailəşdikdən qısa müddət sonra Momotov həm Ali Məhkəmənin hakimi, həm də plenumu katibi vəzifələrindən istefa verib. Buna baxmayaraq, o hələ də təqaüddə olan hakim statusunu saxlayır.
Qeyd edək ki, “Marton” otellərinin rəsmi sahibi Andrey Marçenko ifadələrində biznesi müstəqil şəkildə qurduğunu bildirib. O, hazırda fırıldaqçılıq ittihamı ilə həbsdədir və ifadələrini istintaq təcridxanasından verib.