Sahibsiz itlər Ağa Nemətulla küçəsində yaşayanları boğaza yığıb... - “Hər an fəlakətə səbəb ola bilər”

Baxış sayı:
7318

Bakının mərkəzində də sahibsiz heyvanlar vətəndaşlar üçün real təhlükəyə çevrilib.

Muxalifet.az xəbər verir ki, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 20/1 ünvanda yaşayan sakinlər virtualaz.org-a müraciətində xüsusilə səhər və axşam saatlarında qorxudan küçəyə çıxa bilmədiklərindən şikayətləniblər.

Sakinlərin sözlərinə görə, yaxınlıqda uşaq bağçasındakı yerləşir, sürü ilə gəzən itlər hər an fəlakətə səbəb ola bilər. “Ərazidə böyük zibilxana var, zibil qutuları azdır, tullantılar ətrafa yayılır. Bu isə məhəlləyə itlərin toplanmasına səbəb olur. Bir yandan sahibsiz itlər, bir yandan natəmizlikdən çarəsiz durumdayıq”,-sakinlər deyiblər.

Qeyd edək ki, sahibsiz itlər yalnız paytaxtın mərkəzində deyil, Bakıətrafı kənd və qəsəbələrdə də problemə çevrilib. Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi fəaliyyyətini dayandırdığından hazırda itləri qəbul edən yoxdur.

Amma yaxın vaxtlarda paytaxt sakinlərinin sahibsiz heyvanlarla bağlı qayğısının həllini tapacağı gözlənilir. Çünki Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə sahibsiz itlərlə bağlı layihə həyata keçirilir. Hazırda sahibsiz itlər üçün sığınacaq mərkəzində yenidənqurma işləri gedir. Sahibsiz itlər tutulduqdan sonra mərkəzə yerləşdiriləcək, burada müəyyən müddət ərzində saxlanılacaq, müayinədən keçiriləcək, sterilizasiya və peyvənd olunacaq, onlara mikroçip yerləşdiriləcək.

Bu mərhələlərin ardınca müəyyən müddət keçdikdən (karantindən) sonra sağlam sahibsiz itlər sərbəst buraxılacaq. Yeni mərkəzdə sahibsiz itlərin sterilizasiyası və peyvəndlənməsini həyata keçirəcək baytar həkimlər, onların tutulmasını təşkil edəcək xüsusi mütəxəssislər çalışacaqlar. Mərkəzdə sahibsiz itlər üçün təcili tibbi yardım fəaliyyət göstərəcək. Həmçinin küçə itlərinin aşkar edilməsi və onlara müvafiq yardım göstərilməsi məqsədilə “Qaynar xətt” yaradılacaq.