“RUSİYANIN İTKİLƏRİ DƏHŞƏTLİ MİQYAS ALIB” – “ABŞ müharibənin bu şəkildə davam etməsində maraqlıdır”

Baxış sayı:
4287

"Putin deyib ki, ABŞ Ukraynaya silah verməsə, müharibə 2-3 aya bitər. Halbuki, ABŞ 2-3 ay yox, yarım il Ukraynaya silah vermədi".

Bunu siyasi şərhçi Şahin Cəfərli yazıb.

Onun sözlərinə görə, Rusiya üçün çox ciddi fürsət pəncərəsi açılmışdı və Moskva ləngimədən bu fürsətdən faydalanmaq istədi.

"600 minlik ordu ilə bütün cəbhə boyu vəhşicəsinə (itkilərə məhəl qoymadan) hücuma keçdilər. Məqsəd Ukraynanın müqavimətini qırıb, onu təslimçi sülhə məcbur etmək və 2024-cü ildə məsələni bitirmək idi", - o əlavə edib.

Ekspert xatırladır ki, hazırda hücum əməliyyatının 7-ci ayı gedir, Rusiya ordusu hələ ki cəbhəni yara bilməyib: "İrəliləyişlər olsa da, hərbi terminologiya ilə ifadə etsək, taktiki səviyyədədir, plan isə Ukrayna cəbhə xəttini çökdürüb, operativ genişliyə çıxmaq idi. Ukrayna ordusu ötən müddətdə məhdud imkanlarla inanılmaz şücaət göstərdi və uğurlu müqavimətini davam etdirir. Rusiya MN rəhbərliyindəki dəyişikliklərin səbəblərindən biri də bununla bağlıdır".

Ş.Cəfərli vurğulayıb ki, rus ordusunun itkilərinin bu müddətdə dəhşətli miqyas aldığı və Ukraynaya hərbi yardımların yenidən daxil olmağa başladığı nəzərə alınarsa, işğal komandanlığının bu il qarşıya qoyulan vəzifəyə nail olacağı şübhə doğurur: "Xarkov əməliyyatının baş tutmadığını da söyləmək mümkündür. Rus hərbi müxbirlər senzuraya baxmayaraq ehtiyatlı cümlələrlə ağır itkilərdən şikayətlənməyə başlayıblar. Məsələn, Xarkov cəbhəsində bütöv bir alayın (1009 saylı) məhvindən danışılır. May ayında rus ordusunun gündəlik canlı qüvvə itkisi 1200 nəfər olub (mənbə: Britaniya kəşfiyyatı), müstəqil müşahidəçilərin foto və video sübutlar əsasında tərəflərin gündəlik hərbi texnika itkilərinə dair hesabatlarına nəzər salanda yenə hücumda olan tərəflə bağlı böyük rəqəmlər görürük".

Siyasi şərhçi vurğulayıb ki Rusiya nəhəng resurslara sahib olsa da, heç nə tükənməz deyil: "Bu müharibənin Rusiyaya nə qədər baha başa gəldiyini Putinin Peterburqdakı açıqlamalarının sətir aralarından oxuyub, anlamaq olur. Rusiya müharibənin tezliklə dayandırılmasında və Qərblə münasibətlərin bərpasında maraqlıdır. Qərblə əlaqələr bərpa olunmadan, xarici iqtisadi əlaqələr yenidən diversifikasiya edilmədən Rusiyanın deqradasiyası davam edəcək. Asiya bazarına getdikcə daha çox yönəlmək məcburiyyəti onu Çinin xammal bazasına çevirir və bu ölkədən arzuolunmaz asılılığa aparır".

Ekspert hesab edir ki, ABŞ müharibənin bu cür - idarəolunan və kontrollu şəkildə davamında, Rusiyanın hərtərəfli aşınmaya məruz qalıb, resurslarını tükətməsində maraqlı görünür. Onun sözlərinə görə, son olaraq, Rusiya ərazisinə Qərb silahları ilə zərbə endirməyə icazə verməklə həm onun itkilərinin miqyasını artırırlar, həm də Putinin xarizmasını cızmış olurlar. "Bu strategiya Ukrayna üçün də çox baha başa gəlir, lakin nə qədər ağır bədəllər ödəsə də, ukraynalılar bu ekzistensial savaşı davam etdirməyə məcburdur", - o əlavə edib.

Şahin Cəfərli bildirib ki, Qərb tərəfindən xəyanətə məruz qalmasa, Ukraynanın bu sınaqdan ləyaqətlə və ədalətli şərtlərlə ayrılma şansı yüksək olaraq qalır.