Türkiyə haqqında tələbi qəbul edilmədi, İSTEFA VERDİ

Türkiyə və Yunanıstan arasında Egey dənizində etimadartırıcı tədbirlərə yönəlik görüşmələrdən məsul heyətin başçısı general-leytenant Nikos Zahariadisin istefa verdiyi bildirilib
Yunanıstan Müdafiə Nazirliyində Milli Müdafiə Siyasətləri və Beynəlxalq Əlaqələr Direktorluğuna rəhbərlik edən Zahariadis ölkə mediasına etdiyi açıqlamada Türkiyə ilə görüşmələrin keçiriləcək erkən seçki öncəsində dayandırılmasının lazım olduğunu ifadə edib.
Bu təklifinin qəbul edilmədiyini qeyd edən general Zahariadis, "Rəhbərliklə kritik bir məsələdə fikir ayrılığınız meydana gəldiyi zaman yalnız bir həll yolu vardır, o da istefa verməkdir. Mən də bunu etdim", - deyə bildirib.
Qeyd edək ki, Türkiyədən aralarında diplomatların və üst səviyyə hərbi səlahiyyətlilərin olduğu qarışıq komissiya ilə Yunanıstan Müdafiə Nazirliyi heyəti arasında Egey dənizində etimadartırıcı tədbirlər və əməkdaşlığa yönəlik görüşmələr 20-25 may tarixində Afinada reallaşmışdı.
Müxalifət.az