​TRAMP NÜMAYƏNDƏLƏR PALATASINDA DAVA SALDI – Onun Türkiyə qərarının əleyhinə səs verənləri aşağıladı və...

Baxış sayı:
10610

ABŞ Prezidenti Donald Tramp Suriyanın şimalından hərbçilərin çıxarılmasını müdafiə edib və danışıqlar alınmasa, Ankaranı “məhvedici” sanksiyalarla hədələyib. Qeyd edək ki, ABŞ-ın yüksək səviyyəli nümayəndə heyəti hazırda Türkiyədədir. Tramp inanır ki, vitse-prezidenti Mike Pence və Dövlət katibi Mike Pompeo Türkiyədə “uğurlu görüş” keçirəcəklər. Nümayəndə heyətinin Suriyada atəşkəsə nail olmağa çalışacağı bildirilir. Ankara sözügedən ərazini kürd qüvvələrdən təmizləmək, orada suriyalı qaçqınlar üçün bufer zonası yaratmaq məqsədilə əməliyyat başladıb. Danışıqlar alınmasa, “sanksiyalar, tariflər, bizim etdiyimiz və edəcəyimiz digər şeylər Türkiyə iqtisadiyyatı üçün məhvedici olacaq”, – Tramp Vaşinqtonda İtaliya Prezidenti Sergio Mattarella ilə birgə mətbuat konfransında deyib. Trump ötən həftə Suriyanın şimalından minədək ABŞ əsgərinin çıxarılmasıyla bağlı qərarını “strateji parlaq” adlandırıb. Onu da əlavə edib ki, Rusiya Türkiyəylə münaqişədə Suriyaya kömək edərsə, buna etirazı yoxdur. Elə həmin gün Nümayəndələr Palatası qətnamə qəbul edərək Trampın Suriyadan qüvvələri çıxarmaq qərarını pisləyib. Qətnaməyə 354 konqresmen səs verib, onların içində respublikaçılar partiyasından 129 nəfər olub. Demokratlar görüşü tərk ediblər Palatanın spikeri, Demokrat Nancy Pelosinin sözlərinə görə, bu nəticə Trampı qəzəbləndirib. Tramp bunu qətnamənin qəbulundan sonra palatanın respublikaçı və demokrat üzvləri ilə qapalı görüşdə büruzə verib, Pelosi jurnalistlərə deyib. Toplantının məqsədi prezidentin Suriya planlarını nəzərdən keçirmək olub. Əvəzində isə bu görüş demokratlarla kəskin söhbətlə sonuclanıb, “Reuters” müzakirələrə qatılmış bir neçə konqresmenə istinadla yazır ki, Tramp demokratlara qarşı “aşağılayıcı” ifadələrdən istifadə edib. Görüşdə Tramp Pelosini “üçüncü dərəcəli siyasətçi” adlandırıb və bundan sonra o və digər demokratlar görüşdən çıxıblar. “Biz prezident tərəfindən deqradasiyanın şahidi olduq. Bunu demək kədərlidir”, – Pelosi vurğulayıb. ABŞ hərbçilərini çıxarandan sonra Vaşinqtonun vaxtilə dəstəklədiyi kürdlər Suriya Prezidenti Bəçər Əsəd və onun müttəfiqi Rusiyayla yaxınlaşmağa başlayıblar. Rusiya artıq ölkənin şimalına keşikçi qüvvələrini göndərir. “The Associated Press” agentliyinin oktyabrın 16-da yazmasına görə, Suriya qüvvələri strateji sərhəd Kobani şəhərinə girməyə başlayıblar. Vaxtilə ABŞ ordusu kürd döyüşçüləri ilə birlikdə İslam Dövləti silahlılarını bu şəhərdən çıxarıb. Pompeo və Pence-nin Türkiyə Prezidenti Recep Tayyip Erdogan-la görüşüb-görüşməyəcəyi bəlli deyil. Erdogan indiyədək Suriyada atəşkəs təkliflərini rədd edib./azadliq.org