“Bu, Moskvanın adamlarının həbsinin başlanğıcıdır” - SƏRDAR CƏLALOĞLU

Baxış sayı:
151

“Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri kimi əhəmiyyətli bir vəzifə tuturdu. O, faktiki olaraq Azərbaycan dövlətinin siyasətini müəyyənləşdirir, ölkədə baş verən bütün hadisələrə bilavasitə nəzarət edən bir fiqura çevrilmişdi. Onun Rusiyanın adamı olması, Moskva vasitəsilə vəzifəyə gətirilmək planının olduğunu rəhmətlik Heydər Əliyev özü də demişdi”.

Muxalifet.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, Ramiz Mehdiyev Azərbaycanda baş verən bütün hadisələrə nəzarət edən fiqur olub: pizza hut

“Hətta Heydər Əliyev belə onun vəzifəyə gətirilməsinə mane ola bilməmişdi. Heydər Əliyevə qarşı olan keçmiş Kommunist Partiyası üzvlərindən ortaya ən radikal mövqe qoyan məhz Ramiz Mehdiyev idi. Mehdiyev məşhur “91-lər”ə də qoşulmamışdı”.

“20 yanvar qırğınında əli olanların ifşasına imkan vermirdi”

ADP bildirib ki, sonradan Ramiz Mehdiyevin yüksək vəzifəyə gətirilməsi və dövlət idarəçiliyinə nəzarət etməsi onun təsir gücünün göstəricisi idi: “Vaxtilə Heydər Əliyev Rusiyanın aşkar müdaxiləsinin qarşısını almaq üçün müəyyən güzəştlərə getdi.

O hakimiyyətə gələndən sonra hər il 20 Yanvar hadisəsini müzakirəyə çıxarırdı, amma 20 Yanvar hadisələrində bilavasitə xidməti olan 30-dan artıq məmur hakimiyyətdə ən yüksək vəzifələrdə təmsil olunurdular, amma onlardan birinin belə adı çəkilmirdi. O düşünülmüş şəkildə hər dəfə bu məsələni müzakirəyə çıxarırdı ki, həmin məmurlar ifşa olunsun, amma Ramiz Mehdiyev buna imkan vermirdi, parlamentdə 90% müzakirələr də onun nəzarəti altında olduğundan səthi aparılırdı və ya xalqın diqqəti hadisələrdə günahı olmayanların və ya günahı çox az olanların üzərinə yönəldilirdi”.

“Siyasi həbslərin arxasında Ramiz Mehdiyev dayanırdı”

Sərdar Cəlaloğlu vurğulayıb ki, Azərbaycandakı bütün siyasi həbslər, təzyiqlər Ramiz Mehdiyevin göstərişi ilə həyata keçirilib:

“Azərbaycandakı bütün siyasi həbslər Ramiz Mehdiyevin əli ilə aparılırdı. Demokratik qüvvələr, Azərbaycan istiqlaliyyətində iştirak etmiş elə bir öndə gedən adam yoxdur ki, o həbsdə olmasın, işgəncələrə məruz qalmasın və ya ölkəni tərk etməyə məcbur edilməsin. Ramiz Mehdiyev Rusiyanın imperial siyasətinə qarşı çıxış etmiş alimlərin, sənət adamlarının, siyasətçilərin, jurnalistlərin hamısını ölkədən didərgin salınmasına, repressiyaya uğramasına bilavasitə özü rəhbərlik edib. O açıq şəkildə deyirdi ki, biz Azərbaycanda total nəzarət həyata keçirməliyik. Bu onun Rusiyaya gedib gəldikdən sonra oradan aldığı tapşırıq idi”.

“Tərtər hadisələrində iştirak edənlər Rusiyanın adamları idi”

Partiya sədri bildirib ki, Tərtər hadisələrində iştirak edən və yüksək vəzifələr alan şəxslər də Ramiz Mehdiyevin kadrları olub:

“Tərtər hadisələrində iştirak edənlərin hamısı Rusiyanın adamları idi, hamısı çox yüksək vəzifələr almışdı, onlara dövlət mükafatları təqdim edilmişdi. Uzun müddət Azərbaycan hüquq-mühafizə orqanları o adamları vəzifələrindən kənarlaşdıra bilmədi. Bu gün Ramiz Mehdiyevin hakimiyyətə gətirdiyi, xüsusən hüquq-mühafizə orqanlarının rəhbərliyində möhkəmlənmiş Rusiyanın maraqlarını müdafiə edən çoxsaylı adamlar var”.

“Moskvanın adamlarının həbsinin başlanğıcı”

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında Tacikistanın paytaxtı Düşənbədə keçirilən görüşündən sonra baş verən proseslər, o cümlədən Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi, Moskva ilə münasibətlərin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir:

“Mən Düşənbə görüşündə pərdəarxası, mətbuata deyilməyən bir qənaətə gəldim. Hesab edirəm ki, İlham Əliyev Moskva ilə münasibətləri yoluna qoyması müqabilində Rusiyanın buradakı emissarlarının təmizlənməsi qərarını verib. Çünki Ramiz Mehdiyev uzun müddətdir vəzifədən gedib, onun Rusiyanın adamı olması dəfələrlə deyilib, onun haqqında həddən çox məlumatlar dərc edilib. İndi – Düşənbə görüşündən sonra Ramiz Mehdiyevin dövlətə xəyanətdə ittiham olunması, onun dövlət əmlakını dağıtması ilə bağlı cinayət işinin qaldırılması onu göstərir ki, Rusiya Azərbaycanı ənənəvi agentləri vasitəsilə idarə etməkdən imtina edib, Azərbaycanla rəsmi, dövlətlərarası münasibətlər qurmağa razılaşıb. Mən bunu İlham Əliyevin ən böyük xidmətlərindən biri hesab edirəm. Ona görə də artıq Azərbaycanda Moskvaya xidmət edən yüksəkrütbəli məmurların bir-bir ifşa ediləcəyi, həbs olunacağı, onların vətənə, dövlətə, xalqa, Heydər Əliyevə qarşı etdikləri şəxsi xəyanətləri də üzə çıxarılacaq və cəzalandırılacaq. Ramiz Mehdiyevin həbsinə Rusiya-Azərbaycan münasibətləri kontekstində baxmaq lazımdır”.

“Ramiz Mehdiyev Azərbaycanda Rusiyanın tapşırıqlarını yerinə yetirib”

ADP sədri sonda bildirib ki, Ramiz Mehdiyev illərlə Rusiyanın maraqlarına xidmət göstərib və Azərbaycanda çoxsaylı cinayətlərə imza atıb:

“Ramiz Mehdiyevin Rusiyanın adamı olması, Azərbaycanda deyilənlərdən 100 qat artıq cinayət törətməsi, müəyyən cinayətkar qruplara rəhbərlik etməsini Azərbaycanda hamı bilir. Biz siyasətçilər hamımız bilirdik ki, onun seçkilərin saxtalaşdırılmasında, demokratik qüvvələrin repressiyasında, milli təfəkkürlü alimlərimizin, sənət adamlarımızın ölkədən didərgin salınmasında müstəsna rolu var. Bu, onun Rusiyadan aldığı tapşırıq idi”.