Polkovnik-leytenant Üzeyir Cəfərov “od püskürdü” - “ŞANLI HÖKUMƏTİMİN FƏRSİZLƏRİ...”

Baxış sayı:
11683

“Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə əlaqədar geniş miqyaslı tədbirlərə demək olar ki, çox az vaxt qalır. Üç günün tamamı və növbəti gün bu saatda, bu dəqiqələrdə ölkənin baş meydanı olan Azadlıq Meydanında çox böyük Hərbi Paradın keçirilməsi gözlənilir. Ən azından yüz minlərlə şəxsi heyət bu tədbirə isti-soyuq, yağış-külək bilmədən hazırlaşır. Hər birinə uğurlar və müvəffəqiyyətlər. Silahlı Qüvvələrimiz bizim qürür yerimizdir və hər birimiz öz ordumuz ilə fəxr etməliyik və edirik də”. Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, bu barədə polkovnik-leytenant Üzeyir Cəfərov öz “feysbuk” səhifəsində yazıb. “Müstəqillik illərində Silahlı Qüvvələrin yaranmasında yaxından iştirak etmiş hər bir şəxs(lər)in də bu Bayramı ən yüksək səviyyədə qeyd etməsi arzu olunan və başa düşüləndir. Amma və lakin, Bayram ovaqatı ilə bir araya sığmayan bir neçə iradı də dilə gətirməyə məcburam. Başda ölkənin Baş naziri hörmətli Novruz Məmmədov olmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSM) naziri hörmətli Sahil Babayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, kabinet general-leytenantı Arzu Rəhimov, ƏƏSMN-nin Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev və bir neçə adını çəkmədiyim yoldaşlar! Bilmirəm, siz nə və nəyi düşünürsünüz, amma çox istərdim ki, ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Sizin hər birinizin şəxsi işinə yarıtmaz fəaliyyətinizə görə ən azından şiddətli töhmət, ya da bəzilərinizi vəzifədən çıxaraydı”,-deyə Ü. Cəfərov yazır. “Hər işi Ali Baş Komandan görəcəksə, siz o yüksək vəzifələrdə niyə oturmusunuz?” Ü. Cəfərov hörmətli yetkililər üçün izah edib: “Bilirəm ki, yazdıqlarımı oxuyandan sonra, "VÇ", yəni hökumət telefonu ilə zənglər başlıyacaq və hər kəs öz məsuliyyətini üzərindən atmaq üçün “streloçnik” axtaracaq. Axtarmayın, o “streloçnik”lərin hər biri elə adını çəkdiyim və çəkmədiyim sizlərsiniz. Ölkə başçısı , Silahlı Qüvvələrin Ali Baş Komandanı fərman imzalayıb ki, mart ayının 1-dən pensiya və təqaüdçülər də daxil olmaqla həm xidmətdə olanlar, həm də təqaüddə olanların məvacibləri 10 faiz artırılsın. Baxın, hörmətli və hörmətsiz vəzifəli şəxslər: 4 aydan, 120 (yüz iyirmi) gündən çoxdur ki, siz fil qulağında yatmısınız, dövlət səviyyəsində Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi tədbirləri keçirilir, mənim şanlı hökumətimin fərsizləri məni və mənim kimi yüz minlərlə güc strukturlarının əməkdaşlarını barmaqlarına dolayıblar. Ay kişilər, hörmətli Novruz müəllim, kabinetdən bayıra çıxmadan general-leytenant olan Arzu Rəhimov sərkərdəfason, hörmətli Sahil bəy və inşallah yaxınlarda vəzifəsindən çıxarılacaq Zakir Babayev! Sizə bilmirəm kim nə deyir və ya deyəcək, amma mən Azərbaycan Dövlətini və Dövlətçiliyini, Xalqımı və Millətimi həyatım qədər sevən və bütün çətinliklərə baxmayaraq ona bağlı olan Peşəkar Zabit kimi demək istəyirəm ki, sizin çoxunuz öz yerinizdə deyilsiniz. Əgər Siz ölkə başçısının, Ali Baş Komandanın əmr və göstərişlərini bu cür yerinə yetirirsinizsə, yaxşı bir prokuror istərəm ki, sizi ən ağır maddələr ilə məsuliyyətə cəlb etsin. Əgər hər işi sizin yerinizdən Prezident, Ali Baş Komandan görəcəksə, siz o yüksək vəzifələrdə niyə oturmusunuz?” “120 gün Sizə bəs eləmədi, ay hörmətli mənim Baş bakanım?!” Cəfərov vurğulayıb ki, Baş Nazirin vəzifələrindən biri tez bir zamanda tabeliyində olan qurumlarla Fərmanın icrasını təmin etmək üçün müvafiq işləri görmək idi: “120 gün Sizə bəs eləmədi, ay hörmətli mənim Baş bakanım?! Arzu Rəhimov və komandası, Silahlı Qüvvələrin yaradılmasında birbaşa iştirak edən şəxslərin siyahısını tərtib edib, ən azından o şəxslərə orden və medalların verilməsi üçün ölkə başçısı qarşısında məsələ qaldırmalıydı. Vəzifəyə təyin olunandan sonra, hörmətli Sahil Babayev də yəqin ki bilməmiş deyildi ki, Silahlı Qüvvələrin 100 illiyi gəlir. Onun vəzifə borclarından biri cənab prezidentin, Ali Baş Komandanın Fərmanını tez bir zamanda icra etmək olmalı idi. Artıq vəzifəsindən bir sıra məsələlərə görə getməli olan Zakir Babayev də öz sevimli sabiq naziri Səlim Müslümovun kadrı kimi bəzi məsələlərə görə hüquq-mühafizə orqanlarının əməkdaşlarının suallarına cavab verməlidir”. Sonda polkovnik-leytenant həmkarlarını təbrik edib: “Əziz Silahlı Qüvvələrimizin yaranmasında ilk gündən bu vaxta kimi əzabı-əziyyəti olan Xanımlar və Bəylər! Bayramınız mübarək olsun. Siz fikir verməyin ki, nə əvvəlki, nə də indiki Baş Nazirimiz bizləri demək olar ki xatırlamır, yada salmır, ona baxıb onun tabeçiliyində olan bəzi təsadüfi vəzifəli şəxslər öz keflərində-damağlarındadırlar. Hər şeyin əvvəli olduğu kimi, sonu da olur. İnşallah, yaxın günlərdə həsrətlə gözlədiyiniz Halal haqlarınızı alıb, xeyir işlərə xərcliyəcəksiniz. Allah Azərbaycanımızı, Xalqımızı və Millətimizi qorusun! Silahlı Qüvvələrimizə aidiyyatı olan hər bir kəsin Bayramı mübarək olsun! Əsgər və zabitlərimizə isə tezliklə Azərbaycanımızı Qələbə xəbəri ilə sevindirməyi arzulayıram. Dərin hörmətlə, Sizlərdən biri olan, 25 ilə yaxın həm keçmiş SSRİ, həm də yarandığı gündən bu vaxta kimi Silahlı Qüvvələrimizin əsgəri olan polkovnik-leytenant, Qarabağ savaşında tarix yazmış Füzuli briqadasının komandir müavini olmuş Üzeyir Eldar oğlu Cəfərov! Hər birinizi bağrıma basıram!”.