GÖMRÜKDƏ MİLYONLARLA YEYİNTİ - Qurumun əməkdaşları şok faktları açıqladı

Baxış sayı:
948

Dövlət Gömrük Komitəsinin (DGK) daha bir əməkdaşı tərəfindən “Hürriyyət”in redaksiyasına məktub daxil olub. DGK-da baş verən qanunsuzluqlar haqda yazan müəllif deyir ki, verdiyi bütün məlumatları aidiyyəti dövlət qurumlarında sübut etməyə hazırdır. Onun məktubunu olduğu kimi dərc edirik:
 
“Mən 2014- cü ildən Gömrük Komitəsinin Skanlaşdırma və TNV şöbəsinin rəisi olmuşam. 2018-ci ildən 2023-cü ildə təqaüdə çıxana qədər buradakı qanunsuzluqlarla çox mübarizə apardım. Hətta mənə şər ataraq, Korrupsiya İdarəsinə verdilər. Ancaq, Allah böyükdür, verdikləri məlumatların heç biri öz təsdiqini tapmadı.
 
Gələk əsas məlumata. 2012-ci ildən Azərbaycanın bütün sərhədlərində rentgen qurğuları qurulub. Bu sistemləri mərkəzi nəzarət sistemlərinə şəxsən mən quraşdırmışam və bütün görüntülər “DMS” deyilən bazaya avtomatik köçürülür. Amma bu sistem 2018-ci ildən işləmir. Mən işlədiyim dövrdə dəfələrlə bu haqda raport yazdım, ancaq baxan olmadı.
 
Gömrükdəki mafiyalar...
 
Gömrükdə 2018-ci ildən bir neçə mafiya var. Onlar üçün Şahin Bağırovu aldatmaq asan işdir. Hal-hazırda bu şöbəyə cavabdeh əslən Zəngilandan olan Amid İsmayılov adlı şəxsdir. O, özünü Şahinin (DGK sədri-red.) adamı kimi aparır, ancaq realda Bəhruzun (müavin – red.) adamıdır. Deyəcəyim odur ki, gömrükdən telefon keçirmək dənizdə damladır, rentgenlərə nəzarət olunmadığından və işlək vəziyyətdə olmaması səbəbindən, ölkə sərhədlərinin tam nəzarətsiz olduğunu deyə bilərik. Ona görə də qaçaqmalçılar öz işlərini görürlər. Əsas da “karqo”lar. Maşın başına pullar yığılır. Bu pullar da, çox güman ki, sahibinə çatır. Yəni hazırda gömrükdə Şahinin başı gömrüyə aid olmayan gic-gic yarışmalara, ətrafına yığdığı translar və qeylərin proyektlərinə qarışıb, iş də qalıb kənarda.
 
“Bir TIR qızılı bir TIR buğda kimi yazmaq əllərindədir”
 
Ancaq mən dediyim sistemin işləməməsi bütün qaçaqmalçılara gömrükdə olan mafiyaların marağındadır. Çünki əgər maşın sərhəddən keçdisə, şəklini silirlər, istədikləri kimi də bəyan edirlər. Yəni bir TIR qızılı bir TIR buğda kimi yazmaq əllərindədir, nəzarət edən yoxdur.
 
Bir daha deyim ki, Çindən, Türkiyədən gələn “karqo”larda milyardlar yeyirlər. Bu, uzun illərdir davam edir. Amma Şahin Bağırov sədr gələndən sonra qaçaqmalçılıq daha da genişlənib. Şahin Bağırovun fəaliyyəti araşdırılsa, bəlkə də çox şeylər ortaya çıxar. O, özünü rüşvət almayan adam kimi təqdim edir, amma bu, belə deyil. Sadəcə, bu adamın pul xərcləməklə arası yoxdur, ona görə də adı hallanmır, amma milyardları var.
 
Şahin Bağırovun yarıtmaz fəaliyyəti səbəbindən heç kim gömrükdə işləmir, sadəcə vaxt öldürürlər. Onsuz da bütün vicdanlı, şərəfli kadrlar işdən qaçıb, yerdə qalanlar isə məcburiyyətdən işləyirlər.
 
Gömrüyün Daxili Təhlükəsizlik İdarəsində araşdırmaların heç biri düzgün aparılmadığından, heç bir fakt da üzə çıxmır. Həmin daxili araşdırmanı isə yoxlayan yoxdur. 
 
Bir sözlə, gömrükdə olan faktları aylarla danışsaq, bitməz.  Bu adam pay-püşü çox sevir, kim hara ezamiyyətə gedirsə, yanına əliboş gəlmir. Çünki sonra ezamiyyətə göndərmir.
 
Şahin Bağırovun gömrükdə bir adamı var idi, sonradan təqaüdə çıxdı, indi “Fudsiti”də işləyir - Anar Məmmədov. Bu adam təkcə 2018-ci ildə gömrüyə 25 milyon dollarlıq lazımsız avadanlıq aldırdı.
 
Yəni, demək istədiyim odur ki, nə Şahin, nə də ətrafı təmiz adam deyillər. Sadəcə, özlərini elə tanıdıblar. Azərbaycan dilinidə doğru-düzgün bilmir, bu yaşda olan adamın 1 nəfər dostu yoxdur.
 
Mənim bildirdiyim əsas məlumat odur ki, bir daha qeyd edirəm, TIR-ları yoxlayan skanların mərkəzi bazası 2018-ci ildən işləmir. Daha doğrusu, 16 iyun 2018-ci il tarixdən. Bu səbəbdən də yoxlanılan maşınların rentgen görüntülərinə təkrar nəzarət etmək mümkün deyil.
 
“8 ton narkotiki Gürcüstana Bakı Gömrük İdarəsinin müşayəti ilə yola salıblar”
 
Yeri gəlmişkən, Azərbaycandan keçən narkotik vasitə Gürcüstanda 3 dəfə tutulub. İlk dəfə 8 tondan yuxarı idi. İkincisi, 2018-ci ildə 230 kq heroin. Üçüncü də son tutulan 200 kq heroin. İkisi mən işlədiyim müddətdə keçib. 8 ton narkotiki Bakı Gömrük İdarəsinin müşayəti ilə yola salıblar. Digər 230 kq keçəndə isə rentgendə işləyənlər özlərini qorumaq üçün maşına işarə qoyublar. Halbuki, rentgendə narkotik aşkar görünürdü. Hətta bunu rentgendən başı çıxmayan adam belə tapa bilərdi. Bu faktla bağlı raport yazmağıma baxmayaraq, heç bir tədbir görülmədi. Bu hadisə baş verən zaman Şahin Bağırov sədr müavini vəzifəsində çalışırdı, mənim strukturuma rəhbərlik edirdi və cavabdeh şəxs idi.
 
Sonda onu da deyim ki, Şahin Bağırovdan qorxmağa dəyməz, ancaq Bəhruz təhlükəlidir. Şahin Bağırov başqasının əli ilə adama pislik edir, onun metodu budur. Amma Bəhuruz, ona görə də ehtiyatlı olun”.
 
“Hürriyyət”
 
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.