“Türk soylu şəxs o halda Türkiyədə çalışma izni üçün müraciət edə bilər ki...” – Ekspert qanuna dəyişiklikləri açıqladı

Baxış sayı:
232

“Türk soylu əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst yerinə yetirməsi, dövlət, özəl qurum və ya iş yerlərində çalışa bilmələri haqqında qanun var. Bu qanun 1981-ci il sentyabrın 25-də qəbul edilib”.

Bu barədə siyasi şərhçi Şahin Cəfərli Türkiyədə sözügedən qanuna dəyişiklikləri şərh edərkən deyib.

Onun sözlərinə görə, qanun türk soylu əcnəbilərin - xarici ölkə vətəndaşları, eləcə də vətəndaşlığı olmayanların Türkiyədə iş icazəsi (çalışma izni) almasını tənzimləyir.

“Qanunda kimlərin türk soylu sayıldığı konkret göstərilməyib. Amma yaşadıqları ölkələrdə təqib olunan türklərin - Batı Trakya (Yunanıstan), Bolqarıstan, uyğur (Çin), Krım və Ahıska (SSRİ) türklərinin nəzərdə tutulduğu aydındır”, - o əlavə edib.

Üç gün əvvəl Prezident Rəcəb Tayyib Ərdoğanın bu qanunla bağlı Əsasnaməyə dəyişiklik və əlavələr etdiyini xatırladan Şahin Cəfərli vurğulayıb ki, yeniliklərin Azərbaycan və digər müstəqil türk cümhuriyyətləri ilə əlaqəli ola bilməyəcəyini asanlıqla anlamaq olur: “Məsələn, gətirilən yeni şərtə əsasən Türkiyədə iş icazəsi almaq istəyən türk soylu şəxs vətəndaşı olduğu ölkənin əhalisinin mütləq əksəriyyətindən fərqli etnik və mədəni kimliyə sahib olduğunu sübut etməlidir. Əgər bu qanun və əsasnamə Azərbaycan vətəndaşlarına aiddirsə, onda belə çıxır ki, Türkiyədə çalışmaq üçün yalnız mütləq çoxluq - Azərbaycan türklərindən fərqli etnik-mədəni kimliyə malik türk soylu Azərbaycan vətəndaşları (?) müraciət edə bilər. Təbii ki, belə bir absurdizm mümkün deyil”. 

Təhlilçinin sözlərinə görə, digər yeni şərtə görə türk soylu şəxs o halda Türkiyədə çalışma izni almaq üçün müraciət edə bilər ki, vətəndaşı olduğu ölkədə özündən asılı olmayan səbəblərlə peşəsini, sənətini yerinə yetirmək imkanından məhrum olsun və həyatını Türkiyədə davam etdirmək zorunda qalsın.

“Bu yerdə bəlkə türk cümhuriyyətlərində siyasi və ya digər səbəblərlə təqib olunan şəxslər ağla gələ bilər, amma aydındır ki, Türkiyə hazırkı müstəqil türk dövlətlərində hökumətlərin təqibinə məruz qalanlara belə bir imtiyaz verməz. Uyğurlar bu təsnifata aid edilə bilər, lakin Türkiyə hökuməti bəzən Çindən qaçıb gələn uyğurlara sığınacaq vermir”, - o qeyd edib.

Ş.Cəfərli bildirib ki, başqa bir əlavəyə görə kimlərin türk soylu sayıldığı dəqiqləşdiriləcək və buna Prezident qərar verəcək.

Rasim Əliyev