"PERSİYA" ADI İLƏ BAKIYA GƏLDİ, BURADA YARADICILIĞININ ZİRVƏSİNƏ ÇATDI - Sergey Yeseninin Bakı səfəri haqda maraqlı faktlar / VİDEO

Baxış sayı:
6359

20-ci əsrin ən görkəmli rus şairlərindən olan Yesenin və Mayakovski bir-biriləri ilə həmişə ədavətdə və rəqabətdə olublar. Ümumiyyətlə, onlar bir-birinə çox zidd olan şəxsiyyətlər olub. Amma onların bir məsələdə həmişə fikirləri üst-üstə düşüb - Bakıya münasibətdə. İstər Yesenin, istər də Mayakovskinin Bakıya münasibəti tamamilə fərqli olub...
Doğrudur, Sergey Yesenin üçün Bakı ilk əvvəllər "Persiya" (İran - red.) olub. Bəs, bu, necə baş verib? Bu suala cavab verməzdən öncə qeyd edək ki, Yesenin Bakıda bir neçə dəfə olub. İlk dəfə 1920-ci ildəki qısa səfəri Yeseninə Bakını tanıdıb. Daha sonra  bir neçə dəfə də bu şəhərə yolu düşüb. Sonuncu dəfə 1925-ci ilin martında Bakıya gələn şair  2 aydan çox burada qalıb, Mərdəkanda yaşayıb.
Tədqiqatçı alim İsaxan İsaxanlı Sergey Yeseninə həsr etdiyi araşdırmada Yeseninin Bakıya gəlməsinin tarixçəsi və maraqlı səbəbindən danışıb. Sən demə, Yesenin əslində, İrana getmək və vurğunu olduğu Hafiz, Firdovsi kimi şairlərin yaşadığı şəhərlərlə tanış olmaq istəyirmiş. Lakin o zaman Azərbaycan MK-nin birinci katibi olan S.M.Kirov buna qarşı çıxır. Yesenin belə deyək, aldadılaraq, İrana aparılmaq əvəzinə yenidən Bakıya gətirilir:
"Yesenin Bakıya ilk dəfə 1920-ci ildə gəlib. Növbəti Bakı səfəri isə 1924-cü ilin sentyabrına təsadüf edir. Yesenin sentyabrda iki dəfə Bakıda olub. Belə ki, ayın əvvəllərində bir neçə gün Bakıda olduqdan sonra Tiflisə qısa səfər edib və sentyabrın 20-də yenidən Bakıya qayıdıb. Yeseninin Bakıya ilk iki səfəri yaradıcılıq baxımından məhsuldar olmayıb və həmin dövrdə Azərbaycan mətbuatında Yeseninin bir şeiri belə dərc edilməyib.
Əsas səfəri zamanı-1925-ci ilin martında-İrana getmək, dahi Şərq şairlərinin-Hafizin, Xəyyamın, Sədinin, Firdovsinin qədim diyarını gəzmək arzusu Yesenini rahat buraxmırdı. Lakin Yesenini və onun yaradıcılığını çox sevən S.M.Kirov İran səfərinin şairin həyatı üçün təhlükəli ola biləcəyini düşünür və bu səbəbdən də onun İrana getməsini istəmir. Odur ki, P.İ.Çaqinə tapşırıq verir ki, burada–Bakıda Yesenin üçün “İran illüziyası” yaratsın. P.İ.Çaqinin bağ evi isə özünün bütün memarlıq üslubu və özünəməxsus gözəlliyi ilə bu ideyaya tam uyğun gəlirdi".
Yesenin Bakı səfərləri, bu səfərlər zamanı baş verən maraqlı hadisələr Azərbaycan MK-nın ikinci katibi Çaqin və onun qardaşı, şairin bir növ, Bakıdakı tərcüməçisinin xatirələrində yer alıb. Amma əsas mənbə  “Bakinskiy raboçi” qəzetidir. Şairin Bakıda yaşadığı  müddətdə qələmə aldığı 40-dan çox şeirinin ( o şeirlər “İran nəğmələri” adlanır) hamısı o qəzetdə çapdan çıxıb. Yeseninin özü mütəmadi olaraq “Bakinskiy raboçi” ilə əməkdaşlıq edirdi. 

Yesenin Bakıda tanımadığı qadına aşiq olur

Yesenin Bakıda olduğu zaman hər gün onun yaşadığı evə süd gətirən qadın bir gün yenə gəlir. İlk dəfə olaraq evdə yad kişini - Yesenini görən qadın tez çadralanıb süd qabını da orada unudub evdən çıxır. Həmin gündən bu qadının gözəlliyinə vurulan şair onu hər yerdə axtarır. Bir gün tərcüməçisinə “Mən o qadının adını bilmək istəyirəm” deyərkən tərcüməçi bunun onun üçün çox təhlükəli ola biləcəyini söyləyir. Lakin şair öz qəlbinə hakim ola bilməyib kəndin məhəllələrində toplaşan gənc oğlanlara yaxınlaşıb həmin qadının kim olduğunu öyrənməyə çalışır. Təbii ki, Bakı kəndlərində adət-ənənənin hökm sürdüyü bir dövrdə rus kişisinin azərbaycanlı qadınını soruşması ağlasığmaz idi. Gənclər ona “Sən bizim qonağımızsan və buna görə biz sənə heç nə demirik. Amma gələn dəfə bizə belə sualla müraciət etmə...” deyə cavab verirlər. Məsələnin nə yerdə olduğunu anlayan tərcüməçi onun fikrində düzəliş edərək, onları səhv anladıqlarını, sadəcə həmin qadının haradan süd gətirdiyini bilmək istədiklərini deyir. Həmin südün Şağan kəndindən gətirildiyini bilən şair sonralar silsilə şeirlərində “Şaqane tı moya, Şaqane” adlı şeir yazır. Həmin qadının süd gətirdiyi satıl hazırda şairin xatirə muzeyində saxlanılır.
Qabaqcadan öləcəyini bilirmiş...
Şair 1925-ci ilin mayında Bakıdan getməli olsa da, Bakını və bakılıları heç zaman unuda bilmir. Sanki qabaqcadan öləcəyini bilirmiş kimi son şeirlərini Moskvadan P.İ.Çaqinə göndərir və xahiş edir ki, onları ölümündən sonra “Bakinski raboçi” qəzetində çap etdirsin. Çaqin dostunun vəsiyyətinə əməl edərək, həmin şeirləri işıq üzünə çıxarır. Şeirləri qəzetdə verərkən P.İ.Çaqin belə bir qeyd edir:
“Bu şeirləri Yesenin Leninqrada getməzdən əvvəl klinikada yazıb. Son illər xeyli müddət Bakıda olan Sergey Yesenin bu şeirləri “Bakinski raboçi” qəzetində çap etməyi xahiş etmişdi”.
Qeyd edək ki, günü bu gün də Yeseninin ölümü haqqında müxtəlif versiyalar irəli sürülür. Kimi onun intihar etdiyini, kimi isə qətlə yetirildiyini əsaslandırır. Uzun müddət birmənalı şəkildə Yeseninin 1925-ci il dekabrın 27-dən 28-nə keçən gecə Leninqradın “Anqleter” otelində özünü asaraq intihar etdiyi deyilirdi. Lakin 1980-ci illərin sonunda Yeseninin ölümü ilə bağlı yeni, müəmmalı fikirlər ortaya çıxmağa başladı. Müxtəlif qəzet və jurnallarda Yeseninin ölümünün yeni versiyası – onun əvvəlcə qətlə yetirilməsi və sonradan asılması haqda çoxsaylı fikirlər ildırım sürəti ilə yayıldı.

“Əlvida Bakı” 

Yeseninin Bakıdan gedərkən yazdığı “Əlvida Bakı” şeiri yaradıcılığının zirvə nöqtələrindən birinə çevrilir. Həmin şeiri təqdim edirik:
Əlvida, ey Bakı, vəfalı şəhər!
Səni mən bir də görmədim bəlkə!
Qəlbim eşqinlə çırpınar, döyünər,
Ey mənə mehriban olan ölkə!

Əlvida, ey Bakı, günəşli şəhər!
Ey şüalandıran fikirlərimi!
Mənə ilham verən səmavi Xəzər -
Məni tərk eyləməz məzara kimi!

Əlvida, ey Bakı, gözəl mahnı!
Susuram, səndən ayrılarkən mən.
Bir qızıl gül tək əy qızıl başını,
“Əlvida! Əlvida!” deyək sən, mən...
Sergey Yeseninin Bakı səfəri haqda daha ətraflı aşağıdakı videoda tanışa ola bilərsiniz: