“Teatr Allah üçün olan bir sənətdir” – MEHRİBAN ƏLƏKBƏRZADƏ

Baxış sayı:
2146

“Teatra ancaq əyləncə vasitəsi kimi baxmaq lazım deyil”
“Paradoks ondadır ki, kənardan gələn hər hansı yeniliyi ayaq üstə alqışlayırıq...”
 
Müsahibimiz Akademik Milli Dram Teatrının Bədii rəhbəri, rejissor, Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadədir. Uzun illər öncədən aparıcı, araşdırmaçı kimi insanların sevimlisinə çevrilən Mehriban xanımla müsahibəmizdə “Azdrama”dakı fəaliyyəti, ümumiyyətlə Azərbaycan teatrının durumu haqda suallara cavab tapmağa çalışdıq.
- Mehriban xanım, ilk olaraq belə bir sual vermək istərdim, “Azdrama”ya Bədii rəhbər təyin olunandan sonra nələri dəyişdirə bildiniz və yaxud teatr həyatınızda nələri dəyişdi?
- “Azdrama” dediyiniz yer – məkan: Azərbaycan Milli Dram Teatrıdır. Bu məkan insana düşünmək, görmək fürsəti yaradan yerdir. Çünki ancaq teatr nəyin  mühüm olduğu barədə  düşünməyə və başqalarının dərdinə, ya bəxtiyarlığına şərik olmağa, arzu etməyə imkan verəcək bir YERdir. Mənim gəlişimlə mütləq nəyisə dəyişmək məqsədim yox idi. Dediyim anlamda istəklər, perespektivdə daha yaxşı işlər görmək planı vardı. Doğrudur, mən bəlli yanaşma və konsepsiya ilə doğma teatrıma qayıtdım. İlk mərhələdə özüm teatrda bütün kollektivin iştirak edəcəyi monumental və fəlsəfi tamaşa hazırladım. Asan proses deyildi. Bu böyük kollektivi, çoxdan monumental tamaşalar hazırlanmayan, aylarla tamaşalarda oynamayan aktyorların hamısını bir yerdə, cəm halında  bir tamaşada yığmaq, əslində, çətin mərhələ idi. Halbuki bir yüngül komediya ilə daha çox simpatiya və uğur qazanmaq yolu da vardı. Amma mən bütün heyəti ayağa qaldırmaq… sabah “yola çıxmaq” üçün potensial gücü görmək istəyirdim. Bunu ilk Milli Teatrda yox, əvvəl Gənc Tamaşaçılar Teatrında  da həyata keçirdim.  Əslində, bu, bütün heyətin gücünə baxmaq üçün mənim məqbul bildiyim taktikadır.  Teatrda  tamaşalar adətən daha azsaylı iştirakçılarla – 5-10 nəfər aktyorun iştirakı ilə hazırlanır. Bu, bütün teatrın məşğulluğu deyil. Amma mən 10 ildən sonra “Azdrama”ya qayıtdıqda öz tətbiq etdiyim taktika ilə getdim. Çətin oldu. Amma  nəzərdə tutulan nəticə üçün hesablanmış iş idi. Bu, az qala teatrın   yadırğadığı ağır bir iş prosesi idi.
- Bunu teatr aləmində yenilik hesab edirsiniz?
- Mən “yenilik” demədim. Yanaşma dedim. Əsas məsələ hər bir şeyi növbəti dəfə, yenidən relsə qoymaq idi. Bu, nizam-intizam məsələsi, aktyorlara yaradıcı anlamda diqqət idi. Bu onların iş qabiliyyətlərinə indiki zamanda əminlik idi. Onların daha yaxşı işləməsi üçün teatr daxilində dəyərləndirmələr aparmaq, o aktyorlarla həm inzibati, həm mənəvi cəhətdən yekdillik, peşə kolifikasiyası, həm də toparlanmaq prosesi idi. Teatr tamaşaçıdan umduğu intellekt və təxəyyülü aktyordan da  tələb etməlidir. Hər ikisinin gözü beyni üçün pəncərədir. Hər ikisinin BEYNİ görür... Gördüyünü hadisəyə çevirə bilməlidir. Yəni gördüyünü təfəkkürü ilə birləşdirə bilməlidir. Mən bu ağır və böyük işlə həm də bu yoxlanışı etdim. Bu da normal qaydalardan   biridir ki, hər bir teatrın əməkdaşı yeni bədii rəhbərin, baş rejissorun nə istədiyini bilməlidir.  Bilirsiz, hamı “yenilik” istəyir, yenilik gözləyir. Paradoks ondadır ki, kənardan gələn hər hansı yeniliyi ayaq üstə alqışlayırıq. Amma özündə  yeniliyi qəbul etmirlər. Ya ağlı, zövqü çatmır, ya bacarıqsızlığın müdaifəsidir, ya da qərəz və həsəd öz işini görür. 
- Başqa xarici dövlətlərdə, heç uzağa getməyək, qardaş Türkiyədə teatrlar özləri özlərini maliyyələşdirirlər, dövlətdən, hansısa nazirlikdən asılı deyillər. Bizdə isə teatrları dövlət maliyyələşdirir. Ümid varmı ki, tezliklə bizdə də teatrlar özlərini maliyyələşdirə biləcəklər?
- Bilirsiniz, bu, dövlətin mədəniyyət strategiyasına aid məsələdir. Bu, dövlətin teatrlara diqqəti və münasibətidir. Azərbaycan teatrı dövlət teatrıdır. Həvəskar, özəl teatr deyil ki, mütləq kassaya görə işləsin, kassaya görə var olsun. Türkiyədə amatör (amateur theatre, həvəskar) teatrlar daha çoxdur. Ümumiyyətlə belə bir yol, yanaşma da var ki, tamaşaçı nə sevirsə, nə istəyirsə o cür tamaşa hazırlamaq lazımdır. O zaman tamaşalardan qazanc götürmək əsas məsələ kimi nəzərdə tutulur. Bu yanaşmada ideoloji məqsəd yoxdur. Bu, sənət naminə deyil, kassa naminə, dolanışıq naminə gedilən yoldur. Yəni tamaşaçı hansı tamaşanın yaşayıb-yaşamayacağına qərar verir.  Amma biz dövlət teatrıyıq. Bizim sənət naminə və ideologiya naminə müəyyən vəzifələrimiz var. Və bizdə bu məsələlərə baxış çox fərqlidir. Doğrudur, bizim də özəl teatrlarımız var. Onlar siz deyən qaydalarla işləyə bilərlər. Biz isə dövlətin mədəniyyət siyasətini yerinə yetiririk. Ona görə də dövlətin dəstəyindəyik.
Amma biz asılı deyilik. Biz repertuar planını özümüz qururuq. Nazirlik bununla bağlı bizə hansısa göstəriş vermir. Biz öz kadrlarımızı özümüz müəyyən edirik. Biz işlədiyimiz insanları, rejissorları çox sərbəst şəkildə müəyyənləşdiririk. Bu baxımdan, demək olar ki, demokraktik ab-havadayıq. “Nazirlikdən asılılıq” sözü, ümumiyyətlə, yerində deyil. Sizin dediyiniz məsələ keçmişdə - 30 il bundan əvvəldə qalıb. İndi biz sadəcə olaraq dövlət strategiyasının mədəniyyət hissəsiyik. Bu da normaldır. Dövlətin mədəniyyət siyasətinə xidmət edən bir müəssisəyik. Əlbəttə, sənət müstəqilliyimizlə birgə.
O ki qaldı Azərbaycanda teatrın tam sərbəst olaraq öz maliyyəsi ilə yaşaya bilməsi, var olmasına, bu, bir az çətin məsələdir. Azərbaycan xalqı heç də teatral millət deyil. Bizim tamaşaçının intellektual, yaxud fəlsəfi teatra heç tabı yoxdur. Ən yaxşı halda melodrama, yaxud komediya istəyir. Biz daha çox filmə, seriala baxırıq. Amma teatr incəsənətin ən çətin, ən intellektual, ən canlı növüdür. Təsəvvür edin ki, siz evdə, internetdə hansısa filmə baxa bilirsiniz, pultu basırsınız, istədiyinizi seçirsiniz. Amma gedib filmin özünə kinoteatrda baxmaq, artıq bu filmin dəyərini verməkdir.  Teatra canlı sənət olaraq dəyər verən az olsa da, var. Canlı sənətin öz xiridarları var. Təxmin edə bilərsinizmi ki, simfonik musiqiyə qulaq asmaq üçün konsertə gedən insanların sayı nə qədərdir?
- Az olar.
- Çox az. Bu o deməkdir ki, o adamların ən azı musiqi savadı, meyli və zövqü üst-üstə düşməlidir. Bu, çox çətin sənətdir. Ümumiyyətlə, canlı sənətlərin hamısı çətindir. Teatr həmişə tamaşaçıdan müəyyən hazırlıq istəyir. Teatra ancaq əyləncə vasitəsi kimi baxmaq lazım deyil. Teatr bizim arzuladığımız, düşündüyümüz, həll edə bilmədiyimiz gerçəkliyin təxəyyüldə olan variantdır. Müasir tamaşaçıları nəzərə alsaq, müasir teatrın yeniliyə, yeni formalara, yeni anlama nə dərəcədə ehtiyacı var? Sual budur, bu... Dediklərimizə sonuc versək: beynimiz nəyi necə düşünürsə, teatrda da onu görmək istəyir.
- Teatr həm də maarifləndirici rol oynayır...
- Bəli, həm də maarifləndirici rol oynayır. Amma əsasən bu sənət təxəyyülə işləyir. Bu, Allah üçün olan bir sənətdir. Onu anlamayan adam teatra əyləncə üçün gəlir. Əyləncə görməyəndə əsəbləşir. Əlbəttə, hər kəsin gözümüz üstə yeri var. Əyləncə də olmalıdır. Amma teatr yaxşı mənada ideoloji iş görməlidir.  Müəyyən mənada oxuduğumuz əsərlərin tamaşa variantını, təcəssüm variantını göstərməlidir. Bütövlükdə bunun fövqündə maarifləndirmə durur. Maarifləndirməyə meyl nə qədərdisə, teatra da meyl o qədərdir.
Haşiyə çıxım: Müasir teatr dinamik inkişaf edən sənətdir. Demək ki, tamaşa tək  forma ifadəsi deyil, tamaşaçı ilə ifaçı arasında münasibətləri formalaşdıran müəyyən situasiyanın yaradılmasıdır. Müasir teatr tamaşanı müstəqil sənət əsəri kimi dərk etmək və reallaşdırmaq cəhdi ilə yanaşı, rejissoru da müəllif kimi anlamaq cəhdidir. 
- Gənc Tamaşaçılar Teatrında “Kod adı V.X.A" (Vətən Xainlərinin Arvadları – müəl.) adlı tamaşanız çox böyük əks-səda, ajiotaj yaratmışdı. Nə vaxtsa “Azdrama”da da o cür tamaşalara baxa biləcəyik?
- Siz "Əsrə bərabər gün"ə baxmısınız?
- Təəssüflər olsun ki, baxmamışam.
- Onda “nə vaxtsa” sözü yerində deyil. Mən düşünürəm ki, “Kod adı V.X.A" gerçək reallığı yaşadığımız dəhşətli tarixin Sovet dövrünə həsr olunan ən məşəqqətli 37 illərini əks etdirirdi. Bu tarixi faktlarla bərabər, həm də emosianal və həssas məqamları da özündə ehtiva etmişdi. "Əsrə bərabər gün" isə Çingiz Aytmatovun yaddaş və torpaq haqqında ən uzun hekayəti idi. Bu, Aytmatov dühası olmaqla yanaşı, həm də fəlsəfi teatrdır. Böyük mənada, kollektiv iş anlamında müqayisə etmək olar. Amma janr, tamaşaçıya aşılamaq istədiyimiz məqsədin forması, məramı anlamında bu fəlsəfi teatrdır, o isə konkret realist (sənədli dram) teatr idi. Hədəflər başqadır, amma yanaşma forması eynidir: tamaşaçıya həyatı böyük tabloda göstərmək.
- “Azdrama”ya rəhbər təyin olunmağınız teatrsevərlər üçün sevinclə qarşılandı. Sənət adamları da inanır ki, siz çoxsaylı tamaşaçısı olan “Azdrama”nı əvvəlki səviyyəsinə qaytara biləcəksiniz. Hazırda bu istiqamətdə nə kimi planlarınız var?
(Ardı var)
Söhbətləşdi: Fuad BİLƏSUVARLI