SOCAR-ın MİLYONLUQ TORPAQ ALQI-SATQISI – “Təkcə dəmir konstruksiyalı elektrik dirəklərinin hər birinin yerinin dəyişilməsi üçün 250 000 manat pul vermişik”

Baxış sayı:
14731

Bakı şəhəri, Xətai  rayonu, NZS qəsəbəsi, İlham Məmmədov küçəsi 26-da yaşayan, SOCAR-ın keçmiş işçisi olmuş 3 uşaq atası (əlil) Ağəliyev Şahin Samil oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:
“Xatırladım ki, iki ay əvvəl Xətai rayonunun Babək prospektində, “Neft Emalı” Zavodunun yanacaq rezervuarları ilə “Arzu” şadlıq evi arasında olan, digər tərəfi NZS qəsəbəsindən İlham Məmmədov küçəsinin kəsişməsindəki 0,38 ha ərazidə yerləşən yüksək gərginlikli iki nəhəng dəmir konstruksiyalı elektrik dirəklərinin yeri dəyişilmiş, həmin torpaq sahəsi isə, eləcə də mənə məxsus olan və kənarları hasarlanmış 0,04 ha ərazi dağıdılmış və mənimsənilmişdir. Yəni mənim hasarımı özbaşına uçuraraq yenisini səliqə ilə tikmişlər.
Tezliklə öyrəndim ki, bu torpaq sahəsi Yusif adlı şəxs tərəfindən zəbt olunmuş və SOCAR-ın sabiq Neft Kəmərləri rəisi olmuş Zöhrabdan aldığını deyib. Yusif mənimlə görüş zamanı bildirdi ki, biz Zöhraba milyonlarla pul verib bu ərazini almışıq, get Zöhrabla haq-hesabını çək! Etirazımı bildirdim və özümə yaxın adamalarla mübahisənin halallıqla yekunlaşmasını istədim. Ərazidə aparılan müzakirə zamanı  torpaq sahəsini alan və ortalıqda olan əsas fiqur hesab edilən Yusif makler İlqarla mənim doğma dayılarım olan Asəfin, Alovun yanında etiraf etdi ki, bəli, bu torpağa görə biz Zöhraba çox ağır pul vermişik. Bu sahədə olan dəmir konstruksiyalı elektrik dirəklərinin yerinin dəyişilməsi üçünsə hər birinə 250 000 manat, yəni ikisinə 500 000 AZN pul vermişik. Onu da bilin ki, bu torpağa görə pulları xərcləyənlər generallar və icra başçısıdır (Nizami rayonun İH-nin başçısı nəzərdə tutulur). Ona görə də yaxşısı budur ki, sən burada bizimlə torpaq mübahisəsi eləmə, yoxsa səni atacaqlar içəri”.

Necə olur ki, işdən qovulan Zöhrab mənə məxsus olan torpaq sahəsilə birlikdə “Neft Emalı” zavodunun torpağını dədəsinin malı kimi satır? Kim verib işdən qovulan bu adama makler səlahiyyətini? Mən məsələnin aidiyyatı orqanlar tərəfindən dərhal araşdırılmasını, baş verən və verməkdə davam edən özbaşnalıqların dərahal dayandırlmasını, abadlaşdırdığım, bağ sahəsi kimi saxladığım ərazinin əvvəlki kimi mənə qaytarılması barədə 14 iyul 2019-cu ildə yuxarı dovlət orqanlarına şikayət yazdım. Dərahal da məslələ bir çox orqanlar tərəfindən yerində araşdırıldı. Məsələn, Əmlak Məsələri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi tərəfindən araşdırılmış və direktor Mohuma Heraçiyevin imzaladığı 26 iyul 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, “Müraciətinizdə qeyd edilən məsələ komitənin Bakı ərazi şöbəsinin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən müfəttişi tərəfindən yerində araşdırılarkən, sözügedən ünvanda yerləşən torpaq sahəsinin qanunsuz olaraq hasarlandığı faktı öz təsdiqini tapmışdır.
Aparılmış qeyri-qanuni işlərlə bağlı qanunamüvafiq tədbirlərin görülməsi, tikilmiş hasarın sökülməsi, ərzinin əvvəlki vəziyyətinə qaytarılması aidiyyatı mərkəzə və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən qərara alınmışdır”.
Respublika səviyyəli Dövlət Agentliyinin yerində araşdırması bir daha təsdiq edir ki, yazdıqlarımız doğrudur. Digər tərəfdən özbaşına zəbt olunmuş dövlət torpağında tikilmiş hasarın sökülməsi, ərazinin əvvəlki vəziyyətinə qaytarılması qərar alınsa da, aidiyyatı icra orqanları nədənsə aradan 40 gün vaxt keçməsinə baxmayaraq qərarı icra etmək istəmirlər. Yəni bu işə birbaşa nəzarət edən Daxili İşlr Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Xətai rayon İcra hakimiyyəti və SOCAR rəhbərliyi qərarı icra etmək əvəzinə, müəmmalı olaraq susqunluq nümayiş etdirməklə məşğuldurlar. Doğrudur, Xətai RPİ-nin ərazi aidiyyatı üzrə 34-cü Polis Bölməsi məsələni yerində araşdırmış və topağın zəbti barədə qərar qəbul edərək hüquqi qiymət verilməsi üçün Xətai rayon Prokurorluğuna göndərmişdir. Bakı şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri E. Həbibullayev isə məsələnin araşdırılması və nəticəsi haqda vətəndaşa məlumat verilməsi barədə Xətai rayon İcra Hakimiyyətinə 29 iyul 2019-cu il tarixli məktub göndərmişdir.Energetika Nazirliyi Dövlət Neft Şirkətinə ünvanladğı 30 iyul 2019-cu il tarixli məktubunda aidiyyatı üzrə baxılması üçün SOCAR rəhbərliyinə həvalə edir. SOCAR vitse-prezidenti Mikayıl İsmayılovun imzaladığı 01 avqust 2019-cu il tarixli cavab məktubunda isə bildirilir ki, “Məslənin araşdırılması SOCAR-ın səlahiyyətləri xaricindədir və aidiyyatı üzrə müraciət olunması tövsiyə olunur”. Ortalıqda isə bircə dənə də olsun real iş yoxdur. DƏK qərar verib ki, zəbt olunmuş 0.38 ha dövlət torpağı əvvəki vəziyyətinə qaytarılsın, hasar sökülsün”.

Qəti və konkret tapşırıq. Bəs biz və ictimaiyyət nə görür? Aidiyyatı dövlət orqanlarının məsuliyyətsizliyi, bacarıqsızlığı və səriştəsizliyi. Məsələ bundadır ki, torpağı zəbt edən İlqar adlı “çirkli pullar sahibi” nə DİN-nin 34-cü Polis Bölməsinin, nə Xətai rayon Prokurorluğunun, nə də Bakı Baş Polis İdarəsinin çağırışlarına məhəl qoymur və izahat vermək üçün getmir. Heç bir qrum da onun zəbt etdiyi ərazini əvvəlki vəziyyətinə qaytarmağa cürət etmir. Əksinə, sadəcə Yusifə vaxt verirlər ki, get gör ərzini necə tezbazar sənədləşdirə bilirsən. O da Xətai rayonun Əhmədli Bələdiyyəsilə gizli sövdələşmələr aparır ki, guya bu ərazi ona yerli bələdiyyə tərəfindən 2000-ci ildə verilibmiş. Bəs o zaman SOCAR hara baxırdı? Hansı ki, 2007-ci ildən qonşu ərazidə yerləşən 168 şəxsi evin sökülməsilə bağlı Xətai rayon Məhkəməsinə təqdim etdikləri bütün iddiaları təmin edilmişdir. Digər tərəfdən SOCAR tərəfindən əraziyə göndərilmiş monitorinq qrupu 14 avqustda  mənim iştirakımla əraziyə baxış keçirmiş və rəy vermişlər ki, zəbt olunmuş ərazi 50 metrlik mühafizə zolağına düşür və hasar sökülməlidir. Burada heç bir tikinti işi aparıla bilməz. Biz SOCAR rəhbərliyinə bu barədə rəy verəcəyik.
Bəs o zaman nə baş verir? Niyə DƏK-in zəbt olunmuş ərazinin əvvəlki vəziyyətinə qaytarılması və hasarın sökülməsi barədə 26 iyul 2019-cu il tarixli qərarı havada qalıb. İcra etmək istəyən yoxdur. Mən də bir vətəndaş olaraq qəti surətdə Bakı şəhər İcra Hakimiyyəti rəhbərindən və  Xətai rayon İcra Hakimiyyəti başçısından tələb edirəm ki, Əmlak məsələləri Dövlət Komitəsinin 26 iyul 2019-cu il tarixli  məlum qərarı dərhal icra edilməlidir. Qanunvericiliyimizə sayğısız yanaşan insanların zəbt etdiyi ərazi öz əvvəlki vəziyyətinə qaytarılmalı, günahkar şəxslərin qanunazidd əməllərinə hüquqi qiymət verilməlidir.

Çox hörmətli cənab Prezident!
Sizdən xahiş edirəm ki, qaldırdığımız məsələnin dövlət və ictimai əhəmiyyət kəsb etməsini nəzərə alaraq, məlum qərarın icrasını şəxsi nəzarətinizdə saxlayasınız”.


Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.