“İCRA HAKİMİYYƏTİ SİSTEMİ ÖZÜNÜ DOĞRULTMADI” – “İnsana iş imkanı yaradılmalıdır ki, axşam uşağına çörək gətirə bilsin”

“Siyasətdən getməmişəm və getmək fikrim də yoxdur”
Azərbaycanın tanınmış və nüfuzlu ziyalılarından biri, uzun müddət yüksək dövlət vəzifələrində çalışmış, 4 çağırış Azərbaycan Milli Məclisin üzvü olmuş Vahid Əhmədov “AzPolitika”ya müsahibəsində gündəmin əsas mövzuları – Rusiya - Azərbaycan münasibətlərində baş verən gərginlik, regionda cərəyan edən hadisələr, eləcə də ölkə gündəmi, iqtisadi, sosial problemlər, gözlənilən islahatlar barədə sualları cavablandırıb.
Müsahibəni oxucularımıza təqdim edirik:
- Vahid müəllim, müsahibə üçün təşəkkür edirəm. Sizdən son müsahibəni təxminən bir il əvvəl almışıq. O zaman parlament seçkilərinə hazırlıq dövrü idi, deputatlığa namizəd olub, daha sonra geri çəkildiniz. Demək olar, ötən bir ildə ictimai-siyasi həyatdan qismən uzaq olmusuz. Bu müddətdə hansı fəaliyyətlə məşğulsunuz və ən əsası, səhhətiniz necədir?
- Demək olmaz ki, bir ildir ictimai-siyasi həyatdan kənardaydım, arada mətbuata müsahibələr verirəm, ölkəmizdə, regionda gedən ictimai-siyasi hadisələrlə bağlı fikirlərimi bölüşürəm. Amma daha çox səhhətimlə, sağlamlıq məsələlərilə məşğul olurdum, o cümlədən ailəmə, nəvələrimə zaman ayırıram, onlarla daha çox vaxt keçirməyə çalışıram. Mən 1967-ci ildən 2024-cü ilə qədər fasiləsiz işləmişəm. Zavod direktoru olarkən də, sonrakı dönəmlərdə də bəzən ağır günlərdə şənbə-bazarsız çalışmışam, gecələri işdə keçirdiyim vaxtlar, ağır, çətin günlərim olub. Bu 57 ildə övladlarımın böyüməsi, yetişməsi ilə daha çox həyat yoldaşım məşğul olub. O da ali təhsillidir, universitetin biologiya fakültəsində təhsil alıb, amma işləməyib.
- Ötən il müsahibələrinizin birində demişdiniz ki, siyasətdən getmək fikriniz yoxdur. İndi də bu fikirdə qalırsız?
- Mən o zaman dediyim kimi siyasətdən getməmişəm və getmək fikrim də yoxdur. Çünki mənim xəmirim siyasətlə yoğrulub. Hələ Nizami rayonunda zavod direktoru işləyən zaman büro üzvü olmuşam, 1990-cı ildə Ali Sovetin deputatı olmuşam, 2005-ci ildən 2024-cü ilə qədər millət vəkili kimi fəaliyyət göstərmişəm. Siyasi fəaliyyətdən kənarlaşmamışam.
- Bir ilə yaxındır Milli Məclisin üzvü deyilsiniz. Müşahidəniz maraqlıdır, parlamentin indiki tərkibi kənardan necə görünür, fəaliyyətini qənaətbəxş sayırsızmı?
- Milli Məclis kifayət qədər təcrübəli insanların yeridir. Düzdür, son vaxtlar müəyyən qədər cavanlaşma prosesi gedir, orada yaxşı münasibətlərə malik olduğum insanlar yenə də var. İnsan yaşlaşanda öz yerini cavanlara verməlidir. Amma Milli Məclis siyasi arenadır, dövlətin güzgüsüdür. Ziyalılar, əsasən kifayət qədər savadlı insanlar, siyasətdən başı çıxanlar, Azərbaycan dövlətinin müstəqilliyini qoruyub saxlamağı bacaran insanlar Milli Məclisdə daha çox təmsil olunmalıdırlar.
Açığını deyim, deputatların hamısını tanımıram. Amma orada 10-a yaxın millət vəkili var ki, mütəmadi əlaqədəyik. Açığı, Milli Məclisin daha aktiv olmasını istəyərdim. Xüsusilə son hadisələrdə - bildiyiniz kimi, Azərbaycan - Rusiya münasibətləri kifayət qədər gərginləşib, Azərbaycan Prezidentinin ABŞ rəhbərliyi ilə yüksək səviyyədə görüşü olub və s. Əlbəttə, bunların təbliğində Milli Məclisin rolu böyük olmalıdır. Amma yenə deyirəm, hər şey zamana bağlı bir məsələdir.
- Vahid müəllim, Milli Məclisə qayıtmaq istəyərsinizmi?
- Bu sualı keçən dəfə “Mediatürk”ə müsahibə zamanı da soruşmuşdular. Mənim yaşım artıq kifayət qədərdir, bu, mümkün olan şey deyil. Azərbaycanın istiqlalçı millət vəkili olmuş biri kimi artıq mənim yerimi cavanlar tutmalıdır.
- Azərbaycan - Rusiya münasibətlərinin gərgin olmasını xatırlatdınız. Daha əvvəl də ikitərəfli münasibətlərdə “qabarmalar, çəkilmələr” olub. Bu dəfə gərginlik daha uzun müddətdir davam edir, sizcə, əsas səbəblər nədir?
- Rusiya bizim qonşu dövlətdir, orada böyük sayda azərbaycanlı yaşayır və bir çoxları mühüm işlərlə məşğuldurlar. Başqa millətlərlə müqayisədə soydaşlarımızın sayı, nüfuzu kifayət qədərdir. Azərbaycana diqqət böyükdür.
İkitərəfli münasibətlərin gərginləşməsinin bir neçə səbəbi var: Birincisi, sərnişin təyyarəmizin vurulmasıdır. Prezident də bu yaxınlarda “Əl-Ərəbiyyə” kanalına müsahibəsində xatırlatdı: 44 günlük müharibə günlərində Naxçıvanda bizimkilər Rusiya hərbi vertolyotunu vurmuşdu. Baxmayaraq ki, o, müharibə gedən ərazidə, sərhədimizə doğru hərəkət edirdi. Dövlət başçımız dərhal Rusiyaya kompensasiya ödənişi barədə tapışırıq verdi, digər məsələləri həll etdi. Amma indi Rusiya etdiyi cinayəti boynuna almır. Azərbaycan Prezidenti İlham Əliyev müasir tipli, çox uğurlu siyasətçidir. Azərbaycan dövlətinin xarici siyasəti məhz dövlət başçısının səyi nəticəsində formalaşır. Son vaxtlar Amerika ilə qurduğu əlaqələr, Prezident Trampla görüşü, onun İlham Əliyev haqqında yüksək fikirləri, Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılaşmalar… Bunlar birdən-birə baş vermir. Bu işlər uzun müddət işlənir, hazırlanır.
Məlum oluğu kimi, ABŞ Prezidenti hər dövlət başçısını yüksək səviyyədə qəbul etmir. Beləliklə, Vaşinqtonda imzalanan müqavilələr, sülh sazişinin paraflanması, ikitərəfli işçi qruplarının yaradılması, Zəngəzur dəhlizi ilə bağlı məsələlər – hamısı əlbəttə ki, Rusiyanın xeyrinə olmadı…
- Xüsusən, Zəngəzur dəhlizi – “Tramp yolu” ilə bağlı əldə olunan razılaşmalar…
- Bəli, Rusiya əvvəldən belə niyyətdədir ki, Zəngəzur dəhlizinə o nəzarət edəcək. Çünki bu dəhliz böyük əhəmiyyət kəsb edir. Vaxt gələcək, indi ona etiraz edən İran da bu dəhlizdən istifadə edəcək.
Bəllidir, Ukraynaya qarşı apardığı müharibəyə görə Vladimir Putinin dünyadakı reytinqi kifayət qədər aşağı düşüb. Rusiya Ukraynada faktiki olaraq çox ciddi problemlər yaşayır. Deyirdi ki, biz bir-iki günə Ukraynanı alacağıq, amma alınmadı. Dövlət başçımız Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib, humanitar yardımları davam etdiririk… Putin isə keçmiş SSRİ-ni bərpa etmək istəyirdi, bu da mümkün olan şey deyil. Mən demişəm, Rusiya dağılacaq! Rusiyanın dağılması prosesi artıq başlayıb.
Xüsusilə müsəlmanların yaşadıqları bölgələrdə ciddi problemlər var. Rusiyanın iqtisadiyyatı çox pis vəziyyətdədir, milli valyutası təhlükə altındadır, inflyasiya, hətta ərzaq problemi də var. Mən inanmıram ki, Rusiya bu müharibədə qələbə qazansın. Düzdür, istəyirlər müəyyən saziş imzalansın və Ukraynada tutduqları torpaqlar onlara qalsın. Amma Ukrayna dövləti, onun Prezidenti Volodimir Zelenski buna getmədi, gedən də deyil. Ukrayna dövləti vuruşur, hökumət qurumları, adi vətəndaşlar Ukraynanı qoruyur. Vuruşurlar, ölümə gedirlər, öz müstəqilliklərini qoruyurlar və buna da nail olacaqlar. Biz də Azərbaycan dövləti olaraq hər bir ölkənin müstəqilliyini, ərazi bütövlüyünü tanıyırıq və bunu ən yüksək səviyyədə dəfələrlə bəyan etmişik.
- Rusiya ordusu Ukraynada Azərbaycanın SOCAR dövlət şirkətinin infrastrukturunu vurur, səfirliyimizin binası yaxınlığına raket atır. Deməli, Rusiya Azərbaycana qarşı real təhlükə mənbəyinə çevirilib…
- Əvvəla, onu deyim ki, Rusiya Azərbaycana müharibə elan etməyəcək. Azərbaycanın çox güclü müttəfiqləri var. Birincisi, Türkiyə, ikincisi, Pakistan, üçüncüsü də son vaxtlar Azərbaycanla ABŞ arasında çox ciddi siyasi, iqtisadi, ticarət əlaqələri qurulub və bu, davam edir. Mən bu yaxınlarda bir-iki ay Amerikada - Vaşinqtonda oldum. Azərbaycana münasibətin kifayət qədər dəyişməsinin şahidi oldum. 5-6 il bundan qabaq da orada olmuşdum, amma indi görürəm ki, bizə olan münasibət yaxşıya doğru çox dəyişib. Hətta orada vəzifədə olan şəxslərlə görüşdüm, dövlət başçısına, bizim vətəndaşlara olan münasibətləri yüksək səviyyədədir. Öyrəndim ki, Amerikada beş yüz minə yaxın azərbaycanlı yaşayır. Bizimkilərə təklif etdim ki, orada bir Azərbaycan evi yaradılsın.
Rusiyaya gəlincə, əlbəttə, Azərbaycana qarşı təxribatlar olacaq. Rusiyada iki nəfər soydaşımız öldürüldü, dünən oxuyuram, bir nəfər ziyalımızı da həbs ediblər. Ehtiyatlı olmaq lazımdır. Bunu Prezident İlham Əliyev də gözəl bilir. Dövlət başçısı hər zaman çalışıb ki, Rusiya ilə yaxşı münasibətlərimiz olsun, çünki qonşu dövlətdir. Ancaq Rusiyanın məqsədi və siyasəti işğalçılıqdır. Necə ki, vaxtilə SSRİ var idi, indi də sanki SSRİ-yə rəhbərlik etməyə çalışırlar. Bu mümkün olan şey deyil. Orta Asiya dövlətləri artıq müəyyən qədər müstəqil siyasət yeridir, o cümlədən, Qafqazda Azərbaycan - Ermənistan münasibətləri yaxşılaşır. Ermənistanın Baş nazirinin müsahibələrinə baxırsınız? Görürəm ki, onlar həqiqətən sülh sazişi imzalamaq istəyirlər. Konstitusiya dəyişikliklər və digər məsələlər də həllini tapacaq. Yəni, saziş də imzalanacaq.
Gürcüstan, Azərbaycan, Ermənistan – bu üç dövlət Qafqazda daim olacaq. Əlbəttə, Qafqazın əsas lideri Azərbaycandır. Çünki həm siyasi, həm də iqtisadi cəhətdən güclüdür. Bunu hamı bilir, ona görə də Azərbaycana maraq kifayət qədər çoxdur. Yenə də əsas suala qayıdıram: Rusiya ilə münasibətlərdə ciddi bir şey olmayacaq.
- Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tədbirində iştirak etmək üçün Çinə səfər edib. Putin də orada olacaq. Sizcə, görüşə bilərlərmi?
- Putinlə yəqin ki, görüş olacaq. Rəsmi olmasa da ayaqüstü təmas olacaq. Bu gün Rusiya istəyir ki, bizi yenə əlinin altına salsın. Amma biz müstəqil dövlətik və müstəqi siyasət aparırıq.
- Vahid müəllim, Rusiyanın təzyiqlərinin bir istiqaməti də orada çalışan miqrantlara qarşıdır, bu da şübəsiz Azərbaycan üçün həssas məsələdir. Məlumdur ki, Rusiyada yüz minlərlə soydaşımız çalışır və ailələrinə vəsait göndərirlər, həm də kənd təsərrüfatı istehsalçıları məhsullarını bu ölkədəki bazarlara yönəldirlər. Bu təzyiqlər hansı müddətə qədər davam edə bilər?
- Bu proses Prezident İlham Əliyev və Vladimir Putin arasında görüş olanadək davam edəcək. Düzdür, bu yaxınlarda digər dövlət rəsmiləri arasında görüş oldu. Rusiya Baş nazirinin müavini Overçukla Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Həştərxanda İqtisadi Şuranın toplantısı çərçivəsində bir araya gəldilər. Rusiya tərəfi həm də enerji sahəsində əməkdaşlıq etməyə hazır olduğunu bildirdi.
- Overçuk bu məsələni hətta prioritet kimi qeyd etdi...
- Bəli. Rusiya ilə aramızda gərginlik yaranmamalıdır. Heç kim bunun tərəfdarı deyil. Çünki orada bizim soydaşlarımız var. Onların vəziyyətini başa düşürük və onlara kömək etmək lazımdır. Yekaterinburqda baş verən hadisələr olmamalı idi, təyyarə qəzası ilə bağlı da Rusiya dövlət başçısı və Baş nazir deməli idilər ki, “səhv bizdə olub”, təzminat ödənilməli və bundan sonra heç bir problem yaranmamalı idi. Dövlət başçımız da bunu tələb edir. Rusiya dövlət olaraq öz səhvini boynuna almalı idi.
Bu yaxınlarda diqqət etdinizsə, Sergey Lavrov Alyaskadakı görüşdə SSRİ köynəyi geyinmişdi. Onlar köhnə iddialarından, şovinist düşüncələrindən əl çəkmək istəmirlər. Mən dövlət rəhbərləri və rus xalqının nümayəndələri ilə uzun illər işləmişəm, münasibət qurmuşam. Həmişə onlarla münasibətlərim yaxşı olub və indi də yaxşıdır.
Bu gün ruslar Azərbaycana turist kimi rahat şəkildə gəlib-gedirlər, heç bir problem də yoxdur. Dövlətlərarası münasibətlər uzun müddət belə davam etməyəcək. Yəqin ki, Ukrayna-Rusiya münasibətləri müəyyən qədər sakitləşəndən sonra stabilləşmə olacaq. Mən Rusiyada ötən əsrin 90-cı illərində olmuşam. Sonuncu dəfə isə 2024-cü ildə Qod Nisanovun atası rəhmətə getmişdi, atalarımızın münasibəti çox yaxın olub, mən də o yas mərasiminə qatılmışdım. İki gün Moskvada qaldım, ciddi dəyişiklik gördüm. Əvvəlki Moskvadan əsər-əlamət yox idi...
Bugünkü münaqişə həm Rusiyanın, həm də Azərbaycanın xeyrinə deyil. Rusiya başa düşür ki, Azərbaycan 90-cı illərin ölkəsi deyil. Azərbaycan güclü ordusu ilə seçilir, İsrail ilə yüksək səviyyədə münasibətləri var və texnoloji sahələrdə birgə əməkdaşlıq aparılır. Türkiyə və Pakistanla əlaqələr də çox yüksəkdir. Bütün bunlar Azərbaycan dövlət başçısının səyi nəticəsində mümkün olub və bunu unutmaq olmaz.
- Ölkə daxilindəki mövcud sosial-iqtisadi vəziyyətlə bağlı da suallarımız var. Vəziyyət necədir, nələri müşahidə edirsiz?
- Çox şükür ki, Azərbaycanda sabitlik var. 44 günlük müharibə zamanı ölkənin daxilində heç bir ciddi mənfi proses baş vermədi. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) çox ciddi iş apardı. İstər Daxili İşlər Nazirliyi, istər digər qurumlar olsun, hər hansı təxribata imkan vermədilər. Azərbaycanda 30 minə yaxın erməni var, hər şey ola bilərdi... Lakin biz başa düşməliyik ki, bütün bu görülən işlərin mərkəzində Azərbaycan vətəndaşının maddi vəziyyəti dayanır ki, bu da hələ problem olaraq qalır. Düzdür, müəyyən qədər maaşlar və pensiyalar artırılır, amma bu kifayət deyil.
Ən prioritet məsələ insana iş imkanlarının yaradılmasıdır ki, o səhər evdən çıxanda axşam uşağına çörək gətirə bilsin. Son vaxtlar kəndlərdə boşalma prosesi gedir.
- Bir çox dağ kəndlərində demək olar, yaşayış yoxdur...
- Bəli, rayonları gəzərkən görürəm ki, insanların iş yeri olmadığı üçün şəhərlərə köçməyə məcbur olurlar. Bu sahədə ciddi proqram hazırlanmalıdır. Azərbaycan hökuməti - Nazirlər Kabineti bu sahədə konkret proqramlar yaratmalıdır. Mən bu məsələni bir neçə dəfə Milli Məclisdə də qaldırmışdım və iş yerlərinin açılmasının vacibliyini vurğulamışdım. Dünyada da belədir ki, sənayesi inkişaf etmiş ölkələrdə mədəniyyət də yüksək səviyyədə olur. Sənayeyə diqqət yetirmək lazımdır. Mən zavod direktoru işləyərkən böyük birliyin üç zavoduna rəhbərlik edirdim və orada təxminən 7-8 min adam çalışırdı. Bizdən bölgələrdə zavod filialları açmaq tələb olunurdu. Laçında avtomobil istehsal edəcək bir zavod tikməyə başlamışdım, o, bir neçə il fəaliyyət göstərdi. Qubada da bir filial açmışdım. İndi də sənaye sahəsinə diqqət yetirmək lazımdır. Sumqayıtda müəyyən sənaye zonaları yaradılıb. 2000-ci illərin əvvəllərində İqtisadiyyat naziri ilə görüşdə də dedim ki, Azərbaycanda avtomobil zavodu açaq, pulumuz var. Amma etmədilər. Bilirsiniz, neft gəlirləri bir tərəfdən kömək edir, amma digər tərəfdən də müəyyən sahələrin inkişafının arxa planda qalmasına səbəb olur. Düşünürəm ki, bölgələrdə kənd təsərrüfatı məhsullarının emalı üçün müəssisələr yaradılmalıdır. Məsələn, bu il pomidorun Rusiyaya ixracında problemlər yarandı. Əvvəl Qubada və Xaçmazda 3-4 kiçik emal müəssisəsi var idi. İnsanlar məhsullarını sata bilmədiyi hallarda, emal müəssisələri bu problemi aradan qaldırırdılar. İndi cəmi bir müəssisə var ya, yox... Bu sahələrə diqqət yetirilməli və urbanizasiya proqramları hazırlanmalıdır ki, insanlar şəhərlərə köçməsin, rayonlarda qalsınlar.
Rayonlarda yol çəkilişi, qaz, işıq, su problemləri müəyyən qədər həll olunub. Məsələn, Qonaqkənddə yol çəkilib və ətraf kəndlər üçün şərait yaxşılaşdırılıb deyə insanlar ora köçməyə başlayıblar. Kənd təsərrüfatı ilə məşğul olmaq və idarəetmə sistemində dəyişikliklər aparmaq vacibdir. Gömrük və vergi sistemləri təkmilləşdirilməli və əlçatan olmalıdır ki, insanlar vergilərini rahat ödəyə bilsin. Bahalaşma məsələsi də ciddi diqqət tələb edir. Digər tərəfdən, icra hakimiyyəti sistemi özünü doğrultmadı. 70-dən çox rayonun icra başçılarının fəaliyyəti nəzərdən keçirilməlidir. İqtisadi rayonlar üzrə Prezidentin xüsusi nümayəndəliklərinə ehtiyac var. Bələdiyyələrin statusuna gəlincə, Türkiyə modelinə uyğun bir sistem yaratmaq olar. Mən hesab edirəm ki, Qarabağ məsələsi həll olunduğu üçün bu islahatlara başlanacaq.
- Referendum gözləyirsiniz?
- Referendum olmalıdır. Müəyyən islahatlar aparılmalı, icra hakimiyyəti sisteminin iqtisadi zonalar üzrə nümayəndəliklərlə əvəzlənməsi prosesi həyata keçirilməlidir.
- Bahalıqdan danışdınız. Onun əsas səbəbləri nələrdir?
- Əsas səbəblərdən biri monopoliya ilə bağlıdır. Müəyyən sahələrdə, vergi və gömrük sistemlərində ciddi islahatlara ehtiyac var. Bu islahatlar aparılmalı, insanların bazara çıxışı asanlaşdırılmalıdır. Fermerlərin əsas məqsədi məhsulu istehsal etmək və onu satmaqdır. Lakin bu sahədə böyük problemlər var. Vaxtilə dövlət kooperativ təşkilatlar yaratmışdı. Bu təşkilatlar məhsulu alır, gətirir və satırdı. Məqsəd o idi ki, bazara müdaxilə etmədən məhsulu sata bilsinlər. İndi bir neçə ticarət mərkəzi yaranıb və orada müəyyən sərbəstlik təmin edilməlidir ki, insanlar məhsullarını rahat təhvil verə bilsin. Məsələn, bu il Qubada və Xaçmazda məhsulun satılması ilə bağlı ciddi problemlər yaşandı. Lənkəran, Astara və Gədəbəy zonalarında da kartof satışında problemlər oldu. Bu məsələlər Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin nəzarətində olmalıdır.
- Keçmiş maliyyə naziri Saleh Məmmədovun qeyd etdiyinə görə, ölkədə iqtisadiyyata investisiyalar 2014-cü səviyyəsində qalıb. O, mərhum Heydər Əliyevin 1970-ci illərdəki investisiya siyasətini nümunə göstərir; daxildə zavodlar tikmək, vəsaitləri xarici banklardan gətirib istehsala yönəltmək və s. Bu təklifi necə qiymətləndirirsiniz?
- Banklarda kredit faizləri yüksəkdir. Əhaliyə verilən vəsaitlərin üç əsas mənbəyi var: birincisi Mərkəzi Bankın ehtiyatları, ikincisi xalqın əmanətləri, üçüncüsü bəzi bankların xarici maliyyə qurumlarından cəlb etdiyi vəsaitlər. Bu gün kreditlər 18–20% civarındadır. Bu faizləri qaytarmaq sahibkarlar üçün böyük problem yaradır. Mərkəzi Bankın sədri Taleh Kazımov bu vəzifəyə təyin olunduqdan sonra islahatlar aparıldı və bir çox problemlər aradan qaldırıldı. İnflyasiyanın qarşısının alınmasında Mərkəzi Bankın rolu böyükdür, manatın məzənnəsi qorunub. Amma bununla belə daxili investisiyalar artırılmalıdır. Azərbaycanın ehtiyatları 60 milyard dollardan çoxdur. Bu vəsaitdən 3–5 milyard manatını aşağı faizlə fermerlərə yönəltmək mümkündür ki, kənd təsərrüfatı inkişaf etsin.
Həmçinin, sənaye sahələri genişləndirilməlidir. Azərbaycan keçmişdə neft maşınqayırması sahəsində inkişaf etmişdi, SSRİ-nin avadanlığının 75%-ni təmin edirdik, 27–28 ölkəyə avadanlıq satırdıq. O avadanlıqlar dünyada yalnız Amerikada, Azərbaycanda və Rumıniyada istehsal olunurdu. Eyni zamanda, bu gün dünya bazarında neftin qiymətinin aşağı salınması prosesi gedir, bu da daxili istehsal və sənaye inkişafına təsir edir. Hesab edirəm ki, daxili islahatlarla - kənd təsərrüfatı ilə sənayeni inkişaf etdirməklə iqtisadiyyatı gücləndirə bilərik.
- Yekunda perspektivi necə görürsünüz, nikbinsiniz, yoxsa?...
- Mən nikbinəm. Çalışıram ki, millət yaxşı yaşasın. Həmişə “uşaq pulu” məsələlərinə və müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirmişəm. Deputat olan vaxtı mənə deyirdilər ki, nəyə lazmdır bu “uşaq pulu”?! Bu gün Azərbaycanda yalnız 5 uşaqlı ailələrə “uşaq pulu” verilir. Gəlin görək, ölkədə nə qədər ailədə 5 uşaq var? Əksəriyyəti 1-2 uşaqlı ailələrdir. Fikrimcə, bu rəqəmi 3 uşağa salmaq lazımdır. Biz niyə “uşaq pulu” verməyək? Axı bizim özümüz də elə “uşaq pulu” ilə böyümüşük. Müharibə veteranlarına niyə 80 manat verək? 3000-dən artıq şəhidimiz, 12 min qazimiz olub. Onlar da o müharibədə şəhid ola bilərdilər. Ona görə də qazilərlə bağlı məsələlərə həssas yanaşmaq lazımdır. Mənə elə gəlir ki, bu məsələlər tam şəkildə ölkə başçısına çatdırılsa, o bunların hamısını aradan qaldırar.
Elçin Rüstəmli
Elvin Bəyməmmədli