RUSİYA SSRİ-nin TALEYİNİ YAŞAYA BİLƏR - TƏHLİL

Baxış sayı:
4909

ABŞ əzəli rəqibini həm iqtisadi, həm də siyasi basqılarla zəiflətməyə çalışır
 
Əgər bu, baş verərsə, o zaman növbə İran, Türkiyə, Çin və Ağ Evlə kəllə-kəlləyə gələn digər ölkələrə çata bilər

Bu gün super güclər, daha dəqiq desək, həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən nəhəng dövlətlər arasında gərgin mübarizənin getdiyini görürük. Belə ki, ABŞ əzəli rəqibi olan Rusiyanın mövqeyini zəiflətmək, onu əlindəki təsir rıçaqlarından məhrum etmək məqsədiylə okeanın o tayından həm Yaxın Şərqə, həm Cənubi Qafqaza, həm də Orta Asiyaya sürətlə sirayət etməyə, burada öz maraqlarını təmin etməyə çalışır. Ağ Ev həmçinin, milli maraqları çərçivəsində Rusiya ilə yaxınlıq edən ölkələrə də bu və digər formada təsir göstərməyə, onların bir qismini öz tərəfinə çəkməyə başlayıb. Misal kimi, bugünlərdə qonşu və qardaş Türkiyəyə tətbiq olunan silah qadağasını, dünənə qədər ABŞ-la bir masa arxasında oturacağını ehtimal belə, etmədiyimiz, əksinə Rusiya ilə yetərincə sıcaq münasibətlərdə olan Şimali Koreyanın danışıqlara cəlb edilməsini, Ermənistanın Nikol Paşinyan vasitəsiylə Kremldən uzaqlaşdırılması istiqamətində atılan addımları göstərmək olar.

Bütün bunların fonunda bir sıra beynəlxalq analitiklər iddia edirlər ki, əgər rəsmi Vaşinqton mövcud siyasi kursunu davam etdirərsə, o zaman bu, Ağ Evlə Moskva arasında kəskin mübahisənin yaranmasına, o cümlədən Rusiyanın gələcəkdə xeyli zəifləməsinə gətirib çıxara bilər. Məsələn, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) yaxınlığı ilə tanınan "Stratfor" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Corc Fridman Polşa mətbuatına müsahibəsində məhz sözügedən mövzu ətrafında bir sıra sensasion xarakterli fikirlər səsləndirib. Belə ki, o, Rusiyanın 2020-ci ildən sonra dağılacağını bəyan edib: "Rusiya güc itirməkdə davam edir. Sovet İttifaqının dağılması Rusiyanın sonu yox, onun üçün yeni mərhələnin başlanmasıydı, lakin indi Rusiya neftin qiymətindən asılı olan və böyük səmərəsiz ölkə kimi qalmaqla, SSRİ-nin son dövrlərindəki səhvləri təkrarlayır. Neftin əvvəlki qiyməti 30 dollar idi və bu Rusiya üçün faciə deməkdi. İndiki vəziyyəti sadəcə "mürəkkəb" adlandırmaq olar. Rusiyalılar son üç ildə itirdiklərini qismən kompensasiya etmək imkanı qazandılar. Bununla yanaşı, onlar enerji bazarında baş verən dəyişiklikləri də nəzərə almalıdırlar. Belə ki, ABŞ tezliklə dünyada ən böyük neft istehsalçısı olacaq. Amerikanların özlərinə lazım olandan izafi neftləri olacaq və onlar bunu satmağa başlayacaqlar. Bu isə Rusiya və onun müttəfiqlərinə problemlər yaradacaq". "Stratfor" Araşdırmalar Mərkəzinin direktoru hesab edir ki, yaxın onillikdə dünyanı genişmiqyaslı geosiyasi böhran, o cümlədən Rusiyanın dağılması gözləyir. Onun fikrincə, Rusiyanın çöküşündən isə əsasən üç ölkə faydalanacaq. Bunlardan birincisi Yaponiyadır. Çini deyil, məhz dünyanın üçüncü iqtisadiyyatı yaxşı olan ölkəsi Yaponiyanı Asiyanın güclü nəhəngi adlandırmaq olar. Yaranmış vəziyyətdən uğur əldə edəcək ikinci dövlət isə Türkiyə olacaq. Türkiyənin Yaxın Şərqdə ən sabit ölkə olması, eyni zamanda uzunmüdətli trendlər bunu deməyə əsas yaradır. Ekspert üçüncü ölkə kimi Polşanın adını çəkir. Polşanın 10 əvvəlki vəziyyəti ilə müqayisədə inkişaf sürəti bunu deməyə imkan verir. O, qeyd edib ki, SSRİ-dən sonra artıq Rusiya da dağılmaq ərəfəsindədir. Lakin ABŞ daim dağılmağa doğru gedən bir güc olaraq adlandırılır: "Eyni zamanda hamı ümid edir ki, sabah Putin öləcək, amma Federal Təhlükəsizlik Xidmətinin strukturlarından onun yerinə dərhal yeni Putin tapılacaq. Məsələ yalnız şəxsiyyətlərdə deyil, həmin dövlətin fəaliyyət tərzindədir".

Gördüyünüz kimi, "Stratfor" Araşdırmalar Mərkəzinin direktorunun Rusiya ilə bağlı səsləndirdiyi fikirlər belə deməyə əsas verir ki, hazırda ABŞ dünyanın siyasi mənzərəsini dəyişməyi və baş tutacaq yeniliklərin məhz öz xeyrinə nəticələnməsini planlaşdırır. Şühbəsiz, əgər bu, baş verərsə, o zaman Rusiya ciddi və həlli mümkün olmayan problemlərlə üzləşə bilər. Nəzərinizə çatdıraq ki, Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk da bir neçə il öncə təxminən, bunabənzər bəyanatla çıxış etmişdi. Belə ki, o, Rusiyanın gələcəyi ilə bağlı proqnoz verərkən, Rusiya daxilində baş verən hadisələrin çox mürəkkəb formada inkişaf etdiyini və bunun sonda federasiyanın dağılmasına səbəb olacağını bildirib. Qeyd edək ki, Polşanın sabiq prezidenti Lex Valensa da bir müddət əvvəl məhz bu mövzu ilə bağlı Ukrayna nəşri olan "Ekonomiçeskaya pravda"ya verdiyi müsahibəsində Rusiyanın bir neçə dövlətə parçalanacağını və onun 20 milyondan ibarət əhalisinin qalacağını bəyan etmişdi: "Rusiyada minimum 60 xalq var. O, parçalanıb 20 milyon nəfərdən ibarət əhali ilə qala bilər. Bu, parçalanmanın necə gedəcəyindən asılıdır". Lex Valensa hesab edir ki, Rusiyanın parçalanmasından sonra yeni yaranan dövlətlər Avropa İttifaqının ssenarisini təkrar edərək İttifaqda birləşə bilərlər: "Avropa İttifaqının yaranma ssenarisinin təkrarlanması mümkündür. Yeni dövlətlərin birləşməsi baş verəcək, amma artıq başqa prinsiplər əsasında. İqtisadiyyatların inkişaf templərinin tənzimlənməsi baş verəcək, ölkələr fərqli konfiqurasiyalarda əməkdaşlıq üçün açıq olacaqlar".

Alman politoloqu Aleksandr Rara isə bu qənaətdədir ki, Dağlıq Qarabağ münaqişəsi məhz Rusiyanın dağılmasından sonra həll oluna bilər. Azərbaycan qazının Rusiyaya qarşı alternativ üçün Avropa Birliyinə lazım olduğunu vurğulayan ekspertin sözlərinə görə, Avropa Birliyi ilə Cənubi Qafqazın yaxınlaşması prosesi uzun müddət davam edəcək və burada türk amili mühüm rol oynayacaq. Alman politoloqun fikrincə, Avropa Birliyi Azərbaycanla yaxınlaşmanı tamamilə kəsərsə, Bakı üzünü Avrasiya İttifaqına çevirə bilər: "Lakin bunu Avropa istəməz. Avrasiyanın enerji bazarı da Azərbaycan üçün maraqlıdır. Düşünürəm ki, yaxın gələcəkdə Rusiya dağılacaq və Ukrayna da daxil olmaqla, post-sovet məkanındakı münaqişələr həll olunacaq".

Böyük Britaniyanın "The Express" qəzeti isə "Strategic Forecasting" özəl araşdırma şirkətinin proqnozlarına əsasən qeyd edib ki, bu onillikdə Avropa dörd yerə parçalanacaq. Belə ki, Avropanın "yeni parçaları" Qərbi Avropa, Şərqi Avropa, Skandinaviya və Britaniya adaları kimi tanınacaq. Bildirilir ki, bu hissələr arasında əməkdaşlıq və ümumiyyətlə münasibətlər zəifləyəcək. Ola bilsin, Avropa İttifaqı bir təsisat kimi qalmaqda davam edəcək, lakin ölkələr arasındakı iqtisadi, siyasi və hərbi əlaqələr daha çox ikitərəfli müqavilə və razılaşmalara əsaslanacaq. Hələ bu, harasıdır. "Strategic Forecasting" iddia edir ki, Çin yaxın on ildə siyasi xaosla üzləşəcək və bu ölkənin iqtisadiyyatı tənəzzülə uğrayacaq. Bütün bunlar isə öz növbəsində, ümumi narazılığa və Kommunist Partiyasına qarşı etirazlara gətirib çıxaracaq. Rusiyaya gəlincə, birmənalı şəkildə bildirilir ki, Vladimir Putin tezliklə üsyan edən Moskvanı öz gözləri ilə görəcək: "Moskvaya qarşı üsyan olmasa da, Moskva Rusiya Federasiyasının geniş ərazisi üzərində nəzarəti itirəcək. Parçalanmış Rusiyanın fraqmentləri ayrı-ayrılıqda mövcud olacaq. ABŞ isə bütün dünyada ən böyük iqtisadiyyat olaraq qalsa da, dünyanın qalan hissəsindən daha dərin özünütəcrid yolunu tutacaq".

Bu arada, rusiyalı hərbi ekspert Pavel Felgenhauer isə yuxarıda deyilənlərin tam əksinə, ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə razılaşmaq istədiyini vurğulayıb: "Hazırda o, Putini qorxudur ki, ABŞ üçün daha sərfəli razılaşma əldə etsin. Köməkçiləri Trampı bir il ərzində güclə yola gətiriblər ki, Ukraynaya hansısa silah tədarük etsin. Tədarükdən sonra ona izah ediblər ki, o, əvvəlcə Putini güclü şəkildə qorxutmalı, sonra isə onunla danışmalıdır. Ona görə ki, Trampın özü şəxsən Putinlə dostluğa köklənib". ABŞ-ın Rusiyaya qarşı hazırkı sərt mövqeyinin Kremli Ağ Evin maraqları ilə hesablaşmağa razı salmaq üçün bir taktika olduğunu deyən ekspertin sözlərinə görə, Rusiya hökumətindəki bəzi insanlar da deyirlər ki, SSRİ bu cür, yəni iqtisadi cəhətdən daha inkişaf etmiş Qərblə mübarizədə məhv olub: "Lakin hələlik, Rusiyanı təcili maliyyə və iqtisadi çöküş gözləmir. Hələlik biz birja mallarını – nefti, qazı, metalı sata bilirik. Bu şeylərin hər zaman dəyəri var və onları hər zaman satmaq olar. Demək ki, iqtisadiyyatın kifayət qədər güclü bazası mövcuddur. Bunu həm də maliyyə sisteminə aid etmək olar. Rusiya iqtisadiyyatı çökmür, digər tərəfdən həm də artmır. Bu durğunluqdur. Durğunluq dövründə isə yaşamaq olar".

Beləliklə, bütün bu açıqlamaların, araşdırma və şərhlərin nəticəsi olaraq deyə bilərik ki, ABŞ bu gün Rusiyanı həm iqtisadi, həm də siyasi basqılarla zəiflətməyə, onu SSRİ-nin taleyini yaşamağa məcbur etməyə çalışır. Əgər bu, baş verərsə, o zaman növbə İran, Türkiyə, Çin və Ağ Evlə kəllə-kəlləyə gələn digər ölkələrə çata bilər ki, bu da son nəticədə üçüncü dünya müharibəsinə gətirib çıxaracaq./Hurriyyet.org