Sabiq nazir də deputat olmağa hazırlaşır – Namizədliyini haradan verəcək?

Baxış sayı:
3532

Keçmiş səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət Partiyası qarışıdakı aylarda keçirilməsi gözlənilən parlament seçkilərinə hazırlaşır.

Bu barədə partiya rəhbərliyinə daxil olan şəxslərdən biri məlumat verib. Bildirilir ki, İdarə Heyətində bu barədə bir neçə dəfə müzakirələr aparılıb. Partiyanın 30-dan artıq seçki dairəsində namizədləri müəyyənləşdirilib, hazırda proses davam etdirilir.

Mənbə bildirir ki, Əli İnsanov özü də deputat seçilmək niyyətindədir. Partiya sədri namizədliyini Bakıdan, yaxud Gəncə şəhərindəki seçki dairələrinin birindən vermək istəyir, amma konkret qərar verilməyib. Bu seçimdə əsas faktor Qərbi Azərbaycandan olan seçicilərin kompakt yaşadığı ərazilərə üstünlük verilməsidir.

Mənbə qeyd edir ki, bu səbəbdən keçmiş nazir üzərindəki məhkumluğun götürülməsi ilə bağlı məhkəməyə müraciət edib. O, 2005-ci ildə vəzifə saxtakaralığı, mənimsəmə və digər korrupsiya cinayətlərinə görə təqsirləndirilərək 11 il müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ildə həbsdən çıxmasına bir neçə ay qalmış ona qarşı irəli sürülmüş yeni ittihamlarla cəzası 7 il 5 gün artırılıb. Əli İnsanov 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı əhv sərəncamı ilə azadlığa buraxılıb.

Qeyd edək ki, məhkum olunduğu maddələr ona parlament seçkilərində iştirak etməyə imkan vermir. Partiya sədri seçkiqabağı bu maneəni aradan qaldırmaq niyyətindədir.